Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan seçim etməlidir

“Qisas” əməliyyatı ciddi mesajdır

Ermənistan postmüharibə sindromundan xilas ola bilmir. 44 günlük müharibədə məğlub olmuş ölkə real vəziyyətə uyğun davranmaq əvəzinə, düşdüyü quyunu daha da dərinləşdirir. Əslində, ermənilər düşdükləri vəziyyətdən asanlıqla çıxa bilərlər. Bunun üçün onlar Azərbaycanın təkliflərini qəbul edib, zəruri addımları atmalıdırlar. Ermənilər artıq anlamalıdırlar ki, geriyə yol yoxdur və Azərbaycan milli maraqlarına zidd olacaq istənilən addıma güclü cavab verəcəkdir.

Almanların İkinci Dünya müharibəsində ağır məğlubiyyətə məruz qalmalarına baxmayaraq, ölkə postmüharibə sindromuna qapılmadı. Xalq özündə güc topla­yaraq, Almaniyanı yenidən ayağa qaldırmağa müvəffəq oldu. 44 günlük müharibədə ağır darmadağınla üzləşən Ermənistanda isə tam fərqli mənzərə müşahidə olunur. Rəsmi İrəvan İkinci Qarabağ müharibəsində qalib gəlmiş Azərbaycanın regional əməkdaşlığın inkişafına və sülh dövrünün başlanmasına şərait ya­radan konstruktiv təkliflərinə müsbət cavab vermək əvəzinə, bulanıq suda balıq tutmağa çalışır. Doğru­dur, müqayisə o qədər də yerinə düşməyə bilər. Amma Ermənistan da işğal siyasətinin davam etdirməsi nəticəsində hərbi məğlubiyyətə düçar oldu və təslimolma sənədinə imza ataraq, postmüharibə dövrünün reallıqlarına adekvat davranmağa məhkum edildi.

Almanlardan fərqli olaraq, ermənilər hələ də postmüharibə döv­rünün sancılarını yaşayırlar. Gələcəyi yox, xəyali keçmişin arxasınca boylanmağa çalışırlar. Heç kimə sirr deyil ki, bu gün Ermənistan bütün sahələrdə dərin böhran keçirir. Doğ­rudur, Ermənistanda müşahidə edilən hazırkı sosial-iqtisadi, eləcə də hərbi böhran uzun illərdir davam edir. İkinci Qarabağ müharibəsinin nəticələri bu problemləri daha qabarıq özünü göstərdi və sosial-iqtisadi böhranı daha da dərinləşdirdi. Postmüharibə dövrünün reallıqları rəsmi İrəvanı vadar edir ki, vəziyyəti doğru qiymətləndirsin və uzun müddətdir böhranın girovuna çevrilmiş ölkə iqtisadiyyatını canlandırsın, regional təhlükəsizliyin möhkəmləndirilməsinə şərait yaradan zəruri addımları atsın.

Lakin son günlərdə baş vermiş hadisələr təsdiqləyir ki, Ermənistan uzun illərdir yoluxduğu təxribatçılıq xəstəliyindən hələ də sağalmayıb. Erməni qanunsuz silahlı dəstələri yenə də təxribatlara əl atırlar. Aydın­dır ki, son müharibədə Azərbaycan çox mühüm uğurlar əldə edib, qalib tərəf kimi sərhədlərin mühafizəsi, azad olunan ərazilərdə nəzarətin ya­radılması və infrastrukturun yenidən qurulması kimi strateji vəzifələrini yerinə yetirir. Ermənistan isə böyük hərbi məğlubiyyətə uğradığı üçün psi­xoloji müharibəyə əl atmağa can atır. Mütəxəssislərin sözlərinə görə, rəsmi İrəvan dezinformasiyaya əl ataraq, Azərbaycanın əldə etdiyi nailiyyətləri maksimum dərəcədə aşağı salmaq və beynəlxalq aləmdə Azərbaycan üzərində psixoloji üstünlüyə nail olmaq üçün bu cür məhdud və təxribatçı hücumlarla iddialarını dəstəkləməyə çalışır. Amma bu cəhdlərin heç bir nəticə verməyəcəyi hamıya məlumdur. Ermənistandan öz ordusunu Azərbaycanın məlum ərazilərindən çıxarılması tələb olunur. Ancaq ötən müddət ərzində Ermənistan üzərinə düşən öhdəliyi yerinə yetirməyərək, təxtibatlara yol verir. Azərbaycan isə “Qisas” əməliyyatını keçirməklə ermənilərə çox aydın mesaj göndərdi: istənilən təxribata güclü və əhatəli cavab veriləcək, kimsə cəzadan kənarda qalmayacaq.

Azərbaycanın qətiyyətli cava­bı erməni siyasətçilərini və siyasi müşahidəçilərini də təşvişə salır. Bunun da məlum səbəbləri var. Erməni siyasətçiləri anlayırlar ki, Azərbaycanın səbri tükənməz deyil və zərurət yarandıqda rəsmi Bakı cəza tədbirlərini intensivləşdirə və hərbi-siyasi naliyyətlərinin coğrafi­yasını genişləndirə bilər. Məsələn, “Voskanapat” analitik mərkəzinin rəhbəri, politoloq Hrant Melik-Şahna­zaryan yazır ki, Azərbaycan növbəti dəfə qarşısında duran vəzifələri həll etdi: “Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanos­yan Prezident Əliyevə açıq şəkildə bildirdi ki, “Berdzora (Laçına) al­ternativ yolun tikintisi yaza qədər başa çatdırılacaq”. Təşvişə düşən erməni politoloq əmin olduğunu bildirib ki, belə bir ssenarinin həyata keçirilməsi üçün ermənilərdən bir az daha çox qurbanlar tələb olunacaq. “Enaket” Analitik Mərkəzinin eksperti Vitali Manqasaryan isə yazır: “Nikol Paşinyan bəyan edir: əgər kimsə – bu halda Rusiya Federasiyası və Azərbaycanın sülhməramlı qüvvələri– təmas xəttinin toxunulmazlığına zəmanət verirsə, onun fikrincə, Qarabağ müdafiə ordusunun döyüş növbətçiliyinə ehtiyac qalmayacaq”. Erməni politoloqu hesab edir ki, bu bəyanat separatçı Qarabağ rejiminin ləğvi prosesinin başlanğıcıdır.

Baxmayaraq ki, mövcud nəqliyyat kommunikasiyalarının təcriddən çıxa­rılması və yeni nəqliyyat dəhlizlərinin tikintisi, ilk növbədə, Ermənistanın özünün maraqlarına cavab verir, rəsmi İrəvan vəziyyəti pisləşdirən düzəlməz səhvlər edir. Məhz İrəvanın son 30 ildə apardığı təcavüzkar siyasəti Ermənistanın sərfəli regional layihələrdən təcrid edilməsinə səbəb olub və bu da öz növbəsində ölkə iqtisadiyyatını acınacaqlı vəziyyətə gətirib. Bu gün Ermənistanın region­da nəqliyyat kommunikasiyalarının ən qısa müddətdə açılması üçün ağ­labatan siyasət yeritməklə vəziyyəti yaxşılaşdırmaq üçün unikal imkan var. Lakin İrəvanın atdığı müəyyən addımlar onu göstərir ki, Ermənistan hakimiyyəti hazırkı vəziyyəti kifayət qədər ayıq qiymətləndirmir. Kons­truktiv təkliflərə cavab verməyə tələsməyən erməni tərəfi hələ də təxribatlara əl atır.

Prezident İlham Əliyev avqustun 4-də Fransa Prezidenti Emmanuel Makronla telefonla söhbətində bildirib ki, Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirən Ermənistan silahlı qüvvələrinin və qa­nunsuz erməni hərbi birləşmələrinin ünsürlərinin ərazimizdən çıxarılması təmin edilməlidir. Dövlət başçısı, həmçinin vurğulayıb ki, Ermənistan tərəfindən bu, hələ də təmin edilməyib. Prezident İlham Əliyev bunu rəsmi İrəvanın 2020-ci il 10 noyabr Bəyanatının müddəalarını pozması və üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi kimi qiymətləndirib.

Dövlətimizin başçısı fransalı həmkarı ilə söhbətində Laçın dəhlizi ilə bağlı vəziyyətə də toxunub. O vurğulayıb ki, üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşma nəticəsində Laçın dəhlizinə alternativ yeni yolun marşrutu müəyyən edilib və Azərbaycan tərəfindən bu yolun inşası başa çatdırılmaq üzrədir. Bu işlər yekun­laşan kimi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, Rusiya sülhməramlı qüvvələrinin həmin yola dislokasiya olunması nəzərdə tutulur.

Azərbaycanın dəhlizlə bağlı mövqeyi erməniləri narahat etməyə başlayıb. Məsələn, müxalifətçi de­putat Tiqran Abramyan “News.am” saytının müxbirinə müsahibəsində bildirib ki, Azərbaycan bu gün Laçın dəhlizindən keçən Ermənistandan Qarabağa marşrutun dəyişdirilməsinə ən çox sentyabrın 1-dək vaxt verib. O, Ermənistan XİN-in marşrutun dəyişdiriləcəyi təqdirdə yolun re­jiminin dəyişdirilməsi təhlükəsi ilə bağlı bəyanatını xatırladıb. “Belə olan halda nə üçün Ermənistan bu müddət ərzində yeni tikinti ilə bağlı məsələ qaldırmayıb? Hakimiyyət pərdə arxasında bu marşruta....razılıq verib. Anlayaraq ki, əgər onlar yolun erməni hissəsini tikməsələr, bu, böyük problemlər yaradacaq, onlar onu tikməyə başlamayıblar”, – deyə deputat qeyd edib.

Quldur Serj Sarqsyanın rəhbərlik etdiyi Ermənistan Respublikaçılar partiyası isə “qondarma sülh döv­rünü sabun köpüyünə” bənzədib. Partiyanı belə “qiymətləndirməyə” Ermənistan və Qarabağ ətrafında baş verən son hadisələr vadar edib. Keçmiş iqtidar partiyası bəyan edib ki, Ermənistanın hazırkı administrasi­yasının avantürizm, məsuliyyətsizlik və vətənə xəyanətə əsaslanan xarici siyasətinin qeyri-ardıcıllığı artıq bir neçə dəfə özünü büruzə verir: “Rusiya Federasiyası, Avropa İttifaqı və digər beynəlxalq aktorlar tərəfindən həyata keçirilən bütün vasitəçilik səylərinin bu liderlərin məsuliyyətsizliyi nəticəsində Qara­bağda və Ermənistanda vəziyyətin sabitləşməsinə, hərbi əməliyyatların qarşısının alınmasına gətirib çıxar­maması qınaq doğurur”. Ermənistanı dərin siyasi-iqtisadi, eləcə də hərbi böhrana sürükləmiş müxalifət partiyası iddia edir ki, 2018-ci ildə hakimiyyətin ələ keçirilməsindən sonra strateji müttəfiqlə yaranmış mürəkkəb münasibətlər mövcud vəziyyətə öz töhfəsini verir.

Beləliklə, Ermənistan hələ də anlamaq istəmir ki, vaxtilə arxalan­dığı (hələ də öz qanadları altında gizlənməyə çalışdığı) qüvvələrin bu gün beynəlxalq proseslərə təsir etmək, regiondakı geostrateji reallıq­ları dəyişmək imkanları yoxdur. Regi­onun inkişaf gündəliyini Azərbaycan müəyyənləşdirir və Azərbaycanın ədalətli, obyektiv mövqeyi beynəlxalq səviyyədə – siyasi və hüquqi müstəvidə bütün səviyyələrdə qəbul olunub. Buna görə, daima nəzərini gələcəyə yox, keçmişə yönəltmiş Ermənistanın postmünaqişə reallıq­larını qəbul etməldir. Əks təqdirdə, Ermənistanın başqasının arxasında gizlənməyə çalışan silahlı dəstələrə qarşı “Qisas” əməliyyatlarının gündəlik normaya çevrilməyəcəyinə heç kəs zəmanət verməyəcək.

Səbuhi MƏMMƏDOV,

“Xalq qəzeti”

6 Avqust 2022 00:55 - SİYASƏT
SİYASƏT
10 Avqust 2022 | 07:00
Heç kəs yaddan çıxmır

Köhnə versiyamızdan xəbərləri izlə