Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Professor Donald Ort Cəlal Əliyev adına Beynəlxalq mükafata layiq görülüb

Böyük alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyevin dünya fotosintez elminə verdiyi qiymətli töhfələri nəzərə alaraq, Beynəlxalq Fotosintez Tədqiqatları Cəmiyyəti (ISPR – International Society on Photosynthesis Research) 2018-ci ildə onun adına mükafat (The Jalal Aliyev Lecture Award) və medal təsis edib.

AMEA-nın Mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, bu il ISPR Melvin Kalvin, Endrü Benson, Robert Hill və Jan Andersson kimi görkəmli alimlərin adına təsis edilmiş mükafatlarla yanaşı, Cəlal Əliyev adına mükafat üçün də elan verib və müsabiqəyə bir çox nüfuzlu alimlərin namizədliyi təqdim olunub.

ISPR-in təşkilatçılığı ilə iyulun 31-dən avqustun 5-dək Yeni Zelandiyanın Dunedin şəhərində “Fotosintez tədqiqatları: enerji və ərzaq təhlükəsizliyi üçün fundamental və tətbiqi elm” mövzusunda hibrid formatda keçirilən 18-ci Beynəlxalq Konqresdə (www.ps2022.nz) geniş müzakirələrdən sonra Cəlal Əliyev adına mükafat fotosintez elminin inkişafında böyük xidmətlərinə görə görkəmli amerikalı alim, ABŞ İllinoys Universitetinin Karl Veze adına Genom Biologiyası İnstitutunun (GBİ) professoru Donald Orta verilib. Konqresin avqustun 5-də keçiriləcək iclasında professor Donald Ort bu mükafatı alan alim kimi “Alternativ fototənəffüs yolları ilə iqlim istiləşməsinin fotosintetik karbon artımına təsirinin zəiflədilməsi” mövzusunda elmi məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, professor Donald Riçard Ort İllinoys Universitetinin Bitki Elmləri üzrə Robert Emerson professorudur. Onun elmi tədqiqatları fotosintez prosesini dizayn etməklə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması və iqlim dəyişikliyinə davamlılığının yaxşılaşdırılması problemlərinin araşdırılmasına həsr olunub. Alim ABŞ Elmi İnkişaf Assosiasiyasının (AAAS) Tədqiqatlar üzrə rəhbəri, Beynəlxalq Bitki Fiziologiyası Assosiasiyasının prezidenti (IAPP), Amerika Bitki Bioloqları Cəmiyyətinin (ASPB) prezidenti, Beynəlxalq Fotosintez Tədqiqatları Cəmiyyətinin (ISPR) prezidenti və nüfuzlu “Plant Physiology” jurnalının baş redaktoru kimi böyük uğurla fəaliyyət göstərib. O, hazırda Bitki Biologiyasının İllik İcmalı (ARBB) jurnalının redaktor müavini, ABŞ Milli Elmlər Akademiyasının Əsərləri (PNAS) jurnalının redaksiya heyətinin üzvüdür.

D.Ort 1993-cü ildə ABŞ Kənd Təsərrüfatı Tədqiqatları Xidməti tərəfindən Orta Qərbdə İlin Baş tədqiqatçısı və 2003-cü ildə isə superməhsuldar alim kimi tanınıb. O, ASPB-nin Kettering və Charles Reid Barnes mükafatlarına, ASPB və AAAS təşkilatlarının elmi təqaüdlərinə layiq görülüb. 2011-2013-cü illərdə Çin Elmlər Akademiyasının fəxri professoru mükafatını alıb. 2015-ci ildə onun adı ABŞ Kənd Təsərrüfatı Tədqiqatları Xidmətinin Elm Şöhrəti Zalına daxil edilib. 2017-ci ildə professor Donald Ort ABŞ Milli Elmlər Akademiyasının üzvü seçilib. Alim dəfələrlə ABŞ Kənd Təsərrüfatı Departamentinin müxtəlif mükafatlarına layiq görülüb. O, 2016-19-cu illərdə Elmi İnformasiya İnstitutu tərəfindən ən yüksək istinad edilən müəllif elan olunub.

Professor Donald Ort hazırda ABŞ Genom Biologiyası İnstitutunda Genom ekologiyası və qlobal dəyişikliklər mövzusunun rəhbəri, Bioenerji və İnnovativ Bioməhsullar Mükəmməllik Mərkəzinin tədqiqatlar üzrə direktoru və İllinoys Universitetində Bil Qeyts Fondunun Fotosintezin Effektivliyinin Artırılması proqramının direktor müavinidir. Onun rəhbərliyi altında üç istiqamətdə tədqiqatlar aparılır: 1) Effektivliyin artırılması üçün fotosintezin yenidən dizaynı; 2) Bitkilərlə ətraf mühitin qarşılıqlı əlaqəsinin molekulyar və biokimyəvi əsasları; 3) Ekoloji genomika: CO2, temperatur və quraqlığın bitkilərə, bitki örtüyünə və bitki ekosisteminin həyat fəaliyyətinə interaktiv təsiri.

Qeyd etmək lazımdır ki, Cəlal Əliyev adına beynəlxalq mükafat ilk dəfə 2018-ci ildə Yaponiyanın Okoyama Universitetinin professoru Jian-Ren Shenə verilib.

5 Avqust 2022 21:38 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə