Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti quruculuğu

Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan, eyni zamanda, 2022‒2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olur. Bu strateji dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlı­ğının daha da gücləndirilməsi, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə Azərbaycan dövləti öz qüdrətini daha da artırmaqla, yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni vəzifələri gerçəkləşdirmək əzmindədir.

“Azərbaycan‒2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qarşıya qoyulan bütün bu məqsədlərin reallaşdırılması üçün qəbul olunan “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”da bildirilir ki, 2026-cı ilin sonuna kimi ölkədə iqtisadi artım tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşacaq, xüsusilə prioritet sahələrdə inkişaf sürətlənəcək, qüdrətli dövlət və yüksək rifahı şərtləndirən iqtisadiyyatın, həmçinin məşğulluğun dayanıqlığı daha da güclənəcək.

Qeyd edək ki, qarşıdakı beş il ərzində xüsusilə ərzaq təhlükəsizliyini təmin edən, ixrac potensialının artırılmasına, kənd yerlərində rifahın yüksəlməsinə töhfə verən rəqabətqabiliyyətli aqrar istehsal və emalı sənayesinə dövlət dəstəyi, eyni zamanda, investisiyalar daha geniş şəkildə cəlb olunacaq, innovasiyalar, habelə dövlət‒özəl tərəfdaşlığı ilə bu sahədə nümunəvi xidmət təminatı reallaşdırılcaq.

Bütün bunlarla bərabər, əhalinin sosial müdafiəsi, xüsusilə həssas təbəqələrin sosial təminatı diqqət mərkəzində saxlanılmaqla, pensiya sistemində mühüm keyfiyyət dəyişikliyi gerçəkləşdiriləcək.

Nəhayət, ölkənin sosial-iqtisadi inkişafında tarixi dönüş dövrü və yeni strateji mərhələ olan işğaldan azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına Böyük qayıdış təmin ediləcək.

Son illər ərzində həyata keçirilən islahatlar nəticəsində iqtisadi artım bütün vətəndaşların sosial rifahını yaxşılaşdırıb. Bu dövrdə ölkədə minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqı 2 dəfə, pensiyaların minimum məbləği isə 2,3 dəfə artıb. Aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə istifadə olunan ehtiyac meyarının məbləği son 10 ildə 2,3 dəfə artırılaraq, 2011-ci ildəki 75 manatdan 2021-ci ildə 170 manata çatdırılıb.

Son 10 il ərzində ölkədə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl genişmiqyaslı dövlət proqramları həyata keçirilib. Bu dövrdə məşğul əhalinin sayı 14 faiz, muzdla işləyənlərin sayı 22,9 faiz artıb, işsizlik səviyyəsi isə pandemiya ilə əlaqədar dalğalanmalara məruz qalmasına baxmayaraq, 2021-ci ildə ölkə üzrə 6 faiz təşkil edib.

Ölkədə yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı dövlət sosial yardımı genişləndirilib, aztəminatlı ailələrin təminatı daha da gücləndirilib. Ötən müddət ərzində aztəminatlı ailələrə verilən sosial yardımın orta aylıq məbləği 2,6 dəfə artırılaraq, 2021-ci ildə 280 manata çatdırılıb. Reallaşdırılan tədbirlər nəticəsində, milli yoxsulluq həddindən aşağı səviyyədə yaşayan əhalinin xüsusi çəkisi 2019-cu ildə 2010-cu illə müqayisədə 9,1 faizdən 4,8 faizədək azalıb.

Yeri gəlmişkən, 2020-ci ildə COVID-19 pandemiyası ilə əlaqədar qeyd olunan göstərici 6,2 faizədək artsa da, 2021-ci ildə 5,9 faizə enib. Keyfiyyətli insan kapitalının hazırlanması prosesinin mühüm mərhələsi olan məktəbəqədər təhsildə göstəricilər yaxşılaşıb. Şəhər və kəndlər üzrə məktəbəqədər təhsilin əhatəlilik göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb, məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan və ümumtəhsil məktəblərində məktəbəhazırlığa cəlb olunan uşaqların 1‒5 yaşlı uşaqların ümumi sayında xüsusi çəkisi son 5 ildə 16 faiz bəndi artaraq 32 faizə yüksəlib.

Təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müəllim-pedaqoq heyətinin inkişafı və motivasiyası diqqətdə saxlanılıb. Müəllimlər arasında aparılan müsabiqələr və müəllimlərin təkmilləşdirilməsi üçün həyata keçirilən layihələr, habelə müəllimlərin son 10 ildə əməkhaqlarının 2,4 dəfə artırılması ümumi təhsil məktəblərində təhsil keyfiyyətinə müsbət təsir göstərib.

Ölkədə təhsilə çıxışın yaxşılaşdırılması məqsədilə müasir texnologiyaya əsaslanan təhsil infrastrukturu yaradılıb. Bundan başqa, 2003‒2021-ci illərdə 3400-dən çox məktəb binası tikilib və ya əsaslı təmir olunub ki, bu da bütün məktəblərin 76 faizini təşkil edib.

Keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlıq davamlı şəkildə yaxşılaşıb. Nəticədə ölkədə ana və uşaq ölümü göstəriciləri azalıb, doğulanda gözlənilən ömür uzunluğu və gözlənilən sağlam ömür uzunluğu isə artıb.

Ölkədə təmiz ekoloji mühit dəstəklənib, mövcud təbii resurslardan dayanıqlı və səmərəli istifadə ilə yanaşı, bərpa olunan enerji mənbələrinin dövriyyəyə cəlbi imkanları genişlənib. Müasir su ehtiyatları infrastrukturu yaradılıb, tullantıların səmərəli idarə edilməsi imkanları genişləndirilib, bərpaolunan enerji mənbələri üzrə yeni qoyuluş gücləri yaradılıb.

Son illərdə dünya iqtisadiyyatında baş verən dəyişikliklər fonunda koronavirus pandemiyasının təhdidləri uğurla aradan qaldırılıb. Qlobal rəqabətin əsas amili kimi keyfiyyətli insan kapitalı, texnoloji modernləşdirmə və dayanıqlı iqtisadi artım öz mühüm əhəmiyyətini saxlayıb.

Bu gün ölkədə iqtisadi artımın dayanıqlı olması üçün kənd və şəhərlər arasında inkişaf balansı gözlənilir. Kəndlərdə də şəhərlərdəki kimi, müasir sosial-iqtisadi infrastrukturun zəruri elementləri olan təhsil ocaqları, tibb müəssisələri, mədəniyyət evləri, mühüm kommunal və inkişaf xidmətləri rəqəmsal texnologiyalar əsasında yaradılır. Bütün bunlar şəhər və kənd yerləri arasında həyat standartlarında fərqi əhəmiyyətli dərəcədə azaldır. Kəndlərin planlanması və əhalinin məskunlaşması zamanı regionun iqtisadi dəyər zəncirində mövcud və potensial rolu nəzərə alınır.

Qlobal birbaşa investisiyaların cəlbi üzrə rəqabət kəskinləşir. Bu investisiyalar sağlam və şəffaf biznes mühitinin mövcudluğunu, makroiqtisadi sabitlik və maliyyə sabitliyi tələb edir. Qeyd olunan şərtlər mövcud olmadığı halda, ölkəyə yüksək texnologiya və bilik gətirən birbaşa xarici investisiyaların axınına maneə yaranır. Bu baxmdan təcrübə göstərir ki, sürətli inkişafın əsas drayveri olan birbaşa xarici investisiyalar respublikada dayanıqlı yeni iş yerləri açılmaqla yanaşı, yüksəkkeyfiyyətli insan kapitalını formalaşdırır.

COVID-19 pandemiyası dünya ölkələrinin iqtisadiyyatları üçün səhiyyə, ərzaq təhlükəsizliyi və dayanıqlı məşğulluq çağırışlarını aktuallaşdırıb. Buna görə də rəqəmsal texnologiyaların səhiyyə sisteminə tətbiqi ilə çevik və təmassız tibb xidmətlərinin genişləndirilməsi zərurəti qarşıya çıxıb. Bununla da insanların səhiyyə xidmətlərinə ucuz çıxış imkanlarının reallaşdırılması nəzərdə tutulub.

Yoluxucu xəstəliklərdən qorunma yalnız güclü səhiyyə sistemi və qabaqlayıcı tədbirlər hesabına mümkün deyil. Eyni zamanda, insanların sağlam qidalanması və bu əsasda tələb olunan immunitetin formalaşması vacibdir. Ölkələr həm ərzaq təchizatında yaranmış problemləri həll etmək, həm də ərzaq qiymətlərində yüksək qiymət dəyişkənliyindən sığortalanmaq üçün uzunmüddətli dövrə strateji ərzaq ehtiyatları yaradırlar. İqtisadiyyatda baş verən dəyişikliklər əmək bazarına da təsirsiz ötüşmür və xüsusilə də yeni ixtisasların yaranması, bir sıra ixtisaslara tələbin azalması əhalinin məşğulluğu sahəsində uyğun tədbirlər görülməsini şərtləndirir.

Növbəti strateji dövrdə “Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti”nə çevrilmək üçün mövcud sosial-iqtisadi modelin məzmunu və strukturu əhəmiyyətli dərəcədə yenilənəcək. Bu əsasda qəbul edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” müasir inkişaf ideologiyasına əsaslanan yeni sosial-iqtisadi artım modelinin bazasında həyata keçiriləcək. Bu model ölkənin bütün resurslarını və nailiyyətlərini səfərbər etməklə, onları uzunmüddətli dövrdə qarşıya qoyulan strateji vəzifələrin reallaşmasına yönəldəcək.

Yeni sosial-iqtisadi inkişaf modeli 2030-cu ilədək olan dövrdə ölkədə bütün sahələrdə həyata keçirilməsi nəzərdə tutulan köklü islahatların ideologiyasını təmin edir. İdeologiyanın əsasında yaradıcı sahibkar, məhsuldar investisiyalar, innovasiyaları dəstəkləyən əqli mülkiyyətin inkişafı və rəqabətli bazarlar durur.

Bu gün əlverişli demoqrafik vəziyyətin mövcudluğu, iqtisadi fəal gənc əhalinin işçi qüvvəsinin ümumi strukturunda yüksək paya malik olması və gənclər tərəfindən yeni innovativ metodların dərindən mənimsənilməklə tətbiqi daha səmərəli nəticələrin əldə olunması üçün imkanlar yaradır.

Əməkhaqları artırılacaq və hamı üçün layiqli həyat səviyyəsi təmin ediləcək. İşləyənlərin layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədilə minimum əməkhaqları artırılacaq. Xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına nisbətinin məqbul səviyyəsi qorunacaq.

Bir sözlə, bütün vətəndaşlar üçün ədalətli və əhatəli sosial müdafiə sistemi qurulacaq. Pensiyaçılar üçün səmərəli yığım, aztəminatlı əhali qrupu üçün zəruri ehtiyacların ödənilməsi, əlilliyi olan şəxslər üçün isə sosial yardımların əlçatanlığı artırılacaq. Pensiya sisteminin dayanıqlığı gücləndiriləcək, sosial sığortanın tətbiqi genişləndiriləcək. Hamı üçün bərabər iştirak imkanı yaradan sosial təminat və social xidmətlər sistemi inkişaf etdiriləcək. Minimum pensiya məbləği minimum əməkhaqqı səviyyəsinin 75‒80 faizində saxlanılacaq.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

4 Avqust 2022 01:15 - İQTİSADİYYAT
İQTİSADİYYAT
5 Oktyabr 2022 | 12:07
Azərbaycan nefti bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə