Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqımızın öz torpaqlarını separatçı ünsürlərdən təmizləmək üçün hüquqi və mənəvi haqqı var

Bu günlərdə Azərbaycan Silahlı Qüvvələri Qarabağda uğurlu “Qisas” hərbi əməliyyatı həyata keçiriblər və bir sıra mühüm əhəmiyyət kəsb edən strateji yüksəklikləri azad ediblər. Bu, onu göstərir ki, Azərbaycan verilən sözlər və imzalanan bəyannamələrin şərtləri yerinə yetirilməyəcəyi halda, beynəlxalq hüquqa uyğun şəkildə təşəbbüsü ələ alaraq, bunları təmin etmək gücündədir.

Bəli, rəsmi Bakı 10 noyabr Bəyanatının və sonra imzalanan sənədləri nəticəsində Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb edir. Əsas şərtlərdən biri Ermənistan ordu birləşmələrinin və separatçı silahlı ünsürlərin Qarabağı tərk etməsidir. Lakin hələ də separatçı-terrorçu dəstələr Qarabağda qalmaqda davam edirlər. Bu, isə yolverilməzdir.

Prezident İlham Əliyev Fransanın dövlət başçısı Emmanuel Makronla telefon danışığı zamanı bildirib ki, Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirən Ermənistan silahlı qüvvələrinin və qa­nunsuz erməni hərbi birləşmələrinin ərazimizdən çıxarılması təmin edilməlidir. Azərbaycanın dövlət başçısı demişdir: “Lakin Ermənistan tərəfindən bu hələ də təmin edilməyib. Bu isə öz növbəsində rəsmi İrəvan tərəfindən 2020-ci il 10 noyabr Bəyanatının müddəalarının pozulması və Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməməsidir”.

Xatırladaq ki, bu il avqustun 3-də Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən intensiv atəşə tutulması nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Bundan sonra Azərbaycan Ordusu cavab tədbirləri görüb və Anar Kazı­movun qisasını almaq üçün antiterror əməliyyatına başlayaraq, Sarıbaba dağını nəzarətə götürüb.

Azərbaycan dövlətinin “Qisas” hərbi əməliyyatını həyata keçirmək üçün həm hüquqi, həm də mənəvi haqqı var. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyilə rəşadətli Azərbaycan Or­dusu öz gücünü ermənilərə göstərdi. Yağı düşmən döyüş meydanında ağır məğlubiyyətə uğradıldı. Görünür, düşmən həmin hadisələrdən lazımi ibrət dərsi götürməyib. Çox təəssüf! Lakin Ermənistandakı revanşist qüvvələr unutmasınlar ki, “dəmir yumruq” yerindədir, xalqımıza və dövlətimizə xor baxanların başı hər zaman əziləcək.

Bu gün Azərbaycan xalqı, ölkəmizin uşaqdan tutmuş ahıla qədər bütün sakinləri xalqımızın sevimli lideri Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Düşmənin heç bir hiylə, məkr və təxribatları bizi haqq və ədalət yolundan çəkindirə bilməz. Hec bir qüvvə Aəzrbaycanın ərazi bütövlüyünü poza bilməyəcək.

Əfrahim TƏHMƏZOV,

ehtiyatda olan ədliyyə polkovniki

6 Avqust 2022 00:35 - SİYASƏT
SİYASƏT
10 Avqust 2022 | 07:00
Heç kəs yaddan çıxmır

Köhnə versiyamızdan xəbərləri izlə