Ən son xəbərlər
ABŞ
Malikanə satılır
Nyu-Yorkda yerləşən “Sabrina” filmindəki Sabrina Feyrçaldın uşaqlığını keçirdiyi mülk satışa çıxarılıb. 11 milyon dollara satışa çıxarılan malikanə 1917-ci ildə tikilib. Sahəsi, təqribən, 870 kvadratmetr, yerləşdiyi torpaq sahəsinin ölçüsü isə 2,4 hektardır. Sonuncu dəfə əmlak 1999-cu ildə 6,4 milyon dollara satılıb. Üçmərtəbəli mülkün içərisində geniş foye, həyətə çıxışı olan iki qonaq otağı, mətbəx, ofis, idman və yoqa üçün otaq var.
Xəbəri “New York Post” verib.
Filippin
Ağ Evə səfər gözlənilir
ABŞ Prezidenti Cozef Bayden Filippin Prezidenti Ferdinand Markosu ABŞ-a səfərə dəvət edib. Bunu Filippinin xarici işlər naziri Enrike Manalo ABŞ Dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında açıqlayıb. O deyib: “Prezident Bayden Prezident Markosu ABŞ-a səfərə dəvət edib. Səfərin nə vaxt baş tutacağı hər iki prezidentin iş qrafikindən asılı olacaq. Ortaq tarix ilə bağlı razılıq əldə olunsa, bu səfərin baş tutmasına nail ola bilərik”.
Məlumatı “Reuters” yayıb.
Misir
Sara Sabri kosmosa səyahət edib
Misirli mühəndis Sara Sabri ABŞ-ın “Blue Origin” özəl kosmik missiyasının “New Shepard” zondu ilə kosmosa səyahət edib. Bildirilir ki, 29 yaşlı mühəndis daha 5 nəfərlə Yerin üzərində 106 kilometr məsafədə orbitdə olub. Xatırladaq ki, “Blue Origin” kosmik missiyası 2015-ci ildən həyata keçirilir və onun yaradıcısı amerikalı milyarder Ceff Bezosdur. Missiya çərçivəsində kosmosa 22 kommersiya səyahəti həyata keçirilib.
Xəbəri “Astronews” verib.
İtaliya
Baş nazirin bəyanatı
İtaliyanın yeraltı qaz anbarlarının doluluq nisbəti 70 faizi ötüb. Bu bəyanatla İtaliyanın Baş naziri Mario Draqi çıxış edib. O, ölkəsinin enerji təchizatı mənbələrini şaxələndirməkdə davam etdiyini bildirərək deyib: “Hazırda bizim qaz təchizatının sabitliyi və anbarların doluluq nisbəti digər Avropa ölkələrindən daha yaxşı vəziyyətdədir. Anbarlarımızın doluluq nisbəti 70 faizdən yuxarıdır”.
Xəbəri “Euronews” verib.
Böyük Britaniya
Yeni növ canlılar tapılıb
Alimlər Sakit okeanda elmə məlum olmayan yeni növ canlılar aşkarlayıblar. Yeni növ canlılar okeanın 5 kilometrədək dərinliklərində aşkar ediliblər.
Bu barədə Londondakı Təbiət Tarixi Muzeyinin açıqlamasında deyilir: “Bütün nümunələr dəniz bioloqlarının işini çətinləşdirən dəniz dağlarının olduğu Klarion-Klipperton Zonası kimi tanınan ərazidən götürülüb. Sakit okeanın dərinliklərində canlılar, elm adamlarının vurğuladığı kimi, ən qəribə formaları ala bilər, üstəlik, bir çox tədqiq edilməmiş növlər hələ də burada gizlənir. Buna görə də mütəxəssislər artıq yeni ekspedisiyalara hazırlaşırlar”.
Məlumatı “Nature” yayıb.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə