Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qazilərin sağlamlığı keşiyində durmaq borcumuzdur

Vətən müharibəsində fədakarlıq göstərən, canları, qanları bahasına torpaq­larımızı işğaldan azad edərkən şəhidlik məqamına yüksələnlər və qazilərimizin haqqı ödənilməz. Azərbaycan Prezidenti çıxışlarında bununla bağlı dəfələrlə vurğulamışdır: “Bilirsiniz ki, mənim şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlərim olub. Onların məişət problemləri dövlət xətti ilə həll olunur. ...On­lar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir”.

Akademik C. Abdullayev adına Elmi – Tədqiqat Kardiologiya İnstitutunun rəhbərliyi və kollektivi bu fikirləri əsas tutaraq daim şəhid ailələrinin, qazilərin yanında olur, on­lara hərtərəfli dəstək göstərirlər. İnstitutdan aldığımız məlumata görə, səhiyyə müəssisəsi tərəfindən ölkə ərazisində şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri üçün ardıcıl olaraq tibbi aksiyalar aparılır. Hələ aprel ayının 18- də Bakıdan və Bakı ətrafı 11 rayondan olan müraciətlər əsasında şəhid ailələrinin və qazılərin müayinəsi keçirilmişdir.

Səhiyyə müəssisəsinin təşkilatçılığı və təşəbbüsü ilə Şamaxı, Cəlilabad, Gədəbəy və Zaqatala Rayon Mərkəzi xəstəxanalarında çox uğurlu tibbi aksiyalar təşkil edilib. İyul ayının 16-da institutun kollektivi tərəfindən Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri üçün tibbi aksiya keçirilmişdir. Aksiya zamanı Gədəbəy rayonunda yaşayan, həssas kateqoriyaya aid edilən 100-dən çox vətəndaş kardioloji, endok­rinoloji və nevroloji müayinələrdən keçmişlər. Səhhətlərinə uyğun olaraq onlara EKQ, ExoKQ aparılıb. Müayinələrin nəticələrinə əsasən, xəstələrə müvafiq müalicə təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaş­mış tibb müəssisələrinə yönləndiriliblər. Onu da xatırladaq ki, tədbir çərçivəsində Gədəbəy Ra­yon Mərkəzi Xəstəxanasının həkimləri ilə elmi diskussiyalar təşkil edilmiş, gələcək planlarla bağlı müzakirələr aparılmışdır. Tədbirin “World Medicine” (Medpro MMC) şirkətinin təşkilatçılığı ilə keçirildiyini də qeyd etmək yerinə düşər.

İnstitutdan aldığımız məlumatda, həmçinin bildirilir ki, ümumillikdə Şamaxı, Ağsu, Qobus­tan, İsmayıllı, Zaqatala, Qax, Balakən, Gədəbəy və Cəlilabad rayonlarında yaşayan və qeyd edilən həssas kateqoriyalardan olan 600- dən artıq vətəndaş kardioloji, endokrinoloji, şüa – diaqnostika və nevroloji müayinələrdən keçib. Onlara şikayətlərinə uyğun olaraq, EKQ, ExoKQ və USM müayinəsi aparılıb. Bütün rayonlarda müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicələr təyin edilib, digər patologi­ya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndiriliblər. Qeyd edək ki, indiyədək keçirilən müayinə aksiyaları yüksək səviyyədə baş tutub və yerli əhali tərəfindən məmnunluqla qarşılanıb. Bu tədbirlərlə, əsasən, aztəminatlı ailələrin müayinə üçün paytaxta gəlməsinə əngəl olan maneə aradan qaldırılır və aksiyalarla həssas kateqoriyadan olanların tibbə əlçatanlığı təmin edilir.

Yeri gəlmişkən, təşkil edilən tədbirlər çərçivəsində Şamaxı və Cəlilabad rayonlarında, həm də elmi – praktiki konfranslar keçirilmişdir. Digər rayonlarda yerli həkimlərlə elmi diskussi­yalar və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan işlər haqqında müzakirələr aparılmışdır. İnstitutun direktoru Gülnaz Dadaşova apa­rılan həmin aksiyaların vacib olduğunu, bu tədbirlərlə müharibədən sonra əksər hərbçilərin və sıravi insanların səhhətlərində yaranan bir sıra problemlərin yoluna qoyulduğunu, icbari tibbi sığorta vasitəsilə onların, hətta institut xaricində olan bütün müayinələrinin aparılması­nı təşkil etdiklərini bildirmişdir. O, qeyd etmişdir ki, qazilərin sağlamlığı keşiyində durmaq bizim borcumuzdur. Kollektiv, eyni zamanda, iyulun 21- də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində yerləşdirilimiş vətəndaşlara tibbi xidmətlər göstəriblər. Tədbir zamanı 50-dən çox vətəndaş müayinə edilib və nəticələrə əsasən xəstələrə müvafiq müalicə təyin edilib. Digər patologiya aşkar olunan şəxslər başqa tibb müəssisələrinə yönləndirilib, aztəminatlı təbəqədən ehtiyacı olanlar dərman preparatları ilə təmin olunublar.

Yeri gəlmişkən, onu da deyək ki, Elmi –Tədqiqat Kardiologiya İnstitutunda ən son avadanlıqlarla təchiz edilmiş laboratoriyada pasiyentlərin xəstəliklərinə uyğun yüksək keyfiyyətli laborator müayinələr aparılır. Milli – mənəvi dəyərlərə söykənən Azərbaycan xalqı yaşlı nəslə qayğını, hörməti adət– ənənə halına gətirmişdir və Elmi – Tədqiqat Kardiologiya İnstitutu tərəfindən keçirilən bu kampaniya­lar bunun bariz nümunəsidir. Kollektiv Vətən müharibəsində canları bahasına Qələbə qa­zananların qulluğunda durmağı, onlara xidmət etməyi özlərinə həm vəzifə borcu, həm də mənəvi insanlıq borcu bilirlər.

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

6 Avqust 2022 01:07 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə