Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qazilər dövlətin onlara göstərdiyi sosial dəstək paketindən bərabər faydalanırlar

Bugünlər Birinci Qarabağ müharibəsində yaralanmış, bədən üzvlərindən birini, ya hər ikisini itirmiş Vətən oğulları – qazilərimizin üzü gülür. Azərbaycan Prezidentinin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək paketinə start verilib. Həmin müharibə nəticəsində əlil olanlara birdəfəlik ödəmə təyin edilib. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirı Sahil Babayev KİV-ə müsahibəsində deyib: “Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi mexanizmi humanist yanaşma, ödənişlə təminat proqramının əhatə dairəsinin daha geniş olması prinsipləri əsasında hazırlanıb. Birdəfəlik ödəmə təkcə hazırda müharibə əlili statusunda olanlara deyil, həm də vaxtilə Birinci Qarabağ müharibəsi ilə bağlı əlilliyi olmuş, lakin sonradan sağalmış, yəni reabilitasiya olunduğundan əlillik dərəcəsi hazırda olmayan şəxslərə də verilir”.

Nazir, həmçinin bildirib ki, həmin vəsaitin Bi­rinci Qarabağ müharibəsi əlili vəfat etdiyi halda onların vərəsələrinə verilməsi nəzərdə tutulub. Onu da qeyd edək ki, əvvəllər birdəfəlik ödəmə alan, lakin hazırkı məbləğdən az vəsait almış şəxslərə də qəbul olunmuş qaydaya uyğun ödəniş olacaq.

Qeyd edək ki, birdəfəlik ödəmə ilə təminat proqramının icrası üçün ötən dövrdə elektron sistem yaradılıb, müvafiq e-məlumat bazası formalaşdırılıb. Birdəfəlik ödənişlər e-sistem üzərindən proaktiv qaydada həyata keçirilir və artıq 11 min şəxs bu ödənişlə əhatə olunub. Məlumdur ki, Birinci Qarabağ müharibəsinin qazilərindən ötən dövrdə vəfat edənlər olub. Həmçinin bəzi şəxslərin xəsarəti ilə bağlı e-sistemlərdə və arxivlərdə məlumat yoxdur. Həmin ailələrdə heç bir narahatlıq ola bilməz. Çünki qazilərdən xəsarət alması ilə bağlı arxivlərdə və ya e-sistemdə məlumat olmayan­lara da, vəfat etmiş şəxslərin vərəsələrinə də birdəfəlik ödəmə təyin olunacaq.

Dövlət başçısının fərmanının icrası ola­raq və Nazirlər Kabinetinin yeni təsdiq etdiyi qaydaya uyğun şəkildə artıq Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələr təyin olunub. Qeyd edək ki, 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluq­çular və daxili işlər orqanları əməkdaşlarından həmin dövrədək hərbi xidmətdə xəsarət alması barədə məlumatları aidiyyəti qurum­lar tərəfindən müvafiq elektron sistemə daxil edilmiş, həmçinin sığorta ödənişi alması üçün məhkəmə qətnaməsi olan 11 minədək şəxsə həmin birdəfəlik ödəmələr təyin edilmişdir. Qeyd edək ki, birdəfəlik ödəmənin məbləği I dərəcə əlilliyə görə 8 min 800 manat, II dərəcə əlilliyə görə 6 min 600 manat, III dərəcə əlilliyə görə 4 min 400 manat təşkil edir.

E-sistemlərdə, habelə müvafiq arxivlərdə aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün e-qaydada ödəmə təyin edilməyən şəxslər, habelə birdəfəlik ödəmə almaq hüququ olan vəfat etmiş şəxslərin vərəsələri də onlara dair müvafiq məlumatlar e-sistemə daxil edildikdən sonra həmin sosial ödənişlərlə təmin olunacaq­lar. Bunun üçün qeyd olunan şəxslərə məlum posterlərdə göstərildiyi qaydada müraciət edərək sənədləri təqdim etmələri tövsiyə olu­nub.

Xatırladaq ki, dövlət başçımız nəinki, 44 günlük Vətən müharibəsində şəhid olanların ailə üzvlərinin və yaralanan qazilərin, həm də Birinci Qarabağ müharibəsində də şəhid olanların ailə üzvlərinin və qazilərin problemlərini diqqətdə saxlayır və hər bir məmurdan tələb edir ki, həssas qrupa aid edilən insanlara xüsusi qayğı göstərsinlər: “İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Bilir­siniz ki, mənim şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlərim olub. Onların məişət problemləri dövlət xətti ilə həll olunur”. O, həmçinin qeyd etmişdir ki, azad edilmiş torpaq­larımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmuru, hər bir insan onlara arxa, dayaq olmalıdır.

Bugünlərdə Amerika Birləşmiş Ştatları­nın Dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığında dövlətimizin başçısı humanitar məsələlərə toxunaraq, 30 il öncəki Birinci Qarabağ müharibəsində 3 min 890 nəfərdən artıq azərbaycanlının itkin düşmüş şəxs hesab olunduğunu bildirib və Ermənistan tərəfinə dəfələrlə müraciət edilməsinə bax­mayaraq, kütləvi məzarlıqların yerləri barədə məlumat verilməməsinə diqqət çəkib. Ötən müddətdə “öldü – qaldı”sından xəbər olmayan hərbçilərimizin taleyi də cənab Prezidentin daim maraqlandığı problemlərdəndir. Ölkə rəhbəri, həmçinin Azərbaycanın işğaldan azad olun­muş ərazilərində Ermənistan tərəfindən kütləvi şəkildə minaların basdırıldığını və müharibənin başa çatmasından bəri 240 nəfərdən artıq vətəndaşımızın mina partlayışlarında həlak olduğunu və ya sağlamlığını itirdiyini bildirib.

Bu, onu göstərir ki, Birinci və İkinci Qara­bağ müharibəsində şəhid olanların ailə üzvləri, həmçinin hər iki müharibənin qaziləri eyni sta­tusu daşıyırlar və ona görə də dövlətin onlara göstərdiyi sosial dəstək paketindən də bərabər faydalanmalıdırlar.

Azər MUSAYEV,

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru

5 Avqust 2022 00:15 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə