Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın iqtisadi uğurları düzgün strategiya və ardıcıl islahatların nəticəsidir

 Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülən ardıcıl tədbirlər nəticəsində iqtisadiyyatın neft-qaz amilindən asılılığı getdikcə azalıb. Son illər dünyaya özü­nün yeni inkişaf modelini təqdim etməyi bacaran Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi ilbəil sürətlənib. Bu da respublikamızda qeyri-neft sahələrinin inkişafına müsbət təsir göstərib.

Dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyevanın “Grand-Agro İnvitro” MMC-nin müəssisəsinin fəaliyyəti ilə tanış olmaları, eyni zamanda, “Azbadam” MMC-nin emal zavodunun açılışında iştirak etmələri də bu fikrin bariz ifadəsidir.

Yeri gəlmişkən, “Grand-Agro İnvitro” MMC-nin müəssisəsinin işi ilə tanışlıq zamanı bildirilib ki, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulan prioritetlər uğurla həllini tapır. Eyni zamanda, qeyri-neft sektorunda kənd təsərrüfatı məhsullarının payı getdikcə artır. Bu isə ərzaq təhlükəsizliyinin təmin olunmasından və idxaldan asılılığın aradan qaldırılmasından xəbər verir. Ölkə rəhbərinin və birinci xanım Mehriban Əliyevanın fəaliyyəti ilə tanış olduqları “Grand-Agro İnvitro” Məhdud Məsuliyyətli Cəmiyyətinin müəssisəsi, habelə “Azbadam” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışı olan badam emalı zavodu da məhz qeyri-neft sektoru və kənd təsərrüfatının inkişaf konsepsiyasının uğurla reallaşdırılmasının məntiqi nəticəsidir.

Prezident İlham Əliyev za­vodda olarkən, söhbət zamanı Azərbaycanda son vaxtlar fındıqçı­lığın inkişaf etdiyini, fındıq bağları sahəsinin iki dəfədən çox artırıldığını, bu məhsulun ixracına görə ölkəmizin dünyada üçüncü yerdə qərarlaşdığını bildirib.

Yeri gəlmişkən, mütəxəssislər bildirirlər ki, maya dəyəri digər kənd təsərrüfatı bitkiləri ilə müqayisədə daha az olduğundan yüksək rentabelliyi ilə seçilən, daxili və xarici bazarlarda daimi alıcısı olan fındıq istehsalçılar üçün daha əlverişli hesab edilir və bu sahənin inkişaf məsələləri daim diqqət mərkəzində saxlanılır. Məhz yeni fındıq bağlarının salınmasında istifadə olunan pöhrələrə və tinglərə görə hökumət tərəfindən subsidiyanın verilməsinin nəzərdə tutulması ölkəmizdə fındıqçılığın sürətli inkişafına təkan verir. Fındıq ixracına görə ölkəmizin dünyada üçüncü yerdə qərarlaşması da bu diqqətin bariz ifadəsidir.

Ümumiyyətlə, kənd təsərrüfatının ən perspektivli sahələrindən olan fındıq­çılığın inkişafı ilə bağlı Prezident İlham Əliyevin hökumət qarşısında qoyduğu tapşırıqlara uyğun olaraq, yeni fındıq bağlarının salınması prosesi uğurla davam edir və bu da Azərbaycanın ixrac potensialının genişlənməsinə öz müsbət təsirini göstərir. Fındığın qeyri-neft sektoru üzrə ən böyük ixrac məhsulu olması bu sahəyə diqqətin daha da artırılmasına zəmin yaradır və fındıqçılıq sənayesinin gələcəyinə olan nikbinliyi artırır.

Yeri gəlmişkən, dövlətimizin başçısı müəssisədə olarkən təəssüflə bildirib ki, ölkəmizdə badam istehsalı çox aşağı idi və daxili tələbatı ödəmirdi. Buna görə də indi badamçılıqla da ciddi məşğul olmaq qarşıya mühüm vəzifə kimi qoyulub.

Qeyd edilib ki, hazırda həm xa­rici, həm də yerli badam sortları var. Məqsəd isə yerli sortların içərisində məhsuldar və təbiətə uyğun çeşidləri seçib seleksiya yolu ilə onların artırıl­masına nail olmaqdır. Bu da ona görə zəruridir ki, dövlətimizin başçısının vurğuladığı kimi, yerli sortlar daha əhəmiyyətlidir: “Yəni, kəmiyyət dalın­ca getsək, bizim xüsusi dad verən o meyvələri itirə bilərik. Buna xüsusilə diqqət yetirin. Çünki bizim istər narımız olsun, almamız olsun, pomidorumuz olsun, xurmamız olsun, doğrudan da, xüsusi dada malikdir. Biz onu itirməməliyik”.

Qeyd edək ki, Prezident İlham Əliyevin fəaliyyəti ilə tanış olduğu “Grand-Agro İnvitro” MMC 2017-ci ildə istifadəyə verilib. Həmin vaxtdan müəssisədə məhsuldar meyvə və digər bitki tinglərinin yetişdirilməsi diqqət mərkəzində saxlanılıb.

MMC-nin tətbiq edilən müasir texno­logiyalar sayəsində yerli və xarici bazar­da rəqabətədavamlı yüksəkkeyfiyyətli məhsullar yetişdirmək imkanları mövcuddur. Növ seçimi bazarın tələbatı və müştərinin sifarişinə uyğun olaraq müəyyənləşdirilir.

Xatırladaq ki, “İnvitro” layihəsinə ya­tırılan investisiyanın ümumi məbləği 21 milyon manatdır. Burada istixanalar mü­asir damcı üsulu və sisləmə sistemi ilə suvarılır. Müəssisədə beynəlxalq stan­dartlara tam cavab verən laboratoriya isə ən müasir texnologiyalar əsasında fəaliyyət göstərir. İnkubasiya otaqlarının geniştutumlu olması sayəsində labora­toriya il ərzində 4 milyon ədəd müxtəlif cins və sort yetişdirmək imkanına malikdir.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın açılışında iştirak etdikləri badam emalı zavodu isə “Azbadam” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus istehsal müəssisəsidir.

Bu layihənin həyata keçirilməsi iki mərhələdə planlaşdırılıb. Birinci mərhələ üzrə 2017-2019-cu illərdə Abşeron rayonunun Qala və Bilgəh qəsəbələrində Aralıq dənizi badam sortlarından olan Quara (160 hektar), Belona (95 hektar), Avijor (138 hektar) və Soleta (34 hektar) növlü ağaclardan ibarət badam bağları salınıb. Bağlara yatırılan ümumi investisiya məbləği 17 milyon manat təşkil edib.

İkinci mərhələdə yaradılan zavod ölkədə ilk badam emalı müəssisəsidir. İnşası 2021-ci ilin sentyabrında tamam­lanan müəssisənin ümumi investisiya dəyəri 13,5 milyon manatdır. Bunun 10 milyon manatı Sahibkarlığın İnkişafı Fondu hesabına ayrılan güzəştli kredit, 3,5 milyon manatı isə təsisçi kapitalıdır.

Zavodda məhsulun ilkin emalı, sın­dırılması, qurudulması və çeşidlənməsi nəzərdə tutulub. Müəssisə İspaniyanın “Jose Borrell S.A.” brendinə məxsus avadanlıqla təchiz edilib.

Onu da deyək ki, “Azbadam” MMC investisiya təşviqi hesabına edilən güzəştlərdən yararlanaraq, indiyədək xərclərinə 1 milyon manat məbləğində qənaət edib.

Badam ləpəsinin ölkədaxili illik istehlak həcmi 750-800 ton təşkil edir. 2015-2019-cu illərdə ölkədə istehlak edilən badam ləpəsinin 90-95 faizi idxal olunurdu. Bu məqsədlə ölkədən hər il 6 milyon ABŞ dolları məbləğində valyuta xaricə çıxırdı. Müəssisənin fəaliyyəti nəticəsində 2024-cü ildən etibarən daxi­li bazarın tələbatı “Azbadam” MMC-nin emal müəssisəsi hesabına nəinki tam şəkildə təmin olunacaq, məhsullar Avropa İttifaqı ölkələrinə, Türkiyəyə, MDB və Mərkəzi Asiya respublikalarına, Hindistana, Birləşmiş Ərəb Əmirliklərinə və digər ölkələrə “Made in Azerbaijan” brendi ilə ixrac ediləcək.

Qeyri-neft sektorunun inkişafının bariz göstəricisi olan həm “Grand-Agro İnvitro” MMC-nin müəssisəsinin fəaliyyəti, həm də “Azbadam” MMC-nin emal zavodunun istifadəyə verilməsi respublikamızda sosial-iqtisadi çağırış­ların nəzərə alınaraq həyata keçirilən islahatların məntiqi nəticəsidir.

Bu islahatlar məzmununa görə məqsədyönlü və konkret strateji hədəfə doğru hesablanıb. Genişmiqyaslı yenilənmələr respublikada yüksək dayanıqlı və inklüziv iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatın daha da şaxələnməsi, özəl investisiyaların və təşəbbüslərin yüksək səviyyədə təşviqi üçün əlverişli zəmin yaradıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz son 18 ildə sürətli inkişaf yolu keçib. Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunma­sı, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra önəmli layihələr reallaşdırılıb. Bütün bunların nəticəsində iqtisadiyyat 3 dəfədən çox artıb, ölkə iqtisadiyyatına 300 milyard dollara yaxın investisiya yatırılıb. İndiyədək isə ölkədə verilən 513 investisiya təşviqi sənədi üzrə layihələrin ümumi dəyəri 5 milyard manata yaxınlaşıb ki, bu da əsasən regionlarda həyata keçirilən layihələrin payına düşüb.

Azərbaycanın social-iqtisa­di sahələrdə əldə etdiyi uğurlar, rəqabətədavamlı, innovativ iqtisadi sis­temin formalaşdırılması istiqamətində atılan ardıcıl addımlar dünyanın aparıcı iqtisadi-maliyyə institutlarının, iqti­sadi azadlıq səviyyəsini tədqiq edən mərkəzlərin diqqətindən də kənarda qalmır və yüksək qiymətləndirilir.

Beynəlxalq reytinq agentliklərinin proqnozları təsdiqləyir ki, Azərbaycan artıq iqtisadi cəhətdən azad ölkədir. Respublikada əlverişli biznes, investi­siya mühiti mövcuddur. Eyni zamanda, hökumət vergi gəlirlərində və kapital xərclərində, habelə milli valyutanın məzənnəsi ilə bağlı təsirli nizamlayı­cı addımlar atmaqla mövcud valyuta ehtiyatlarının azalmasının qarşısını alır. Bu isə liberal iqtisadi islahatların, düşünülən, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olur və bütün bunlar isə dövlətimizin dün­yanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən, Azərbaycanın uğurlu gələcəyindən xəbər verir.

Göründüyü kimi, respublikada sosial-iqtisadi nailiyyətlərin davamlılığı və dayanıqlı inkişafı həm beynəlxalq maliyyə qurumları, həm də böyük şirkətlər, investorlar tərəfindən yüksək dəyərləndirilib. Təsadüfi deyildir ki, dünyada yaşanan ən ağır maliyyə və iq­tisadi böhranı şəraitində belə Prezident İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində Azərbaycan xarici iqtisadi təsirləri neytrallaşdırıb, nəzərdə tutulan bütün sosial-iqtisadi proqramlar tam icra edilib, iqtisadiyyatımız artıb. Bütün bunlara nail olunmasında isə iqtisadiy­yatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi tədbirləri xüsusi önəm kəsb edib.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

5 Avqust 2022 01:34 - İQTİSADİYYAT
İQTİSADİYYAT
10 Avqust 2022 | 09:10
Azərbaycan nefti bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə