Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərkəzi Bankda investisiya şirkətlərinin rəhbərləri ilə görüş keçirilib

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun investisiya şirkətlərinin rəhbərləri ilə görüşü keçirilib.

AMB-dən "Xalq qəzeti"nə bildirilib ki, görüşün məqsədi kapital bazarının ölkə iqtisadiyyatında rolunun artırılması və institusional inkişafı, qiymətli kağızlar bazarının infrastrukturunun müasirləşdirilməsi, sektorda tənzimləmə və nəzarət proseslərinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi kimi aktual məsələlərin müzakirə edilməsi olub.

Mərkəzi Bankın sədri T.Kazımov qeyd edib ki, həyata keçirilən geniş islahatlar və inkişaf siyasəti nəticəsində ölkədə makroiqtisadi sabitlik və maliyyə dayanıqlığı təmin edilib. O, bundan sonra da dayanıqlı makroiqtisadi sabitlik və sosial-iqtisadi inkişafa dair hədəf və vəzifələrin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, bu istiqamətdə genişmiqyaslı tədbirlərin davam etdiyini diqqətə çatdırıb.

AMB sədri ölkədə maliyyə bazarlarının aparıcı rolunun daha da gücləndirilməsi, xüsusilə beynəlxalq standartlara uyğun və iqtisadiyyata geniş maliyyələşmə imkanları təqdim edən kapital bazarının formalaşdırılması və əhali yığımlarının investisiyalara transformasiyasını təmin edən kapitallaşma mexanizmlərinin yaradılması istiqamətində aparılan işlərin xüsusi əhəmiyyətini vurğulayıb.

Görüşdə investisiya şirkətlərinin rəhbərləri çıxış edərək, kapital bazarında cari və strateji inkişaf məsələləri, bazar infrastrukturunun təkmilləşdirilməsi və bazarın təşviqi ilə bağlı fikirlərini bildiriblər.

Daha sonra investisiya şirkətlərinin nümayəndələri ilə kapital bazarında normativ hüquqi baza və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, maliyyə vasitəçiliyinin rolunun artırılması, investisiya fondlarının fəaliyyətinin təşviqi, qiymətli kağızlarla klirinq və hesablaşma sistemlərinin optimallaşdırılması, qiymətli kağızlar bazarında stimullaşdırıcı vergi mühitinin formalaşdırılması və fond birjasında ticarət olunan investisiya qiymətli kağızlarının çeşidinin artırılması mövzularında fikir mübadiləsi aparılıb və tərəfləri maraqlandıran suallar cavablandırılıb.

5 Avqust 2022 19:33 -

Köhnə versiyamızdan xəbərləri izlə