Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Liderlik məharəti

Azərbaycan Prezidenti böyük uğurla tariximizin yeni səhifələrini yazır

 

Qarabağ münaqişəsinin həll edilməsi Prezident kimi mənim üçün başlıca vəzifə idi. Vəzifəyə seçildiyim ilk gündən bu günə qədər bu məsələnin həlli və postmünaqişə dövrünün Azərbaycanın xeyrinə inkişaf etməsi mənim üçün başlıca vəzifədir və bütün güclər səfərbər edilmişdir... Mən deyirdim ki, biz hər birimiz hər gün bu müqəddəs günü yaxınlaşdırmalıyıq, öz əməyimizlə, işimizlə, hərə öz yerində. Torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Şuşa, 22 aprel 2022-ci il

 

Aqillərdən biri deyib ki, adi siyasətçilərlə liderləri fərqləndirən cəhətlər kifayət qədər çoxdur. Amma liderlərin öz sözünə, vədinə sadiqliyi, qarşıya qoyduğu məqsədə nail olmaq üçün atdığı bütün addımlarda nümayiş etdirdiyi qətiyyəti, tərəf-müqabilləri ilə təmaslardakı səmimiyyəti kifayətdir ki, xalq onu öz lideri kimi qəbul etsin. Prezident İlham Əliyevdə bu keyfiyyətlərin hamısı, həm də yüksək səviyyədə olduğuna görə nəinki ölkə əhalisi, hətta bütün soydaşlarımız onu şəriksiz lideri kimi qəbul edir.

Yadımdadır. 2003-cü il oktyabrın 1-də prezidentliyə namizəd, Baş nazir İlham Əliyev Biləsuvar rayonunda qaçqın və məcburi köçkünlər üçün yeni inşa edilmiş qəsəbənin təntənəli açılış mərasiminə getmişdi. Həmin tədbirdə biz – mətbuat təmsilçiləri də iştirak edirdik. Yol boyu yerləşən kəndlərin sakinləri Baş naziri səmimiyyətlə salamlayırdılar. O, bir neçə yerdə dayanaraq, sakinlərlə görüşdü, səmimi qarşılanmaya görə minnətdarlığını bildirdi.

Baş nazir qaçqın və məcburi köçkünlərlə görüşdə dedi ki, bizim ilk vəzifəmiz ölkədəki bütün çadır şəhərciklərini ləğv etmək, öz yurd-yuvasından didərgin düşmüş soydaş­larımıza normal şərait yaratmaqdır. Sonra isə biz onların öz ata-baba yurdlarına qayta­rılmasını təmin edəcəyik.

O da yadımdadır ki, həmin görüşün ertəsi günü müxalifət mətbuatı yazdı ki, İlham Əliyev qaçqın-köçkünlər üşün yeni şəhərciklər sala bilər, ancaq onların öz ata-baba yurdlarına qaytarılması ağ yalandan ibarət boş vəddir. Mövcudluğu dövründə daim xalqa boş vədlər verdiyinə görə gözdən düşərək hakimiyyətdən qovul­muşlardan bundan yaxşı fikir gözləmək olmazdı.

İndi həmin adamlara Prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla bilavasitə işğaldan azad edil­miş tarixi məkanımızda imzaladığı Şuşa Bəyannaməsini, Füzuli Beynəlxalq Hava Limanına enən təyyarələri, Suqovuşan­da keçirilən idman yarışlarını, Zəngilan sakinlərini Ağalı kəndinə qaytaran avrobus karvanlarını, bir əsgərimizin öldürülməsinə görə düşmənin başına od ələyən “Qisas” əməliyyatını... xatırlatmaq istərdim.

Bu arqumentlərə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına, AŞPA Nazirlər Komitəsinə, Qoşulmama Hərəkatına, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyini, kosmik ailənin üzvü olmasını, beynəlxalq aləmin əsas aktorlarından birinə çevrilməsini də əlavə etmək olardı.

Azərbaycan Ordusunun son günlər erməni həyasızlığına məhz haylara veriləcək cavabı sərgiləməsi də Prezident İlham Əliyevin liderlik məharətinin göstəricilərindən biri idi. Dövlət başçımız dəfələrlə və qətiyyətlə demişdir ki, Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları öz missiyasını Bakı ilə Moskva arasındakı dostluq və müttəfiqlik münasibətlərinin tələb etdiyi səviyyədə yerinə yetirmir. Onlar öz missiyalarını yerinə yetirmədiyinə görə ermənilər daha da quduzlaşdılar və nəticədə “dəmir yumruq” yenidən işə salındı.

Bu fakt təkcə Ermənistanı silkələmədi. Bu əməliyyat Azərbaycanın dostu və müttəfiqi, Ermənistanın isə himayədarı olan Moskvada da böyük əks-səda verdi. Rusiya Prezidenti Vladimir Putin həmin aktın ertəsi günü Təhlükəsizlik Şurası­nın üzvləri ilə operativ müşavirə keçirdi. “Kommersant”ın verdiyi məlumata görə, həmin tədbirdə “Ermənistan –Azərbaycan münaqişəsinin kəskinləşməsi ilə bağ­lı vəziyyət müzakirə edilib. Üçtərəfli müqavilənin bütün müddəalarının yerinə yetirilməsinin təkidli zəruriliyi vurğulanıb”.

Elə keçmiş Minsk qrupunun həmsədri olmuş , Ermənistanın daimi himayədarı kimi ad çıxaran Fransadan da “Qisas”la bağlı səslər gəldi. Məlumat verildi ki, avqustun 4-də Fransa Prezidenti Emma­nuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Emmanuel Makron son günlərdə regionda yaranmış gərginlikdən narahatlığını ifadə edərək, Ermənistan ilə Azərbaycan arasında danışıqların davam etdirilməsinin və 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın müddəalarının həyata keçirilməsinin vacibliyini qeyd edib. O, Fransanın iki ölkə arasında dialoqun davam etdirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.

Prezident İlham Əliyev isə Ermənistan tərəfindən növbəti hərbi təxribatın törədildiyini və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində baş vermiş bu təxribat nəticəsində hərbi qulluqçumuzun həlak olduğunu vurğulayıb. Dövlətimizin başçısı Azərbaycan Silahlı Qüvvələrinin bu təxribatın qarşısını aldığını, lazımi cavab tədbirləri gördüyünü deyib və baş vermiş gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, Üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşma nəticəsində Laçın dəhlizinə alternativ yeni yolun marşrutu müəyyən edilib və Azərbaycan tərəfindən bu yolun inşası başa çatdırılmaq üzrədir. Fikrimizcə, erməni həyasızlığına tutarlı cavab verilməsi onların havadarlarına da ismarıcdır. Azərbaycan ona qarşı atılan istənilən təxribatçı addıma adekvat cavab verəcəkdir. Bunu isə hansısa bir siyasətçi deyil, məhz liderlər deyə bilərdi və İlham Əliyev dedi.

İlham Əliyev sübut etdi ki, Azərbaycanın haqq işini başa çatdırmaq üşün ordu quruculuğu sürətlə aparıl­mışdır. Məhz qaçqın-köçkünlərin öz yurd-yuvalarına qaytarılmasını təmin etmək üçün Azərbaycan müasir orduya malik olmuşdur. Buna görə gənc nəsil vətənpərvərlik, düşmənə nifrət, Vətənə sədaqət ruhunda tərbiyə olunmuş, iqtisadi islahatlar aparılmışdır. Dövlət başçımız xatırladır: “Bizim bütün işlərimizin, apar­dığımız siyasətin, atdığımız addımların fövqündə bu müqəddəs günü yaxınlaş­dırmaq və bu günü görmək amalı durur­du. Biz buna öz gücümüzlə nail olduq. Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü or­taya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi və bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və heç vaxt bu xalq, Azərbaycan xalqı işğalla barışmaq fikrində deyildi”.

İlham Əliyevin müdrik və qətiyyətli lider olduğunu onun 2018-ci il aprelin 11-də prezident seçkilərindən sonra bəyan etdiyi və icrasına başladığı genişmiqyas­lı və hərtərəfli islahatlar kursu da sübut etmişdir. O, sözün həqiqi mənasında, hər siyasətçinin başlaya bilməyəcəyi islahat­lara start vermiş və mükəmməl nəticələrə nail olmuşdur.

Ekspertlər yazırlar ki, Prezident İlham Əliyevin siyasi fəaliyyətində təkcə Azərbaycan xalqının və dövlətimizin deyil, ümumiyyətlə, bütün ölkələrin və xalqların mənafeləri qorunur. Məhz onun təşəbbüsü ilə 2020-ci ilin aprelində Türk­dilli Dövlətlərin Əməkdaşlıq Şurasının, mayında isə Qoşulmama Hərəkatına üzv dövlətlərin təmas qrupunun videoformatda keçirilən Zirvə görüşləri milli, regional və qlobal səviyyələrdə pandemiyaya qarşı səylərin birləşdirilməsi, bu sahədə təcrübə mübadiləsi məsələlərini özündə ehtiva edib.

Yadımdadır, sonuncu tədbirdə dövlətimizin rəhbəri COVID-19 pande­miyasına qarşı beynəlxalq səviyyədə səylərin birləşdirilməsi və gücləndirilməsi mənafeyinə xidmət edən nadir təşəbbüslə – BMT Baş Assambleyası xüsusi sessi­yasının çağırılması təklifi ilə çıxış etmiş­di. Bir neçə aydan sonra Prezidentin bu təşəbbüsü Nyu-Yorkda Qoşulmama Hərəkatının Koordinasiya Bürosunda müzakirə olunmuş, yekdilliklə dəstəklənmiş və Qoşulmama Hərəkatının adından BMT Baş katibinə müraciətin qəbul edilməsi qərara alınmışdı. Bunun ardınca Prezident İlham Əliyev mayın 13-də Qoşulmama Hərəkatının sədri olaraq BMT-nin Baş katibinə müraciət etmiş, həmin müraciət əsasında BMT Baş katibi təşkilatın Nizamnaməsinin 20-ci maddəsindən çıxış edərək, mayın 28-də BMT Baş Məclisinin xüsusi sessiyanın çağırılması məqsədilə üzv dövlətlərə müraciət etmişdi.

Ermənistanı demirəm – onlar hələ dövlət kimi formalaşa bilməyiblər – hansı dövlətin başçısı bu səviyyədə humanistlik nümayiş etdirərək, bəşəri problemin qarşı­sının birlikdə alınmasına cəhd etmişdir?

Bütün azərbaycanlıların haqlı olaraq fəxr etdiyi Prezident İlham Əliyevin işləyib hazırladığı dayanıqlı inkişaf siyasətinin təntənəsi təkcə Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində deyil, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır. Tarixçilər yazırlar ki, Prezident İlham Əliyev 2020-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsindəki çıxışında ən mötəbər kürsüdən beynəlxalq ictimaiyyətə xəbərdarlıq etmişdi ki, “Ermənistan rəhbərliyinin düşmən, azərbaycanofob bəyanatları və təxribatları Ermənistanın Azərbaycana qarşı yeni hərbi təcavüzə hazırlaşdığını nümayiş etdirir”.

Həmin xəbərdarlıqdan cəmi üç gün sonra Ermənistan rəhbərliyi “sübut etdi” ki, Azərbaycan Prezidenti həmin nara­hatlığa görə haqlıdır. Belə ki, sentyabrın 27-də Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başladı. Nəticədə hərbi qulluqçularla yanaşı, 11 dinc sakin, o cümlədən, 2 uşaq həlak oldu. Buna cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində bütün cəbhəboyu Ermənistana qarşı əks-hücuma keçdi. Nəticə göz qabağındadır. Bu nəticəni 50 milyonluq xalqın liderınin rəhbərliyi ilə qazanmışıq.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

6 Avqust 2022 01:36 - SİYASƏT
SİYASƏT
10 Avqust 2022 | 07:00
Heç kəs yaddan çıxmır

Köhnə versiyamızdan xəbərləri izlə