Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qisas” əməliyyatı ordumuzun gücünü bir daha göstərdi

Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistan Baş nazirinin birgə imzaladıqları 10 noyabr 2020-ci il tarixli Bəyanatın bəndlərini kobud şəkildə pozan erməni hərbçiləri işğaldan azad edilmiş ərazilərimizdə atəşkəs rejiminə riayət etmir, təxribatlar törədirlər. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin bügünlərdə növbəti təxribatı zamanı Azərbaycan Ordusunun hərbçisi şəhid oldu. Erməni silahlı birləşmələrinin təxribatı və qəhrəman ordumuzun düşmənə layiqli cavabı ilə əlaqədar Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadəyə müraciət etdik. Hüquq müdafiəçisi dedi:

– Üç dövlət başçısının birgə imzaladıqları bəyanatın maddələrini kobud şəkildə po­zan qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri bir neçə gün əvvəl Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirməyə və orada yeni döyüş mövqeləri qurmağa cəhd göstəriblər. Separatçılar Azərbaycan ərazisində silahlanmaqda davam edirlər. Təəssüf ki, bəyanatın 4-cü bəndinə hələ də əməl olunmur– Ermənistan hərbçiləri işğaldan azad edilmiş ərazilərimizdən bugünədək çıxarılmayıb. Erməni separat­çıları hələ də həmin ərazilərdədir, onlar nə vaxtadək bizim üçün təhlükə mənbəyi olacaqlar.

Dünyanın bütün ərazilərində separatçıla­ra qarşı əməliyyatlar keçirilir və onlar məhv edilir. Xatırladım ki, Azərbaycanla Rusiya Federasiyası arasında imzalanmış Müttəfiqlik sazişinin 18-ci bəndində qeyd edilir ki, Rusi­ya ilə Azərbaycan terrorizmə və separatizmə qarşı birgə mübarizə aparacaqlar. Əslində, bu ərazidə yerləşdirilmiş sülhməramlı kontingent belə təxribatların qarşısını almalı idi. Ancaq üzərlərinə götürdükləri vəzifəni icra etmək istəmirlər. Azərbaycan Ordusu sülhməramlı kontingentin vəzifəsini özü icra etdi və erməni separatçılarının yerləşdiyi ərazilər darmadağın edildi.

Azərbaycan Prezidenti dəfələrlə bildirmişdir ki, üçtərəfli bəyanata zidd olaraq, Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır.

Ç.Qənizadə üçtərəfli bəyanatın imzalanma­sından 2 ilə yaxın vaxt keçdiyini xatırlatdı. Dedi ki, bu sənədin imzalanmasından bu qədər vaxt ötməsinə baxmayaraq, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir. Bəyanatı imzlayan tərəf kimi, Rusiya Federa­siyası və digər beynəlxalq təşkilatlar da bunu görürlər. Halbuki, həmin beynəlxalq təşkilatlar postmüharibə dövründə münasibətlərin yaxşılaşdırılması və ya sülh müqaviləsinin imzalanmasında vasitəşilik missiyasını üzərinə götürüblər. Təəssüf ki, Ermənistanın atəşkəs rejiminə əməl etməməsinə və sülh müqaviləsi imzalanması məsələsinə yaxın gəlməməsinə görə bu ölkəyə əvvəllər olduğu kimi, indi də cidddi təsir vasitələri göstərilmir. Eləcə də, iki ölkə arasında dövlət sərhədlərinin delimi­tasiyası və demarkasiyası məsələsində də Ermənistan üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək fikrində deyil.

Hüquq müdafiəçisi üçtərəfli bəyanatın 7-ci bəndini xatırlatdı: “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komis­sarlığının Ofisinin nəzarəti altında geri qayıdır”. Komitə sədri bildirdi ki, bu istiqamətdə də heç bir iş görülməyib. Artıq dünya da şahid oldu ki, Zəngilan rayonunun Ağalı kəndinin sakinləri 30 illik həsrətdən sonra doğma kəndlərinə qayıdanda bütün tədbirlər Azərbaycan dövləti tərəfindən təşkil olunmuşdur.

Ermənistan tərəfindən hələ də yerinə yetirliməyən öhdəliklərdən biri də bəyanatda əksini tapan “Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Res­publikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə təminat” bəndidir: “Yəni, Zəngəzur dəhlizi məsələsi. Təəssüf ki, bu sahədə də ciddi irəliləyiş yoxdur və Ermənistan üzərinə götürdüyü öhdəliyini yerinə yetirməyə hazırlaşmır. Həmişə olduğu kimi, bu dəfə də həm üçtərəfli bəyanatı imzalayan Rusiya Federasiyası, həm də beynəlxalq təşkilatlar seyirçi mövqe nümayiş etdirirlər. Görün­düyü kimi, Ermənistan üçtərəfli bəyanatın bəndlərini yerinə yetirmək fikrində deyil. Bəzi bəndlərin yarımçıq yerinə yetirilməsi isə dövlət başçımızın uğurlu xarici siyasətinin və misli görünməmiş , qətiyyəti, cəsarəti və inadkarlığı sayəsində öz həllini tapıb. Bu yerdə üçtərəfli Bəyanatı imzalayan Rusiya Federasiyası haqlı olarq qınaq hədəfinə çevrilir. Bəs hanı verilən vədlər, Rusiya Federasiyasının öz üzərinə götürdüyü missiya?”

Hüquq müdafiəçisi Ermənistanın silahlan­masını da xatırlatdı: “Artıq bütün dünyaya da bəllidir ki, Ermənistan silahlanmaqda davam edir. İqtisadi tənəzzüldə boğulan, öz xalqının, necə deyərlər, qarnını doyuzdura bilməyən bir ölkə bu qədər silah-sursatı hansı vəsaitlə alır? Bir neçə gün əvvəl Azərbaycan Ordusunun erməni silahlı birləşmələrinin işğaldan azad edilmiş ərazimizdəki hərbi bazalarını məhv edərkən, kadrlardan göründüyü kimi, düşmən qüvvələrinin məhv edilən və sırada olan hərbi texnikası, avtomobilləri, topları və s. demək olar ki, təp-təzə idi. Hamısı da Rusiya istehsalı. Deməli, erməni silahlı birləşmələrinin silah-sur­sat təchizatı baxımından problemləri yoxdur. Ancaq unutmasınlar ki, Azərbaycanın “dəmir yumruğ”u hər zaman başlarının üzərindədir. Bir neçə gün əvvəl bunu bir daha gördülər.

Ç.Qənizadə bildirdi ki, həmin ərazilərin delimitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür: “Qeyd edim ki, Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qara­bağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli yüksəklikləri rəşadətli ordumuz nəzarətinə götürüb. Hazırda bölmələrimiz tərəfindən əlverişli mövqelərin qurulması və təminat yollarının çəkilməsi, digər mühüm əhəmiyyətli işlər görülür”.

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

6 Avqust 2022 00:49 - SİYASƏT
SİYASƏT
10 Avqust 2022 | 07:00
Heç kəs yaddan çıxmır

Köhnə versiyamızdan xəbərləri izlə