Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA-nın Naxçıvan Bölməsi ulu öndər Heydər Əliyevin yadigarıdır

AMEA Naxçıvan Bölməsi – 20

Şərqin ən qədim elm, mədəniyyət mərkəzlərindən olan, sivil dəyərləri mənimsəməsi ilə həmişə xüsusi seçilən Naxçıvan diyarı öz ziyalıları, tanınmış alimləri, mədəniyyət xadimləri ilə bəşər tarixində silinməz izlər qoymuş, mühüm elmi nailiyyətlər məkanı kimi tanınmışdır. Tarixin hansı dövrünə müraciət olunsa, orada bu diyarın alim övladlarının adlarına rast gəlmək mümkündür. Bu ənənə bu gün də davam etdirilir və naxçıvanlı alimlərin adları dünya elm salnaməsində layiqli yer tutur. Bu, eyni zamanda, xalqımızın intellektual potensialını, elmə, təhsilə bağlılığını, maariflənməyə kütləvi marağını aydın şəkildə əks etdirir.

Qüdrətli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə elmin inkişaf prosesinin paytaxtdan bölgələrə doğru axını yönündə önəmli addımlar atılmışdır. Hələ 1972-ci ilin 7 iyulun­da Azərbaycanın ali rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti Naxçıvan Regional Elm Mərkəzinin yaradılması barədə qərar qəbul etmişdir. O zaman Heydər Əliyev bu mərkəzin əsas fəaliyyət istiqamətlərini belə müəyyənləşdirmişdi: bölgənin təbii xammal ehtiyatlarının kompleks şəkildə öyrənilməsi və səmərəli istifadə olunmasının elmi əsaslarının işlənib hazırlanması; muxtar respublikanın sosial-iqtisadi inkişafını, tarixini, ar­xeoloji, epiqrafik, etnoqrafik və folklor abidələrinin öyrənilməsi.

Ulu öndər Heydər Əliyevin bölgələrin elmi sahədə inkişafı barədə siyasətinə uyğun olaraq, Naxçıvanda kompleks zona təcrübə stansiyası, elmi-tədqiqat baytarlıq stansiyası, “Araz” Elm-İstehsalat Birliyi yaradılmış, bunun­la da muxtar respublikada iqtisadiyyat, baytarlıq, kənd təsərrüfatı sahələrində böyük irəliləyişlər əldə olunmuşdur. Bu qayğının davamı olaraq Şamaxı Astro­fizika Rəsədxanasının Batabat bölməsi də fəaliyyətə başlamışdır. 1991–1993-cü illərdə Naxçıvan Ali Məclisinin Sədri kimi fəaliyyətində Heydər Əliyev elmi sahəyə qayğısını davam etdirmiş, bu sahədə əldə edilən nailiyyətlərin da­vamlılığına zəmin yaratmışdır.

1996-cı ildə Naxçıvanda təşkil olunmuş “Uluslararası qaynaqlarda Naxçıvan” mövzusunda beynəlxalq simpozium bölgədə elmin yeni inkişafı­na təkan vermişdir. Məhz bu tədbirdən və ölkə Prezidenti tərəfindən vəzifələrin müəyyənləşdirilməsindən sonra Naxçı­vanda elmin inkişafının yeni mərhələsi başlamışdır.

Prezident Heydər Əliyev 2002-ci il avqustun 7-də “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında” sərəncam im­zaladı. Ümummilli liderimiz bu qərarını muxtar respublikada elmi-tədqiqat qu­rumlarının fəaliyyətinin gücləndirilməsi, mövcud elmi potensialdan istifadə olunmasının səmərəliliyinin artırılması, Naxçıvanın tarixi, arxeologiyası, etnoq­rafiyası və təbii sərvətlərinin öyrənilməsi üçün daha əlverişli şəraitin yaradılması ilə əlaqələndirirdi.

Sərəncama əsasən, Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin tərkibində 6 elmi-tədqiqat müəssisəsi təşkil olunmuşdur. Bu sərəncamdan bir neçə gün sonra – avqustun 12-də Prezident Heydər Əliyev Naxçıvana səfəri çərçivəsində muxtar respubli­ka Ali Məclisində MEA-nın Naxçıvan Bölməsinin yaradılmasına həsr olun­muş geniş müşavirədə bildirmişdi: “Bu qərarı qəbul edəndən sonra özüm buraya gəlmişəm. İstəyirəm ki, bu qərarın həyata keçirilməsinin təşkilatı işində, onun başlanğıcında özüm iştirak edim və fikirlərimi bildirim. Çünki bəzən mən çox vacib sərəncamlar verirəm, ancaq, təəssüflər olsun ki, icraçılar o sərəncamın ruhunun səviyyəsinə qalxa bilmirlər. Onun hərfi mənasını da düz­gün anlaya bilmirlər”.

Həmin müşavirədə Heydər Əliyev bölmənin qarşıdakı illərdə göstərməli olduğu fəaliyyətinin istiqamətlərini çox düzgün müəyyənləşdirdi. Prezident hər bir alimin, mütəxəssisin öncə vətəndaş olduğunu və vətənin tari­xi keçmişini obyektiv tədqiq edərək öyrənməsini, ölkənin müasir elmi səviyyəsini, potensialını artırmaq üçün fədakarlıq göstərməsini vacib öhdəlik kimi səciyyələndirmişdi: “Əgər bizim millətimizin keçmişini, tarixi­ni, mədəniyyətini, onun mənbəyini bizim alimlərimiz, ziyalılarımız tədqiq etməsələr, xalqımıza, dünyaya göstərməsələr, sübut etməsələr bəs bunu kim edəcəkdir? Bax, bütün bu səbəbdən mən Naxçıvan Muxtar Res­publikasında Elmlər Akademiyasının bölməsinin yaradılması haqqında qərar qəbul etmişəm”.

Azərbaycan Milli Elmlər Akademi­yasının Rəyasət Heyəti 2002-ci il 26 avqust və 25 dekabr tarixli qərarları ilə Naxçıvan Bölməsinin tərkibinə Naxçı­van Muxtar Respublikası ərazisində fəaliyyət göstərmiş Naxçıvan Regi­onal Elmi Mərkəzi, Naxçıvan Elmi-Tədqiqat Bazası, Şamaxı Astrofizika Rəsədxanasının Batabat və Ağdərə stansiyaları daxil edilmişdir.

2003-cü il yanvarın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Bölməsinin yaradılması və fəaliyyətə başlaması ilə əlaqədar geniş müşavirə keçirilmiş, vəzifələr müəyyənləşdirilmiş, tapşırıqlar verilmiş­dir. İlk növbədə, Naxçıvan bölməsinin Əsasnaməsi hazırlanmış və həmin əsasnamə Ali Məclisin Sədri və MEA-nın Prezidenti tərəfindən təsdiq edilmiş­dir. Bölmənin fəaliyyəti üçün təşkilati işlər görülmüş, elmi-tədqiqat işlərinin elmi istiqamətləri müəyyənləşdirilmişdir.

Bölmə üçün bina ayrılmış, təmir və yenidənqurmadan sonra 2003-cü il av­qustun 23-də onun açılışı baş tutmuş­dur. 2004-cü ildə ikinci bina, 2005-ci ildə isə üçüncü bina əməkdaşların ixtiyarına verilmişdir. Qürurverici haldır ki, ikinci binanın istifadəyə verilməsi tədbirində Prezident İlham Əliyev iştirak etmişdir.

Elmin inkişafı həm də yüksəkixtisaslı elmi kadrların səviyyəsindən, onların elmi fəaliyyətindən asılıdır. 2003-cü ilin yanvarında 139 əməkdaşla, o cümlədən 51 elmi işçi ilə fəaliyyətə başlayan MEA-nın Naxçıvan bölməsinin kadr potensialının artırıl­ması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. MEA-nın müxtəlif elmi-tədqiqat müəssisələrinə, ali təhsil müəssisələrinin doktoranturalarına gənc kadrlar göndərilmiş, magistr təhsilli gənclər işə dəvət edilmişdir. Kadr po­tensialı, elmi dərəcəli əməkdaşları art­dıqdan sonra bölməyə doktorantura və dissertantura yolu ilə kadr hazırlamaq səlahiyyəti verilmişdir. Hazırda bölmədə 9 nəfər doktorant, 30 nəfər dissertant elmi fəaliyyətlərini davam etdirirlər.

2006-cı ildən bu günə kimi bölmədə 3 Dissertasiya Şurasında Vətən tarixi, Arxeologiya, Müəssisələrin təşkili və idarə olunması, Botanika, Fiziki-kimya və Qeyri-üzvi kimya ixtisasları üzrə 15 nəfər elmlər doktoru, 95 nəfər isə fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir. Hazırda Naxçıvan Bölməsində 247 əməkdaş çalışır ki, bunun da 92 nəfəri elmi işçidir. Elmi işçilərdən 2-si AMEA-nın həqiqi üzvü, 4-ü müxbir üzvü, 5-i elmlər doktoru, 51-i fəlsəfə doktorudur. Bu ilin 6 ayında 3 nəfər elmlər doktoru, 1 nəfər fəlsəfə doktoru dissertasiyası müdafiə etmişlər. Elmi dərəcəlilər elmi potensialın 68,5 faizini təşkil edir. Elmi əməkdaşlardan 47 nəfərinin elmi adı – professor və dosent adı vardır. Azərbaycan Milli Elmlər Akademiyasına 2003, 2007, 2014 və 2017-ci illərdə keçirilən seçkilərdə Nax­çıvan bölməsindən 3-ü akademik, 13-ü isə müxbir üzv seçilmişdir.

Naxçıvan bölməsi fəaliyyəti dövründə onlarla ümumiləşdirici və çoxcildli əsərlər çap etdirmişdir. İki cilddə “Naxçıvan ensiklopediyası”, iki cilddə “Naxçıvan abidələri” ensiklope­diyası, “Naxçıvan tarixi atlası”, 3 cilddə “Naxçıvan tarixi”, “Naxçıvan teatrının salnaməsi”, 3 cilddə “Naxçıvan folkloru antologiyası”, “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlası”, “Naxçıvan Muxtar Respublika­sının təbii sərvətləri: hazırki vəziyyəti və perspektivləri”, 2 cilddə “Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitabı”, “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, 2 cilddə “Naxçıvan coğrafiyası”, görkəmli şəxsiyyətlərin taleyi və sənətindən bəhs edən 15 kitab və başqaları. Həmçinin bölmənin fəaliyyəti dövründə əməkdaşların 10846 əsəri, o cümlədən 230 monoqrafiyası, 221 kitabı nəşr olunmuşdur. Əsərlərdən 30 monoq­rafiya, 19 kitab və 2176 elmi məqalə, bütövlükdə 2309-u xarici ölkələrdə çapdan çıxmışdır. Elmi məqalələrdən 358-i “Web of Science”, “Scopus” və digər elmi bazalara daxil olan impakt faktorlu jurnallarda çap edilmişdir. Əməkdaşların əsərlərinə 1690 istinad qeydə alınmışdır.

Bölmə əməkdaşları 37 patent almış, 4-ü beynəlxalq olmaqla 23 qrand layihəsində qalib olmuşlar. Əməkdaşlar ixtiraçılıq sahəsində nailiyyətlərinə görə III, IV və V respublika müsabiqələrində təqdim etdikləri əsərlərə görə qalib olmuş, diploma layiq görülmüşdür. Ötən dövr ərzində bölmənin iki seriyada nəşr olunan “Elmi əsərlər” jurnalının 70 nömrəsi, “Axtarışlar” jurnalının isə 43 nömrəsi işıq üzü görmüşdür. Bölmə əməkdaşlarının məqalələri əsasında “İrs”, “Naxçıvan”, “Yol”, “Folklor və Ədəbiyyat”, “Qafqaz”, “Elm və həyat” jurnallarının xüsusi nömrələri Naxçıva­na həsr edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müxtəlif illərdə imzaladığı sərəncamlardan irəli gələn vəzifələrə uyğun olaraq Naxçıvanda milli dəyərlər sisteminin qorunması və inkişafı sahəsində də kompleks tədbirlər görülərək tədqiqatlar aparıl­mış, nəticədə əsərlər hazırlanıb nəşr edilmişdir.

Azərbaycan Milli Elmlər Akademi­yasının Naxçıvan Bölməsinin həyatında mühüm hadisələrdən biri 2008-ci ildə aparılmış elmi-tədqiqat işlərinin yekununun Naxçıvanda Akademiyanın Rəyasət Heyətinin iştirakı ilə keçirilməsi olmuşdur. Tədbirdə Ali Məclisin Sədri Vasif Talıbovun iştirakı və bölmənin qar­şısında duran vəzifələrdən bəhs etməsi həmin tədbirin əhəmiyyətini artırmışdır. Sədr ötən illər ərzində aparılan elmi-tədqiqat işlərinin nəticələrindən razı qaldığını bildirmişdir.

Naxçıvan Bölməsində icra edilən elmi-tədqiqat işlərinin 191 mühüm nəticəsi AMEA-nın illik hesabatlarına daxil edilmişdir. Ali Məclis Sədrinin tap­şırıq və tövsiyələri ilə elmdən istehsala prinsipi əsasında fəaliyyət göstərərək tədqiqatlar aparan bölmə əməkdaşları bir çox məhsulların hazırlanmasına nail olmuşdur. 16 adda bitki qarışıqlarından dərman paketlərinin hazırlanması və satışı həyata keçirilir.

Naxçıvan Bölməsinin fəaliyyəti dövründə müxtəlif elm və tədris müəssisələrinin iştirakı ilə muxtar respublika və respublika səviyyəli elmi konfranslar, 18 beynəlxalq səviyyəli simpozium və konfranslar keçirilmiş, konfransların materialları toplu halında çap edilmişdir. Bölmə əməkdaşları 20 il ərzində dünyanın 60-a qədər şəhərində keçirilən 569 beynəlxalq simpozium və konfranslarda çıxış etmişlər. AMEA Naxçıvan Bölməsi fəaliyyəti dövründə 20-dən çox elm və təhsil mərkəzləri, o cümlədən ABŞ, Fransa, Türkiyə, Polşa, Rusiya, İran, Gürcüstan, Qazaxıstan və başqa ölkələrin elm və təhsil mərkəzləri ilə sıx elmi əlaqələr qurmuş, rəsmi iş birliyi protokolu imzalamış və bu iş davam etdirilir.

Sevindirici haldır ki, ümummilli lide­rimiz Heydər Əliyevin ideyaları və Prezi­dent İlham Əliyevin MEA-nın Naxçıvan Bölməsinin bütün problemlərinin həll edilməsi barədə tapşırıqları Naxçıvan rəhbərliyi tərəfindən yüksək səviyyədə həyata keçirilir. Fəaliyyətimizdə hansısa problem yaranarsa bu, qısa müddətdə şəxsən Milli Məclisin Sədri Vasif Talı­bovun müdaxiləsi ilə öz həllini tapır. Bu diqqət, qayğı bir daha geniş yönümlü fəaliyyətə keçməyə təkan vermişdir.

Zamanın çağırışlarına uyğun olaraq Azərbaycan dövləti də elm və təhsilin inkişafına mühüm prioritetlərdən biri kimi yanaşır. Ölkəmizdə son illərdə elm sahəsində müəyyən problemlər yarandığından Milli Elmlər Akademi­yasında struktur islahatlarının aparıl­ması vacib idi. Buna müvafiq olaraq dövlət başçısı 2022-ci il iyulun 28-də “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərman imzaladı. Fərmanda nəzərdə tutulan struktur islahatları AMEA-nın elm və istehsalat qurum­larının işinin tənzimlənməsinə xidmət edəcək, elmi fəaliyyət sahəsində əlaqələndirmə, koordinasiya və qiymətləndirmənin gerçəkləşdirilməsinə nail olunacaq, struktur və idarəetmə baxımından əsaslı təkmilləşdirmə işləri aparılacaq.

Bu islahatlar əsasında AMEA Naxçı­van Bölməsi qarşıya qoyulan vəzifələrin bundan sonra da yüksək səviyyədə yerinə yetirilməsinə, mövcud elmi potensialdan səmərəli istifadə etməklə elmi-tədqiqat işlərinin müasir tələblərə cavab verə biləcək səviyyədə aparılma­sına çalışacaqdır.

İsmayıl HACIYEV,

AMEA Naxçıvan Bölməsinin sədri,

akademik

7 Avqust 2022 00:00 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə