Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ərdoğan – Putin görüşü nələr vəd edir?

Türkiyə Cümhuriyyəti və Rusiya Federasiyasının prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin avqustun 5-də Soçidə görüşərək cari və prinsipial əhəmiyyət daşıyan məsələlərlə bağlı işgüzar danışıqlar aparıblar. Görüş 4 saatdan çox davam edib. Ərdoğan Moskvanın Suriyada neytrallığına nail olmağa, həmçinin Qara dəniz vasitəsi ilə Avropaya taxıl ixracına zəmanət verməsinə çalışıb və buna nail olub. Türkiyə tərəfinin təşəbbüsü ilə Liviya məsələsi də müzakirə edilib. Türkiyə rəhbəri son dərəcədə maraqlıdır ki, rus muzdluları orada sülh prosesi üzrə nəzərdə tutulan danışıqları pozmasınlar.

Hər bir halda, məlumatlar Türkiyənin doğru xarici siyasət yürütdüyünə bir daha əminlik yaradır. Bu ölkə Qərblə Rusiya arasında əsas kommunikasiya kanalına çevrilir və bu, hər üç tərəfə (Qərb, Rusiya, Türkiyə) dividend gətirir. Görünən budur ki, Türkiyə Rusiyaya ixracını kəskin artırır, bazardan gedən Qərb şirkətlərini əvəz edir, həm də Qərbin Rusiyaya satmaq, Rusiya­dan almaq istədiyi məhsulların əsas ötürücü kanalı funksiyasını yerinə yetirir. Beləliklə, iki ölkə arasında ticarət dövriyyəsinin yaxın zamanda 100 milyard dollara çatdırılması hədəflənib (bu rəqəm 2021-ci ildə 33 milyard dollar olub), bu isə o deməkdir ki, Rusiyanın taleyində Türkiyənin rolu xeyli artacaq.

Bütün bu məsələlərdə Rusiya Prezidenti xeyli sözəbaxan və güzəştli davranıb. Hətta qeyd edib ki, “Türk axını” qüsursuz və dəqiq işləyir, buna görə avropalı partnyorları Türkiyəyə münnətdar olmalıdırlar”. Vladimir Putinin sözlərinə görə, bu qaz kəməri yanacağın Cənubi Avropaya hansısa bir müşkül və məhdudiyyət olmadan ötürüldüyü yeganə marşrut olaraq qalıb. Əlbəttə, Türkiyənin Avropada mövqelərinin gücləndirilməsinə bu cür dəyər verilməsi Ərdoğan hakimiyyətinin aşkar uğuru sayılmalıdır.

Adətən, hər hansı bir fürsətdən bazarlıq etmək üçün məharətlə istifadə edən V.Putinin belə bir üzüyolalığı siyasi təhlillərdə maraqlı cəhət kimi dəyərləndirilib. Bu, özünü türk lideri Rusiya ilə tərəfdaşlığın tərkib hissəsi olan iqtisadi əlaqələrdən danışmağa başlayanda xüsusilə göstərib. Ərdoğan Rusiya ilə iqtisadi əməkdaşlığı və qarşılıqlı ticarətin həcmini sürətlə genişləndirməyə razılıq verib ki, elə bu da Putinin ondan eşitmək istədiyi əsas məsələ olub. Əlbəttə, Rusiya üçün bir az Qazaxıstan, Çin, Hindistan, bəzi ərəb və Afrika dövlətləri də var, amma onlarla münasibətlər yetərincə qeyri-müəyyəndir. Buna görə də məhz Türkiyə paralel idxal-ixrac axınını qay­daya salmağın mümkün olduğu yeganə və daha etibarlı bir qapıdır.

Kimdənsə mal alıb sonra öz məhsulu kimi satmaq ticarətdə rast gəlinən işlək bir sxemdir. Əlbəttə, belə edəcəkləri zaman türklər, çətin ki, həmin malları bazar qiymətinə alsınlar, bu, onlara, sadəcə, sərf etməz. Amma bu, Rusiyanı elə də narahat eləmir, çünki, son zamanlara qədər ruslar nefti Çin və Hindistana çox ucuz satırdılar. Həmin ölkələrin kəmərləri rus nefti ilə həddindən artıq yüklənməsəydi, yenə də eyni qaydada satacaqdılar. Bəzi məlumatlara görə, Rusiya Ərdoğan hökumətinə səslənib ki, Türkiyədəki neft emalı zavodlarına, neft terminallarına və çənlərinə aid səhmlərin bir qismini almağa icazə versin. Beləliklə, Rusi­yanın ümidi var ki, bununla da gələn il Avropa İttifaqının neft embarqosu tam qüvvəyə mindiyi zaman özünün neft satışının mənbələrini gizlədə bilsin.

Məsələnin ikinci aspekti də az önəmli deyil. Türkiyə Rusiyanı əvvəllər Moskvanın dünyanın hər yerindən ala bildiyi məhsullarla təmin edəcək. Bu baxımdan Türkiyə tezliklə Rusiyaya çox verib-az alan bir kreditor da ola bilər. Bu problemsə milli valyuta ilə alver baxımından qismən həllini tapa bilər. Soçidə belə bir razılığa gəlinib, amma yalnız qaz, o da qismən rublla alına­caq. Moskva hələlik bu barədə narahat deyil və hər şeyin tədricən qaydaya düşəcəyinə ümid bəsləyir. Ruslar düşünürlər ki, perspektivdə Ankara, necə deyərlər, onlara xətir özünün “xila­sedicilik” missiyasını genişləndirə bilər.

Soçidə, həmçinin Rusiya tərəfindən Türkiyəyə təklif edilib ki, bu ölkənin bir neçə dövlət bankı bəzi iri rus bankları üçün müxbir hesabları açsın. Eləcə də rus sənaye istehsalçılarına Türkiyənin azad iqtisadi zonaların hüdudlarında işləməyə icazə verilsin. Rəsmi Ankara hələlik bu barədə nə “hə”, nə də “yox” deyib. Çünki hazırda həmin təkliflərin faydaları və Qərbin sanksiyaları kontekstində bununla bağlı mümkün risklər səylə saf-çürük edilir. Son qərarın nə olacağını zaman göstərəcək, amma Rusiyanın bunu fəal surətdə xahiş etməsi faktı artıq Türkiyənin üstün mövqeyini müəyyənləşdirir.

Rusiya və Türkiyə Prezidentləri arasında görüşün yekunlarına dair birgə bəyanatda liderlər regional və qlobal təhdidlərə baxmayaraq, Rusiya-Türkiyə münasibətlərini inkişaf etdirmək niyyətində olduqlarını bildiriblər. Tərəflər qarşılıqlı ticarətin həcmini artırmaq, nəqliyyat, kənd təsərrüfatı, sənaye, turizm və tikinti sektorlarında qarşılıqlı fəaliyyəti genişləndirmək üçün addımlar atmağı qərara alıblar. Rusiya və Türkiyə Prezidentlərinin bəyanatında qeyd olunub ki, tərəflər Suriya və Liviyanın ərazi bütövlüyü və siyasi birliyinin qoru­nub saxlanmasına tərəfdardırlar, terror təşkilatlarına qarşı birgə mübarizəni əlaqələndirmək əzmindədirlər. Dövlət başçıları yüksək səviyyəli əməkdaşlıq şurasının növbəti iclasını Türkiyədə keçirmək barədə razılığa gəliblər.

Birgə bəyanatda Qarabağın adının çəkilməməsi təəccüblü deyil. Onsuz da məlumdur ki, Rusiyanın Türkiyədən istədiklərinin müqabilində Qarabağla bağlı məsələ də şərt kimi onun qarşı­sına qoyulmamış deyil. Bildiyimiz kimi, Rusiya ilə Türkiyə Suriyada, Liviyada birbaşa, Qafqazda isə dolayısı ilə üz-üzə dayanan dövlətlərdir və toqquşan maraqları çoxdur. Həmin maraqların uzlaşdırılması isə heç də önəmsiz məsələ deyil. Putin də yaxşı bilir ki, köməyinə ehtiyac duyduğu Türkiyə ilə Azərbaycan beynəlxalq diplomatiya­da, xarici siyasətdə sinxron davranır və bir-birini tamamlayırlar. Deməli, Ermənistanın cığal davranışları, Brüssel və Moskva üçtərəfli danışıqlarına “xəyanəti”, həmçinin Qarabağdan qa­nunsuz erməni silahlılarının çıxarılması, Zəngəzur dəhlizinin açılmasına qarşı olan maneələrin aradan qaldırılması kimi məsələlərə görüş zamanı toxunul­maya bilməzdi.

Yekun olaraq deyək ki, Rusiya hakimiyyətinin bank, enerji və sənaye sektorlarında sanksiyaların ona öldü­rücü zərbə vurmaması, Qərb bazar­larına çıxışının tam əngəllənməməsi üçün Türkiyəyə müraciət etməsi rəsmi Ankaranın siyasi qələbəsi kimi qəbul olunmalıdır.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”

7 Avqust 2022 00:08 - SİYASƏT
SİYASƏT
12 Avqust 2022 | 01:38
Lider uzaqgörənliyi

Köhnə versiyamızdan xəbərləri izlə