Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan güclü dövlət olduğunu təsdiqləyir

Prezident İlham Əliyevin son 18 ildə uğurla həyata keçirdiyi uzaqgörən strategiya nəticəsində Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilib. Respubli­kamız beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verib, ölkəmizin təşəbbüsü və iştirakı ilə qlobal layihələr uğurla icra edilib. Artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqti­sadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaradıb. Bu layihələrin uğurla gerçəkləşdirilməsi ölkəmizin regi­onda proseslərin inkişaf vektorunu müəyyənləşdirən və dünya iqtisadiyyatında söz sahibi olan “qlobal oyunçu” statusunu reallaşdırıb.

Azərbaycanın uğurla gerçəkləşdirdiyi beynəlxalq təşəbbüslərindən söz düşmüşkən, onu da qeyd edək ki, ötən illər ərzində ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilib. Başqa sözlə, avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, paytaxtda, habelə regionlarda beynəlxalq hava limanlarının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində icra edilən layihələr Azərbaycanın nəqliyyat infrastrukturunun müasirləşməsində əhəmiyyətli rol oynamaqla yanaşı, respublikamızın tranzit potensialını daha da gücləndirib.

Bütün bunlar deməyə əsas verir ki, artıq respublikamızın nəqliyyat təhlükəsizliyi təmin edilib, Azərbaycan Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib və ölkəmizin fəal iştirakı ilə Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri səmərəli fəaliyyətdədir və Şərq-Qərb nəqliyyat dəhlizi üzərində artıq iki qol–biri Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa, digəri isə Pakistan-Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa mövcuddur. Hər ikisi Azərbaycan ərazisindən keçir və təbii ki, respublikamızın imkanlarını daha da genişləndirir. Şimal-Cənub nəqliyyat dəhlizi isə Şimali Avropa-Rusiya-Azərbaycan-İran-Hindistan ölkələrini əhatə edir. Bu, sözügedən istiqamətdə də nəqliyyat təhlükəsizliyimizin təmin olunmasından xəbər verir.

Yeri gəlmişkən, burada onu da vurğulayaq ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu da region üçün strateji əhəmiyyətə malikdir, konteyner daşımaları, Avrasiyaboyu multimodal nəqliyyatın həcminin artırılması, Asiyadan Avropaya istiqamətlənən karqo axınları üçün rəqabətqabiliyyətli bağlantı təmin edir. Asiya və Avropa arasında ən qısa marşrutu reallaşdırmaqla BTQ dəmir yolu bağlantısı gələcəkdə bir neçə milyon ton karqo daşınmasınının reallaşdırılması məqsədi daşıyır.

Qlobal layihələr sırasında Cənub Qaz Dəhlizi xüsusi önəm daşıyır. Bu dəhliz inşa olunmadan investor bura və heç bir digər layihəyə vəsait qoymazdı, yaxud da tərəddüd edərdi. Çünki istər “Abşeron”, “Qarabağ”, istərsə də digər yataqlardan çıxarılacaq qazın ixracı üçün yol olmalıdır. Ona görə Cənub Qaz Dəhlizinin əhəmiyyəti təkcə “Şahdəniz” layihəsi ilə məhdudlaşmır. Bu layihə gerçəkləşdirilmədən Azərbaycanın enerji siyasəti yarımçıq qala bilərdi. Amma bu gün respublikanın enerji siyasəti ölkəmizin maraqlarını tam təmin edir. Məsələn, “Şahdəniz” yatağı ən azı yüz il bundan sonra Azərbaycanı və tərəfdaş ölkələri qazla təchiz edəcək.

Qeyd edək ki, Azərbaycan qazı Avropaya Cənubi Qafqaz, Ttans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri ilə nəql olunaraq çatdırılır.

Aparılan uğurlu islahatlar və uzaqgörən xarici siyasət sayəsində güclənən rəşadətli ordumuz tərəfindən torpaqlarımızın 30 illik işğalına da son qoulub. Vətən müharibəsinin ilk günlərindən etibarən xalqımız bir yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşib, Silahlı Qüvvələrimiz döyüşlərdə misilsiz şücaəti ilə bütün dünyaya öz yenilməzliyi və qəhrəmanlığını nümayiş etdirib. Həm hərbi, həm də siyasi-diplomatik müstəvidə əldə olunan nailiyyətlər bütün dünyaya ölkəmizin gücünü təsdiqləyib.

Bütün bunlar Azərbaycanın beynəlxalq aləmdəki nüfuzun-dan, ən əsası isə uğurlu strategiyasından, İkinci Qarabağ müharibəsində ədalətli qələbəsinin dəstəklənməsindən, ərazi bütövlüyünün tanınmasından xəbər verir.

Beləliklə, ötən 18 il ərzində qazanılan müsbət nəticələr, inkişaf göstəricilərinin yüksəlməsi həyata keçirilən düzgün siyasətin, aparılan islahatların real həyatda təsdiqini əks etdirib, sosial-iqtisadi nailiyyətlərin davamlılığı və dayanıqlı inkişaf üçün etibarlı zəmin yaradıb. Təsadüfi deyildir ki, dünyada yaşanan ən ağır maliyyə və iqtisadi böhran şəraitində belə Prezident İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində Azərbaycan xarici iqtisadi təsirləri neytrallaşdırıb, nəzərdə tutulan bütün sosial-iqtisadi proqramlar tam gerçəkləşdirilib, iqtisadiyyat artıb.

Bu uğurlar, həm də onu göstərir ki, dövlətimizin başçısı 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəfləri gerçəkləşdirmək üçün ötən müddətdə istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirib, iqtisadiyyatı dinamik inkişaf yoluna çıxarıb və “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail olub. Yaradılan belə bir şərait isə yuxarıda qeyd etdiyimiz kimi, İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq qələbəsini şərtləndirib.

Azərbaycan Vətən müharibəsini tarixi zəfərlə başa vuraraq, hazırda regionda yeni reallıqlar yaradıb. Eyni zamanda, Vətən savaşından əvvəlki dövrdə ölkəmizə Ermənistanın qələbəsi gerçəkliyini qəbul etdirməyə çağıran bəzi beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən də bu yeni reallıqla barışılıb. Bir sözlə, artıq beynəlxalq aləmdə Azərbaycanın yaratdığı yeni reallığı çoxu qəbul edib. Bu vəziyyəti, əlbəttə, Azərbaycan liderinin apardığı uğurlu xarici siyasət şərtləndirib. Dövlətimizin başçısı bununla bağlı çıxışlarının birində deyib: “Biz öz konstitusion hüquqlarımız çərçivəsində, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı çərçivəsində yeni reallıq yaratmışıq və hamı bu reallıqla hesablaşmalıdır. Bu, asan məsələ deyildi… Bu, daimi iş idi. Nəticədə bu gün beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB tərəfindən bu reallıq tamamilə qəbul edilib. Biz bunu həm formal mənada, həm də xalis ünsiyyətdə görürük. Üstəlik, mən beynəlxalq strukturların çoxsaylı rəhbərləri və dövlət başçıları ilə əlaqədə olarkən müşahidə edirəm, indi biz öz haqq işimizə qat-qat artıq dəstək görürük”.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın azad edilməsindən sonra Azərbaycanda dövlət quruculuğu, milli iqtisadi inkişaf və ictimai həyat yeni mərhələyə daxil olub. İndi respublikamızın regional güc mərkəzi olaraq mövqelərinin daha da möhkəmləndirilməsi, iqtisadiyyatının daha da gücləndirilməsi qarşıya əsas vəzifə kimi qoyulub.

Hazırda işğaldan azad edilən ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün müasir şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa edilir, müasir infrastruktura malik “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları həyata keçirilir. Bu əsasda bütün Qarabağ və Şərqi Zəngəzurda müasir standartlara uyğun sosial-iqtisadi və mədəni infrastruktur qurulur. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi yaradılır. Sosial xidmət infrastrukturu bərpa olunur.

Bütün bunlarla bərabər, işğaldan azad edilən ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası məqsədilə tədbirlər həyata keçirilir. Erməni faşizmi tərəfindən tamamilə dağıdılan iqtisadiyyatın qurulması üçün iqtisadi fəaliyyətin canlanması sürətləndirilir və əlverişli biznes mühitinin formalaşdırılması təmin edilir.

Qarabağ və Şərqi Zəngəzurda yaxın gələcəkdə yüksək texnoloji tutumlu investisiyaların cəlbi nəticəsində ixracyönümlü dəyər zəncirinin qurulması və dayanıqlı iş yerlərinin açılması nəzərdə tutulub. Regionda dairəvi iqtisadiyyata əsaslanan “ağıllı” biznes modellərinin yaradılması planlaşdırılıb. Faydalı qazıntı və mineral xammal mənbələri nəzərə alınmaqla iqtisadi fəaliyyətdə dəyər zənciri üzrə ixtisaslaşmanın təşviq edilməsinə xüsusi önəm verilməsi də qərara alınıb.

Son illər ərzində ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün yerli istehsal potensialı və infrastruktur təminatı sürətlə inkişaf etdirilib. Respublikanın mövcud torpaq, su və iqlim resursları əsasında ilkin kənd təsərrüfatı məhsullarının yerli istehsalı hesabına özünütəminetmə göstəricisi ümumilikdə məqbul səviyyəyə çatdırılıb.

Son 10 ildə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik və dayanıqlıq təmin edilib, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunub. Respublikada möhkəm siyasi-ictimai sabitlik və təhlükəsizlik, uzaqgörən daxili və xarici siyasət bu müddətdə qarşıya qoyulan mürəkkəb sosial-iqtisadi məqsədlərin, habelə ölkənin ərazi bütövlüyünün bərpasında həlledici rol oynayıb. Milli iqtisadiyyatın aparıcı sahələrində müasir texnologiyaların geniş tətbiqi və keyfiyyətli insan kapitalının cəlbi nəticəsində məhsuldarlıq xeyli artıb, iqtisadiyyat sürətlə şaxələnib və daxili istehsal qlobal dəyər zəncirinə səmərəli inteqrasiya edib. Azərbaycan 4-cü Sənaye inqilabının fəal mərkəzlərindən biri olmaqla xarici investorlar üçün böyük imkanlar məkanına çevrilib. Bu dövrdə milli iqtisadiyyat 15 faiz böyüyüb, qeyri-neft-qaz Ümumi Daxili Məhsul (ÜDM) isə 1,4 dəfə artıb, 2011-ci illə müqayisədə qeyri-neft-qaz ixracının 78,3 faiz artmasına nail olunub.

Son 10 ildə iqtisadiyyat iki qlobal maliyyə böhranından uğurla çıxıb, ölkə iqtisadiyyatı xarici təsirlərə davamlı olub. Yeri gəlmişkən, 2014‒2015-ci illərdə qlobal əmtəə bazarında neftin qiymətinin 3 dəfəyə qədər azalması, 2020-ci ilin əvvəllərindən başlanan və davam etməkdə olan pandemiya böhranı respublikada makroiqtisadi sabitlik üçün ciddi təhdidlər yaradıb. Lakin bütün bunlara baxmayaraq, çevik və səmərəli iqtisadi idarəetmə hesabına ölkədə makroiqtisadi sabitlik, həmçinin əhalinin rifahı və sağlamlığı qorunub. Ötən ilin sonuna valyuta ehtiyatlarımız təxminən ÜDM-in həcminə bərabər olub. Bu isə milli iqtisadiyyatın xarici və daxili təsirlərə qarşı tam dayanıqlığı kimi diqqət çəkib.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

6 Avqust 2022 01:25 - SİYASƏT
SİYASƏT
10 Avqust 2022 | 07:00
Heç kəs yaddan çıxmır

Köhnə versiyamızdan xəbərləri izlə