Ən son xəbərlər
Kiprin e-CNHC konsaltinq şirkətinin baş direktoru Çarlz Ellinas bildirib ki, Cənub Qaz Dəhlizinin genişlənməsi Avropa İttifaqının (Aİ) şaxələndirmə üzrə hədəfinə çatması üçün mühüm töhfə olacaq.
Çarlz Ellinas qeyd edib ki, Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsindəki anlaşma memorandumu vaxtında imzalanmış sənəddir: “Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin və enerji məsələləri üzrə komissarı Kadri Simsonun Bakıya səfəri Aİ-nin Azərbaycandan tədarükün artmasına verdiyi önəmi vurğulayır.
Azərbaycandan Avropaya qaz tədarükünü ötənilki 8 milyard kubmetrdən 12 milyard kubmetrədək artırmaq olar. İmzalanmış memorandum bu həcmləri 2027-ci ilədək iki dəfə artırmağa imkan verir. Bu, Aİ-nin tədarük mənbələrini şaxələndirmək və Rusiya qazından imtina prosesində mühüm töhfə olacaq”.
Ekspert qeyd edib ki, Azərbaycan indiyədək Aİ-nin etibarlı enerji tərəfdaşıdır və bundan sonra da olmaqda davam edəcək.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen iyulun 18-də “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanmışdır.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə