Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hidayətin buralardan keçən min atlısı

Hidayətin “Burdan min atlı keçdi...” əsərini növbəti dəfə oxudum və kitabın yaratdığı təəssüratdan çıxmağa macal tapmamış ağlıma gələn onun indiyəcən ədəbi tənqidin diqqətini niyə cəlb etmədiyi sualı oldu. Ona görə yox ki, burada, Azərbaycan ədəbiyyatında sayı yox dərəcədə az olan bir janrda, təəssüf ki, hələlik barəsində ancaq keçmiş zamanda danışılan və o “keçmiş zamanın” təhtəlşüurda həkk olunmasına xidmət edən tarixi proseslərdən söhbət gedir. Heç ona görə də yox ki, müxtəlif güclərin regional geopolitikanın nəticəsi olaraq Azərbaycanın müasir siyasi xəritəsinə daxil edilməsə də, azından təbii sərhədlərinin zəngin toponomistik coğrafiyasına səyahət imkanı qazandıran “Burdan min atlı keçdi…” nin ədəbi məziyyətləri bunu tələb edir. Hesab edirik ki, statistik oxucunun yol bələdçisi olmaq üçün bu, çox vacib olardı. Kitabı oxuyarkən koloritli dilin və təəssüf ki, bu vaxtacan ədəbiyyatımız üçün hələ də xarakterik olmayan üslubda yaranan mənzərədən həmin güclərin uzağagedən siyasi maraqlar naminə yaradılan “Ermənistan dövləti”nin tərkibinə verilən Qərbi Azərbaycanda aborigen əhalinin, azərbaycanlıların 70 illik yaşam tarixinə baxırıq.

İstər-istəməz, Qoqolun “Puşkin haqqında bir-neçə söz” yazısını xatırlayası oluram. XIX əsrin birinci yarısı rus ədəbi tənqidinin ən böyük hadisəsi olaraq ədəbiyyat tarixində qalan həmin məqalədəki fikirləri yada salıram: “Obyekt nə qədər adidirsə, ondan fövqəladə olanı çıxarmaq nə qədər mühümdürsə, bu qeyri-adiliyin mükəmməl həqiqət olması üçün yazanın bir o qədər yüksək olması lazımdır”.

Bu, çox sərrast deyimdir. Bədii ədəbiyyatın gücü sadə həqiqətləri ümumi kontekstdə həyatın əsl obrazına çevirməklə ruhları silkələyə bilməsindədir.

Ona görədir ki, Hidayətin “qeyri-adiliyin mükəmməl həqiqət olması üçün” yaratdığı möhtəşəm epik lövhələrdə həmin tarix kitabı cəlbedicidir. Buna görədir ki, həmin cəlbediciliyin cazibəsi ilə “Mığrı” stansiyasından qatara minib, Ermənistan Kommunist Partiyası, Nazirlər Soveti və Ali Sovetin orqanı olan “Sovet Ermənistanı” qəzetinin dəvəti ilə İrəvana gedən; heyranlıq, həyəcan və narahatlıqla dolu o bahar gecəsini xatırlayan müsafirə qoşulur və Maralzəmidən paytaxta üz tutan 22 yaşlı gənc kənd müəlliminin yol yoldaşına çevrilirik.

Bu, “Arazın 9-10 kilometrliyində olan” ucqar dağ kəndinin cəmi-cümlətanı, 40-50 nəfərlik məktəbinin müəllimi və müdirinin çıxdığı yolun başlanğıc nöqtəsidir. O, hələ bilmir ki, Ordubaddan adlayıb Naxçıvana çatanacan “Təbrizə gedən karvanların” izini Çuxur- Səəddə tapacaq, elə orada da axar-baxarlı Zəngəzur kəndlərinin balacalaşmağının səbəblərinə daha dərindən bələd olacaq.

Orta məktəbi “Qızıl medal”la bitirən, ozamankı Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olmaq istəyinə rəğmən, universitetdə “geoloq olmaq” təklifi alan, lakin bundan boyun qaçıran, şərqşünaslıq fakültəsində oxumaq perspektivindən isə min bir zülmlə yayınaraq, filoloq ixtisasında qərarlaşan, hazırda isə 40-50 nəfərlik məktəbin müdiri olan, indisə Ermənistanın paytaxtını “fəth etməyə” deyil, özünü təsdiq etməyə gedirdi...

Hələlik müəllif memuar ədəbiyyatının klassik nümunəsində, “Burdan min atlı keçdi”də göz açdığı mühiti təqdim edir. Düzdür, o mühit məşhur “Xatiratım” müəllifinin- Cəlil Məmmədquluzadənin təqdim etdiyi, “gözünü bu dünyaya açanda onu qaranlıq gördüyü” kimi deyildi, lakin “bu qaranlıq olmayan dünyanın” da öz vahiməli hadisələri var idi. Elə hadisələr ki, “ağlamaq lazım gəlirdi, amma ağlaya bilən ağlayırdı, ağlaya bilməyən kədərliydi; hamı qorxurdu, hamı vahimə içindəydi və qorxusunu, vahiməsini gizlətməyə çalışırdı”  ki, “siyasi səhvə” yol verməsin: ağlayanlar da, ağlaya bilməyənlər də.... Buna görə idi: “Nənəm Ziynət xanım da ağladı, anam da, Cəvahir də; biz uşaqlar isə donduq yerimizdə: uzun müddət susduq, kəlmə kəsmədik, amma ağlamadıq”.

Müəllif  “Stalinin ölümü və kəndin göz yaşları”nı bu cür xatırlayır.

Xatırlanan təkcə bunlar deyil. Erməni millətindən olan, genetikasına qəddarlıq xüsusiyyəti hopmuş insanlardan təşkil edilən silahlı cəza dəstələrinin qanlı cinayətlərini, “Zəngəzur kəndlərini balacalaşdıran”, bugünkü, elə ovaxtkı Ermənistan “dövlət”ində də milli qəhrəman hesab edilən Nijde, Andronik, Dro, Stepan və başqa qatillərin əməllərini görənlər, həmin anların xofunu o vaxtacan yaşayan insanlar xatırlanır.

“Bizim ölümüz Çaylarda (Zəngilanın ozamankı adı) oldu. Mən cavan idim, ona görə dözdüm”, - deyən 70-75 yaşlı Bədəl əmi və onun kimi, həmin faciənin yaddaş daşıyıcıları vardı və onlar baş verənləri danışırdılar. Memuarın başlıca keyfiyyəti ancaq poeziyamız üçün xarakterik olmayan, prozamızda da özünü qabarıq göstərən, ümumiyyətlə, Şərq ədəbiyyatındakı bütün janrlarda qabarıqlığı ilə seçilən sentimentalizmin hiss edilməməsi, qeyd etməyi lazım bilirik ki, əsərin təsir gücünü artırır.

Bunların fonunda “Mığrı” stansiyasında “Bakı-İrəvan” qatarına tək yox, öz xatirələri ilə əyləşən 22 yaşlı ədəbiyyat müəllimi xatirələrini yol boyunca bizlər, oxucularla bölüşür. Nəticədə isə İrəvana qədər uzun olmayan, cəmi 9-10 saatlıq yolda ancaq Maralzəmi ilə deyil, Lök, Aldərə, bütünlükdə Mığrı dərəsi boyu kəndlər və o kəndlərin böyük əxlaq daşıyıcısı olan insanları, kənd məktəblərində çalışan müəllimləri ilə tanış edir. Həmin insanlar yaşadıqları kəndlərimizdə ancaq min illərdən gələn tariximizi qoruyub inkişaf etdirmirlər, o tarixin izlərini özündə saxlayan toponimlərimizi yaşadırlar:

 

 Tağəmir yaylağın, Xəllərgə dağın,

Ağdərə dağların, Kazımbulağın.

Sənin hər obadan gəlir sorağın,

Dadlı meyvələrin loğmanı Mığrı.

 

Yayda qar istəsən, Ələngəzə bax,

Lehvəzdən çiçək dər, öz saçına tax.

Ən ləzzətli üzüm Lökdədir ancaq,

Könlümün həm dağı, aranı Mığrı.

 

Hələ Maralzəmi, çıxmır yadımdan,

Gəzir təpələrdə o Rəhim çoban.

Könlüm ayrılmadı köksündən bir an,

Dolanmaq istədim hər yanı, Mığrı.

 

Yayda bağlardadır qış-qarın sənin,

Dəyir alma, üzüm, yaynarın sənin.

Gözəldir payızın, baharın sənin,

Kəkliktək qızların məkanı Mığrı.

 

Həmin toponimlərin bir hissəsinin yaratdığı xəritəni cızan cəmi 22 yaşlı gənc dörd il sonra İrəvana gedəcək, tamamilə pafossuz-filansız demək olar ki, özünü nəinki təsdiq edən, Azərbaycan və Ermənistan ədəbiyyatının tərkibinə çevrilən, İrəvan ədəbi mühitində bu gün çoxlarının təsəvvür edə bilməyəcəyi canlanma, ab-hava yaradan Hidayətdir. O Hidayət ki, tarixi XIX əsrin sonlarına yaxın vaxta təsadüf edən İrəvan Teatrına yeni nəfəs verə biləcək, hətta Azərbaycan mədəniyyətinin uğurlarına qısqanclıq, çox vaxt düşməncəsinə münasibətini gizlətməyən erməni ziyalıları belə, onun xidmətlərini etiraf edəcək. Hələ o etiraf anlarına gedən yolu qarış-qarış addımlamaq gərəkdir. Bu addımların hər biri isə ancaq ömürdən keçən illərlə deyil, ürəkdə yaranan çatlarla yadda qalacaq. “Burdan min atlı keçdi...”nin müəllifi bunları o zamanlar bilməsə də körpəliyindən çəkildiyi sınaqların sərt qaydalarına yaxşı bələd idi:

 

Mən ata görmədim uşaqlığımdan,

Anam atam oldu, həm anam oldu.

Yaş da süzülmədi yanaqlarımdan,

Ümidlər, arzular imtahan oldu.

 

Güləndə hər təzə paltar geyənlər,

Mənim də bir günüm gələr demişəm.

Məni öz qoynunda boğanda qəhər,

Nimdaş pencəyimlə gileylənmişəm.

 

Mən tufanı sevdim, mən qarı sevdim,

Sevindim yağdıqca qar ətək-ətək.

Mən ulduzu sevdim, çinarı sevdim,

Özüm də boy atdım eycə çinar tək!

 

Beləcə, Mığrı stansiyasından “Bakı-İrəvan” qatarına əyləşən Hidayət mənzilbaşına çatmayıb, lakin oxucularını zərrəcə darıxmağa qoymur. O, Mığrının tarixinin parçasına çevrilmiş insanlarla bizi tanış edir: Aslan Məmmədov, Abdulla Əhmədov, Şıxəli Bağırov, Manaf Babayev, Əli Quliyev, Salman Bağırov, Tahir Səfərov və başqaları. Hidayət onları bu cür təqdim edir: “Bunların içində raykom katibi işləyən də vardı, kolxoz sədri, prokuror, bağban, yol təmizləyən də; hamısını isə bir cəhət birləşdirirdi: zəhmətsevərlik, düzlük və mənəvi təmizlik”. Bu mənəvi təmizliyin simvolu olanlar çoxdur. Həmin “çoxluğun” içində isə adları şadlanan kənd müəllimlərinin obrazı görünür: məktəb direktoru Səfəralı müəllim, onun sinif rəhbəri olmuş Rüstəm müəllim, dərs hissə müdiri Bağır müəllim, fizika müəllimi Həsən müəllim, kimya müəllimi Cəmil müəllim, riyaziyyat müəllimi Zərovşan müəllimə, coğrafiya müəllimi Ənvər müəllim və digərləri. Daha sonra isə sadə və sadəlikləri qədər də fədakar olan bu müəllimlərin dərs dediyi məktəbin ilk məzunları xatırlanır: Fərrux- qızıl medal alaraq Tibb Universitetinə, Hidayət- qızıl medal alaraq Bakı Dövlət Universitetinə, Akif- gümüş medal alaraq Bakı Dövlət Universitetinə, Musa- gümüş medal alaraq Azərbaycan Neft və Kimya Universitetinə, həmçinin digərləri, Azərbaycanın nüfuzlu ali məktəblərinə elə həmin il qəbul olan Əli, Tofiq, Fəridə, İsmayıl, Zeynəb, Oqtay, Zakir və başqaları bir-bir təqdim olunur. Yada salınan bu faktlar konkret kimlərisə fokuslamır, Mığrının 1918-ci ildə erməni millətindən olan qatillər tərəfindən qan gölünə döndərilərək “balacalaşdırılan” kəndlərindəki potensial göstəricisi kimi təqdim edilərək yadda qalır.

Bu, “Göylərə boylanan” gəncliyin ömür manifestinin proloqudur.

Memuar ədəbiyyatına xas olan mövzu konstruksiyası içində yüksək sənətkarlıqla qurulan, ədəbi priyomlar və bədii ifadə vasitələrinin unikal sintezi ilə müəllif “Bakı-İrəvan” qatarının “Mığrı” stansiyasından başlanan yol boyunca oxucusunu darıxmağa qoymur. Biz ancaq birbaşa içinə düşdüyü hadisələrdə əsərin baş qəhrəmanını yox, həmin prosesdə iştirak edən insanların şəxsində dövrün mənəvi, ictimai-siyasi mühitini apaydın duyuruq. İstər orta məktəbi bitirib cibindəki 19 manatla universitetə qəbul olmağa gəldiyi zamanlar, istər 1962-ci ildə, onun Xaqani-25-dəki binanın qapısından addım ataraq içəri girdiyi məqamlar, istərsə də qatarla məlum ünvana üz tutduğu anlarda o mühitin içinə düşürük.

1966-cı il mart ayının 15-də baş qəhrəmanımız artıq İrəvanda, Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi, Ermənistan SSR Ali Soveti və Ermənistan SSR Nazirlər Sovetinin orqanı olan “Sovet Ermənistanı” qəzetinin redaksiyasında, baş redaktor Həbib Həsənovun qəbulundadır. 22 yaşlı gənc müəllim sonradan keçirdiyi hissləri belə xatırlayacaq: “Redaksiya ideal görünürdü mənə, elə bilirdim ki, orada işləyənlər qeyri- adi adamlardır”. Bu “qeyri-adi adamlar”la sonra adi, gündəlik iş rejimində çalışacaq, bəzən yaradıcılıq məsələlərində hətta müəyyən mübahisələr də olacaq.

Sonradan o da məlum olacaq ki, “qeyri-adi adamlar” təsiri bağışlayan o şəxslər adi adamlar imiş.

Bunlar sonra baş verəcək. İndi isə Ermənistanın azərbaycanlı əhalisini ən yüksək siyasi məqamlarda təmsil edən ictimai-siyasi xadim və əməkdar jurnalist Həbib Həsənov kənddən gəlmiş gənc müəllimi “dişinə vurur”. Bu o Həbib Həsənovdur ki, Amasiya rayonunun birinci katibi, Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini idi və beş dəfə ardıcıl olaraq Ermənistan Ali Sovetinin deputatı olub. Yeri gəlmişkən, sonralar Azərbaycana gələn və burada ən yüksək partiya-hökumət vəzifələrində çalışan Həbib Həsənov təqaüdə çıxandan sonra, 1997-ci ildə müəllifi olaraq “Silinməz adlar, sağalmaz yaralar” adlı nadir əsərini çap etdirdi.

Oxuculara xatırlatmaq istərdik ki, kitabın adının poetik seçilməsinə baxmayaraq, həmkarlarım üçün ciddi elmi araşdırmalarda ən etibarlı mənbə kimi qalacaq bu əsər türk toponimləri xəzinələrindən biridir.

Kitab Qərbi Azərbaycanı 1828-ci ildə rus imperatorunun İrəvan xanlığını “Erməni Vilayəti” inzibati bölgüsü elan etməklə böyük ərazilərin erməniləşdirilməsinə status qazandırdıqdan sonra bir xalqa tutulan divanın mənzərəsini əks etdirir. Yeni tarixi faktlarla zəngin olan bu əsərdə xalqımızın qədim torpaqlarında yaradılan “Ermənistan SSR” və sonralar “Ermənistan dövləti”ndə baş verənlər faktlar əsasında təqdim edilir. Son 200 ildən artıq bir dövrdə erməni millətindən olan alim tarixçilərin, qondarma “tarix”dən ilhamlanan erməni siyasətçilərin soydaşlarımızın başına gətirdikləri faciələrdən, deportasiyalardan, soyqırımından, xalqımızın tarixinə edilən təcavüzdən söhbət açılır. İlk dəfə olaraq bu kitabda indiki Ermənistan ərazisində olan və adları yer üzündən silinmiş 650 Azərbaycan kənd və rayonunun təsnifatı verilib. Həmçinin bu ərazilərin qədim rəsmi adları tarixi qaynaqlardan tapılıb bərpa olunmuş, 1918-ci ildən sonra bu yerlərin erməniləşdirilərək dəyişdirilmiş adları, onların hamısının coğrafi koordinatları göstərilmişdir. Bu təsnifatda verilmiş həmin kənd və rayonlarda yaşamış azərbaycanlıların yüz il ərzində, yəni, 1831, 1873, 1886, 1905, 1914, 1931-ci illərdə tədricən azalan sayı göstərilir. Bu, Azərbaycan xalqının ermənilər tərəfindən planlaşdırılmış və sistematik genosidini tarixdə saxlanmış demoqrafik statistika əsasında hazırlanan dəyərli vəsaitdir.

Onda, 1966-cı ildə, “Sovet Ermənistanı” qəzetinin baş redaktorunun otağında Həbib Həsənov Maralzəmidən gəlmiş gənc müəllimlə bu mövzulardan daha çox jurnalistikanın əbədi, dəyişməz qaydaları barədə danışırdı. Onda həyatın qaynar qazanında bişmiş baş redaktorun ağlına haradan gələrdi ki, qarşısında bir az da sıxıla-sıxıla oturan gənc müəllim 25-30 ildən sonra Azərbaycan Respublikası Prezident Aparatında dövlət müşaviri postunda, bu gün onları narahat edən məsələlər üzrə dövlət siyasətinin qurulmasına yön verən şəxslərdən biri olacaqdır. İllərdən sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin komandasında yer tutan dövlət müşaviri Hidayət Orucov ümummilli liderin imzaladığı iki mühüm fərmanın hazırlanmasında əsas qüvvələrdən biri kimi tarixə düşəcək.

Böyük siyasətçi və unikal dövlət rəhbəri Prezident Heydər Əliyevin imzaladığı, çox mühüm siyasi və hüquqi əhəmiyyəti olan “1948-53-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasi haqqında” 18 dekabr 1997-ci il və “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanlar erməni millətçilərinin tarixi cinayətlərinin araşdırılmasında əsaslı rol oynayacaq.

Məlum fərmanlardan sonra həmin vaxtlara qədər 100 ilə yaxın Cənubi Qafqazın, ümumilikdə regionun sağalmaz yarasına çevrilən qondarma “erməni məsələsi” ilk dəfə metodiki olaraq elmi şəkildə araşdırmalar predmetinə çevrildi. Bu istiqamətdəki araşdırmalar yeni impuls aldı, eyni mövzuda kitabların çapı ilə bərabər, müxtəlif sənədli filmlər çəkildi və qeyd etmək yerinə düşər ki, “erməni məsələsinin” Bakıdan Anadoluya qədər vurduğu yaraların miqyası ən hazırlıqlı mütəxəssisləri, belə, sarsıdacaq faktları ortaya çıxartdı. Bütün bunlar sonralar baş verəcək.

Onda, 1966-cı ilin mart ayında, baş redaktorun iş otağında Həbib Həsənov redaksiyanın ağır artilleriyasına- Ermənistanın Əməkdar jurnalistləri Rza Əsgərov, İsrafil Məmmədov, Tofiq Məmmədov və digər əməkdaşlara Hidayət Orucovu təqdim edirdi.

Bu, Hidayətin yeni yolunun başlanğıcı idi.

Həmin yolda Hidayət ancaq jurnalistikada püxtələşib o zamanların maraqlı imzasına çevrilməklə qalmayacaq, əvvəl-əvvəl tərəddüdlə ayaq basdığı redaksiyada deyil, ənənəvi İrəvan ədəbi mühitində seçilib-sevilən şeirlərin müəllifinə çevriləcək. Ermənistan Yazıçılar İttifaqındakı Azərbaycan bölməsinin rəhbəri kimi Qərbi Azərbaycanın istedadlı şair və yazıçılarını o mühitin canlanması işinə cəlb edəcəkdir. Həmin insanların ilk əsərləri məhz Hidayətin xeyir-duası ilə Ermənistan nəşriyyatlarında çap ediləcək, “Ədəbi Ermənistan” toplusunun yeni nəşrləri sistemli və ardıcıl xarakter alacaqdır. İstedadı, bilik və savadı ilə seçiləcək və buna görə də artıq dağılmaq üzrə olan Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Teatrına direktor göndərilən Hidayət həmin teatrı Qərbi azərbaycanlıların, sözün həqiqi mənasında, mədəniyyət məbədinə döndərəcək. Təyinatından az sonra teatrda yaradılan yeni mühit sözünü dedi. Zamanının ən məşhur və görkəmli rejissoru, şöhrəti Ermənistan sərhədlərini çoxdan aşmış SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Vardan Əcəmyan qısa müddət ərzində teatrda baş verən müsbət dəyişikliyə heyrətini gizlədə bilmədi.

Allah da şahiddir ki, həmin Vardan Əcəmyanı həlləm-həlləm heyrətləndirmək mümkün deyildi.

Teatrın Qərbi Azərbaycanın müxtəlif bölgələrinə təşkil edilən səfərləri, maraqlı repertuarı ilə etdiyi çıxışlar onun fədakar və istedadlı bədii kollektivini hər bir azərbaycanlıya sevdirirdi. Getdikcə coğrafiyası genişləndirilən qastrollar ildən-ilə Ermənistan sərhədlərini aşır, Tiflis, Gəncə, Naxçıvan, Rustavi və Rusiyanın müxtəlif regionlarını əhatə edirdi.

Memuarı oxuduqca tarixə dönmüş o illər və hadisələrin, görülmüş işlərin arxasında dayanan gənc, yaradıcılıq eşqi ilə çalışan Hidayətin silueti açıq-aydın görünür. Və bu qaynar fəaliyyətin iştirakına cəlb edilmiş Azərbaycan ədəbiyyatı və mədəniyyətinin ən parlaq simalarının İrəvan ədəbi mühitinin inkişafına verdiyi impuls hiss olunur. Mirzə İbrahimov, İsmayıl Şıxlı, Osman Sarıvəlli, İmran Qasımov, Nəbi Xəzri, Mirəli Seyidov, Həsən Seyidbəyli, Niyazi, Fikrət Əmirov, Rauf Hacıyev, Emin Sabitoğlu, Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Rauf Atakişiyev və onlarla məşhur ədəbiyyat və mədəniyyət adamlarının ora səfərləri İrəvan mühitini canlandırırdı.

Bütün baş verənlərin episentrində dayanan isə dövlət teatrının gənc direktoru, şair, yazıçı və tərcüməçi Hidayət idi və yeri gəlmişkən, mərhum Məmməd Aslanın sözləri o gerçəkliyi bu cür ifadə edirdi: “Sözün həqiqi mənasında, İrəvanda rəsmən təyin olunmamış elçimiz idi Hidayət, hər birimiz onun üstünə gedərdik. Hər kəsə eyni qançəkərliliklə qucaq açardı. Bu, mənsub olduğu nəslin və soyunun ona verdiyi qeyrət cövhərindən irəli gəlirdi”.

Məmməd Aslanın “İrəvanda təyin edilməmiş elçi” kimi xarakterizə etdiyi Hidayətin, sözün birbaşa mənasında, diplomatik missiyası “Burdan min atlı keçdi...” kitabının hər bir səhifəsində özünü göstərir. Dövlət teatrının direktoru kimi istər Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin ən yüksək ranqlı işçiləri, istər də Nazirlər Sovetində, Mədəniyyət Nazirliyində, ümumiyyətlə, İrəvanın siyasi elitası ilə bütün təmaslarında o, azərbaycanlıları təmsil etdiyinin məsuliyyətini daşıyıb. Yaradıcı insan olmasının verdiyi azadlıqlardan istifadə edərək o, bəzən ən sərt formada nasizm virusuna yoluxmuş o insanlara həqiqəti deyib. Hidayətin erməni ictimai fikrinə olduğu kimi, erməni siyasətinə də böyük təsir imkanları olan Gevorq Emin, Hovhannes Şiraz, Paruyr Sevak, Vardkes Pedrosyan və digər yaradıcı insanlarla etdiyi söhbətlərin kitabda yer tapan məqamları onu da göstərir ki, ağıllı və yerində deyilən söz bəzən ən inadcıl insanlara çatır.

Kitabda qüssə gətirən, istənilən zamanlarda mövcudluğu hansısa təbiət qanunları ilə (cəmiyyət qanunları- demədik) labüd olan gerçəkliklər də yer alıb. Onlardan biri istedadlı və parlaq karyerasını yaşayan gənc bir azərbaycanlıya, Hidayətə verilən Ermənistanın SSR Əməkdar mədəniyyət xadimi adıyla bağlıdır. Fəxri ad veriləndən dərhal sonra uzun müddət müxtəlif məsul rəhbər vəzifələrdə çalışan, “Sovet Ermənistanı” qəzetinin redaktor müavini Cümşüd Sultanov Mərkəzi Komitədə mədəniyyət şöbəsinin müdiri olan Qurgen Arakelyanın yanına gedir: “Siz nə edirsiniz? Hidayət Orucov millətçi, qatı türkçüdür. Ona o boyda ad vermək olar?!”,- deyə üsyan qaldırır. Epizod o qədər ürəkbulandıran olur ki, həmin Qurgen Arakelyan özü şoka düşür, Hidayətə bu barədə söz deməsə də, “Sovet Ermənistanı” qəzetində çalışan istedadlı publisist, Hidayət Orucovla eyni rayondan olan İsrafil Məmmədova “dərdini” açmaya bilmir: “Bu nə dəhşətli adamdır... Elə insana belə sözlər...?”.

İkinci epizod da ürəkbulandırandır... Ermənicə mükəmməl öyrənən, artıq peşəkar tərcüməçi kimi tanınan və qəbul edilən Hidayət bu dəfə də “özümüzükülərin”, “Sovet Ermənistanı”nda, tərcüməçi ştatında çalışan Lətif Hüseynovun qəzəbinə tuş gəlir. Onun “Ədəbiyyat və incəsənət” qəzetinə yazdığı “danos”da o qəzəb bu cür ifadə olunur:” L.İ.Brejnrv yoldaş X beşilliyi keyfiyyət ili adlandırmışdır.

...Belə bir vaxtda Hidayət Orucov Avedik İsahakyandan “Lirik şeirlər” tərcümə etmişdir. Üzdəniraq bu tərcümələr oxucuda təəssüf və ikrah əmələ gətirir. Axı, İsahakyan nəinki şair, filosof, böyük lirikdir.

 

...Yox, bunlar böyük lirik Avedik İsahakyanın şeirləri deyil, onun böyük adına böhtan, onu hörmətdən salmaqdır”.

Yaxşı ki, o İsahakyan tərcümədən xeyli əvvəl ölübmüş, yoxsa, Lətif Hüseynov onun ürəyinin həmin tərcüməyə görə partladığını deyərdi...

Hə, bu cür adamlar da olub, lakin memuarı oxuduqca müəllifin təmasda olduğu nur topası olan onlar, bəlkə də yüzlərlə insanın əhatəsində görürük. Onlar hər biri öz şərəfli ömrü ilə nəsillərə nümunə olası insanlardır. Ən məsul partiya və dövlət işlərində işləmiş Rza və Cəfər Vəlibəyovlar, Hidayəti dayısı, məsul partiya və dövlət işlərində çalışan, ömrünün son 15 ilini Ermənistan Ali Soveti Rəyasət Heyətində şöbə müdirinin müavini vəzifəsində işləyən Əli Məmmədov, partiya işçisi Hüseyn Məmmədov, partiya işçisi Əli Həsənov, partiya və hökumət işçisi Yunis Rzayev, SSRİ miqyasında tanınan və qiymətləndirilən sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi, görkəmli kino və teatr tənqidçisi Sabir Rzayev, partiya və dövlət xadimi Həbib Həsənov, sonralar Ermənistan təhsil nazirinin müavini, “Sovet Ermənistanı” qəzetinin baş redaktoru olmuş tarixçi alim, jurnalist İsrafi Məmmədov, Azərbaycan ədəbiyyat tarixinin orta əsrlər və XIX əsr üzrə görkəmli tədqiqatçısı, alim Əkbər Yerevanlı və daha kimlər...

O insanların hər biri öz şəxsi nümunəsində xalqımıza məxsus ən yaxşı xüsusiyyətlərin daşıyıcısı kimi yaşadı və bu gün də xatirələrdədir.

Kitabda onlar xatırlanır.

İrəvan Teatrında izi qalan insanlar bir daha yada salınır: Məmmədbağır Qaraxanov, Abbasqulu Tağıyev, Cəmil Əliyev, Şamil Dəmirçiyev, M.Paşayev, M.Məmmədbəyli, R.Rəcəbov,V.Əliyev, E.İsmayılova, T.Abdullayeva və digərləri.

Qərbi Azərbaycanın bir parçası olan qədim Mığrının ruhumuz hopan yaşayış yerləri- Bənövşəpuç, Buğakar, Lök, Vahruvar, Düzqışlaq, Aldərə, Əmrəkər, Qul, Lehvaz, Maralzəmi, Mərzə və başqa yüzlərlə kənd, orman, dağ, dərə, yaylaq, gədik, bulaq adları tədqiqatlarının nə qədər zəruri olduğunu dilçi alimlərimizə xatırladılır.

Kitabda 1969-cu ildə Azərbaycanın siyasi rəhbərliyinə gəlmiş Heydər Əliyevin, Azərbaycan xalqının ümummilli liderinin Qərbi Azərbaycandakı tarixi mədəniyyət abidələrinə və burada yaşayıb-yaratmış böyük sənət adamlarının xatirəsinin əbədiləşdirilməsinə göstərdiyi diqqətdən geniş söhbət açılır. Müəllifin özünün şahidi olduğu, yaxud hadisələrin gedişatında bilavasitə iştirak etmiş Ermənistan siyasi hakimiyyət dairələrində olan şəxslərin təhkiyəsi ilə bunun necə baş verdiyi oxuculara təqdim olunur.

1972-ci ildə Heydər Əliyevin təşəbbüsü və birbaşa nəzarəti ilə ustad Ələsgərin 150 illiyinin Ermənistan SSR-də ən yüksək səviyyədə keçirilməsi təsvir olunan memuarda Həbib Həsənovun xatirəsindən: “Tədbir ərəfəsində Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (ozamankı siyasi rəhbəri) A.Koçinyan ideoloji sahə işçilərinin müşavirəsini keçirirdi. Məsələ Aşıq Ələsgərin 150 illiyinin keçirilməsi ilə bağlı məqamına çatarkən Anton Koçinyan tədbirin nümunəvi və yüksək səviyyədə təşkilinin vacibliyini dönə-dönə vurğuladı, Heydər Əliyevin bununla bağlı xüsusi olaraq maraqlandığını qeyd edərək dedi: “Heydər Əliyev şəxsən bir-neçə dəfə yubileyin təşkili ilə bağlı mənə zəng edib, onu əmin etmişəm ki, narahat olmasın, Aşıq Ələsgərə layiq tədbir keçirəcəyik”- dedim”.

Əsərdə Qərbi Azərbaycanda, bu gün Ermənistan Respublikası adlandırılan dövlətdə onun aborigen əhalisi olan azərbaycanlı kültürünə, min illik zaman müddətində yaratdığı tarixi abidələrə, müəyyən qabarmalar çəkilmələrə səbəb olan ictimai-siyasi proseslərin nəticəsi olaraq yaranmış situasiyalarda xalqının buralara həkk olunmuş izinin itməməsi üçün Ümummilli Liderimizin şəxsi nüfuzunun onu diskriminasiyadan maksimum qoruduğu hər məqamda qırmızı xətt kimi keçir.

Kitabda erməni siyasi və yaradıcı elitasının çətinliklə də olsa Heydər Əliyev şəxsiyyətinin miqyasının etirafı, ayrı-ayrı erməni dövlət xadimlərinin, yaradıcı elita nümayəndələrinin keçmiş SSRİ-nin siyasi elitasında parlayan, ölkədən kənardakı dünyamiqyaslı siyasətçi və ekspertlərin Kremlin gələcək lideri kimi gördükləri şəxsiyyətə həsəd qarışıq münasibəti aydın ifadə olunur. Bu səhnələrin bəziləri müəllifin, ovaxtkı Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının gənc direktoru Hidayət Orucovun gözləri önündə baş verib. Belə məqamların birində, Bakıda keçirilən Ermənistan teatr günlərində Azərbaycanın siyasi rəhbəri Heydər Əliyevin iştirakı, Azərbaycana qonaq gəlmiş məşhur erməni rejissor və aktyorları ilə söhbətlərində Ümummilli Liderin geniş erudisiyası, dərin təhliletmə keyfiyyətləri qarşısında qonaqların necə çaş-baş qalması gənc teatr direktorunu vəcdə gətirir. Söhbət həm də ondan gedir ki, böyük-böyük titullu, SSRİ, həmçinin dünya miqyasında tanınan, istedadı qəbul edilən bu adamların, əslində, hansı mənəvi, millətçilik təfəkkürü ilə “silahlandığı” məlum olur.

Bunların hamısının, Qərbi Azərbaycanın min illik tarixinin bir əsrini həmin kitaba vərəq-vərəq əks olunduğunu görmək olar.

“Burdan min atlı keçdi...” birmənalı olaraq memuar ədəbiyyatının ən yaxşı nümunəsi kimi ədəbiyyat tariximizdə qalacaq.

Bu, şair və tərcüməçi, yazıçı və publisist Hidayətin hansı zamanda olmasından asılı olmayaraq, indiki və gələcək oxucularına ən böyük töhfəsi kimi qəbul ediləcək.

Heç bəlkə bu memuarı gələcəkdə oxuyanlar müəllifin görkəmli dövlət xadimi olmaqla bərabər, Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov olmasının fərqində də olmayacaqlar.

 

Mahirə Hüseynova,

Filologiya elmləri doktoru, professor.

5 Avqust 2022 20:02 -

Köhnə versiyamızdan xəbərləri izlə