Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağ zəfərinin bölgədə yaratdığı geosiyasi gerçəklik strateji uğurlarla möhkəmləndirilir

“Bugünlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə ölkəmizin ərazi bütövlüyünü təmin etmiş Vətən müharibəsinin Cənubi Qafqazda yaratdığı gerçəkliyin əsas parametrləri bir daha diqqət mərkəzində oldu. Dövlət başçısı bildirdi ki, ölkəmizin ədalətli mövqeyini hərbi yolla sübuta yetirən bu müharibədəki misilsiz qələbə Qarabağın 30 illik işğaldan azad edilməsi ilə yanaşı, müstəqil Azərbaycan dövlətinin güc və qüdrətini bütün dünyaya göstərdi”.

Prezident İlham Əliyevin müşavirədə postmüharibə dövründə bölgədə yaranmış geosiyasi durumla bağlı mülahizə və bəyanatlartına münasibət bildirən Milli Məclisin deputatı Fatma Yıldırım bu açıqlamasının davamında aşağıdakıları söylədi:

– Doğrudan da, İkinci Qarabağ müharibəsi dünya hərb və siyasət tarixinə əbədi həkk olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində işğalçıları döyüş meydanında məhv etdi, 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Başqa sözlə, müstəqil Azərbaycanın güclü ordusu Ermənistanın 30 il müddətində havadarlarının dəstəyi ilə qurduğu ordunu darmadağın etdi. Çox sayda tank, artilleriya qurğuları, raket sistemləri, canlı qüvvə məhv edildi, hərbi texnika, silah-sursat ələ keçirildi. Ermənistan tərəfinin tankları, zirehli texnikaları, radar sistemləri və səngərləri Azərbaycanın hərbi dronları üçün ova çevrildilər. PUA-lardan səmərəli istifadə olunması XXI əsrin müharibəsinin əvvəlki savaşlardan fərqli olduğunu göstərdi.

Bütövlükdə, XXI əsrin modern müharibə modeli və hərb strategiyası Azərbaycana cəmi 6 həftəyə Ermənistanı təslim olmağa məcbur etdi. Nəhayət, ermənilərin özləri haqqında yaratdığı “məğlubedilməzlik” mifi darmadağın oldu. Əlbəttə, bu qələbə təkcə silah-sursat və texnika hesabına təmin edilmədi. Yüksək döyüş qabiliyyəti, taktiki və strateji hazırlıq, nümunəvi vətənpərvərlik ruhu, milli həmrəylik və digər mühüm amillər Azərbaycanın mütləq qələbəsini şərtləndirən mühüm faktorlar kimi xüsusi qeyd edilməlidir. Bütün bunlar XXI əsrin müharibəsinin Azərbaycan modelini əks etdirir. Və bu təcrübənin dünyada, o cümlədən aparıcı hərbi məktəblərdə geniş öyrənilməsi – nümunə kimi göstərilməsi ölkəmizin hərbi-strateji qüdrətinin və siyasi nüfuzunun əyani ifadəsidir.

Müşavirədə ilin 6 ayının ən mühüm yekunları barədə məlumat verən ölkə rəhbəri qeyd etdi ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir. Möhtərəm Prezident, ilk növbədə, Qarabağ zəfərinin dövlətimizin xarici siyasətini yeni yüksək mərhələyə qaldırdığını vurğuladı: “Bu il bizim xarici siyasətimiz çox fəal olub və xarici siyasət istiqamətində hesab edirəm ki, yeni önəmli addımlar atılıb və ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Nəticələr arasında, əlbəttə ki, Qoşulmama Hərəkatındakı uğurlu sədrliyimizi qeyd etmək istərdim. Bizim sədrliyimiz bildiyiniz kimi, 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılıb. Bu, onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır. Biz də məsuliyyətli ölkə olaraq və Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına da böyük töhfə vermişik”.

Dövlət başçısının digər beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq sahəsində söylədikləri ilə bağlı deputat müsahibimiz bildirdi:

– Ölkə rəhbəri müşavirədə xarici siyasətin prioritetləri ilə bağlı dedi ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkəmizin fəaliyyəti bundan sonra da uğurla davam etdiriləcək. Bu il Avropa İttifaqı ilə fəal əməkdaşlıq aparılmışdır. Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan hər zaman fəallıq göstərmişdir və həm təşkilat çərçivəsində, həm üzv ölkələr arasında təmaslar genişlənir.

Qonşu ölkələrlə əlaqələrimiz hər zaman bizim üçün əsas prioritetlərdən biri olub və bu il bu istiqamətdə addımlar atılıb – Azərbaycan rəhbərinin Rusiya, İran, Gürcüstan prezidentləri ilə görüşləri bir daha bunu göstərir. Amerika–Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atılmışdır, yüksəkvəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil edilmişdir. Amerika Birləşmiş Ştatlarının Prezidenti ölkəmizin rəhbərinə son aylarda iki dəfə– Müstəqillik Günü və Bakı Enerji Həftəsinin açılışı ilə bağlı məktub göndərmişdir.

Prezident İlham Əliyev bu ilin altı ayında Azərbaycan–Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılmasını qeyd etsə də, hələlik real nəticələr yoxluğuna da təəssüfləndiyini bildirmişdir: “Baxmayaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq əfsuslar olsun ki, Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Əgər müsbət məqamlardan söhbət açsaq, sadəcə olaraq, deyə bilərəm ki, delimitasiya üzrə işçi qrupların birinci görüşü keçirilmişdir. Biz bunu müsbət addım kimi qiymətləndiririk. Bu da ölkəmizin təşəbbüsü ilə baş vermiş hadisədir. Digər müsbət hal ondan ibarətdir ki, yenə də Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilib, Ermənistan rəhbərliyi rəsmən bu beş prinsipi qəbul edib”.

Dövlət başçısı bölgədə sülhün perspektivini müəyyən edən bu təkliflə bağlı açıqlamasında göstərdi ki, münaqişənin məhz bu prinsiplər əsasında həll olunması demək olar ki, təsdiqləndi. Ermənistan bunu qəbul etdi və bunu rəsmən etiraf etdi. Ölkəmiz bu məsələni bir neçə qonşu dövlətlə– Türkiyə ilə, Rusiya ilə, İranla müzakirə etmişdir və bu mövqe dəstəklənir. Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları kimi tərəfdaşlarla da bu məsələ müzakirə edilmiş və faktiki olaraq indi sülh danışıqlarının başlanması üçün əsas yaradılmışdır.

Ermənistanın bizim beynəlxalq hüquq norma və prinsipləri əsasında formalaşan təkliflərimizi qəbul etməsini müsbət hal kimi dəyərləndirən ölkə rəhbəri qeyd etdi ki, hələ konkret addımlar yoxdur: “Əfsuslar olsun ki, müharibədən 1 il 8 ay ötməsinə baxmayaraq, bundan başqa, mən hər hansı bir müsbət məqam tapa bilmirəm. Ancaq əfsuslar olsun ki, mənfi məqamlar daha çoxdur. Onlardan biri Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərdən boyun qaçırmasıdır. 10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklər orada açıq-aydın göstərilir. Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır”.

Fatma Yıdırım Azərbaycan dövlətinin liderinin yaranmış gerçəkliyin təkzibedilməzliyini və zəruri addımların təxirəsalınmazlığını bir daha bütün dünyaya bəyan etməsindən söz açaraq dedi:

Cənab İlham Əliyev Ermənistanın qeyri-konstruktiv mövqeyini kəskin pisləyərək, bölgədəki indiki gerçəkliyi bir daha bu ölkənin başabəla siyasətçilərinin nəzərinə çatdırdı. Prezident vurğuladı ki, biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir.

10 noyabr Bəyannaməsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında dəhlizin açılması da razılaşdırılmışdı və Ermənistan bu öhdəliyi öz üzərinə götürmüşdü, bu günə qədər konkret bir addım atmayıb. Əksinə, Laçın yolu açıqdır və Azərbaycan o yolun təhlükəsizliyinə zəmanət verir: “Ermənistan bu öhdəliyi də yerinə yetirmək istəmir, ancaq bunu etiraf etmir. Ona görə biz haqqımızı tələb edirik. Əgər biz 10 noyabr Bəyannaməsinin bütün müddəalarını icra ediriksə, Ermənistandan da eyni yanaşma tələb edirik. Özü də 1 il 8 ay keçib və bunu hər kəs nəzərə almalıdır”.

Azərbaycan rəhbəri bölgədə yaranmış gerçəkliyin qorunub saxlanması və möhkəmləndirilməsində ölkəmizin iqtisadi və müdafiə qüdrətinin möhkəmləndirilməsinin önəmini müşavirədə bir daha gündəmə gətirərək söylədi ki, ötən dövrdə hərbi sahədə də islahatlar aparılıb. Struktur islahatları aparılıb, hərbi təhsildə islahatlar aparılıb. Təlimlərlə bağlı ciddi addımlar atılıb. Yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq. Biz ordu quruculuğu sahəsində öz işlərimizi davam etdiririk. Bizim bu il artan iqtisadi və maliyyə imkanlarımızın bir hissəsi məhz bu məsələlərə istiqamətləndirilib: “Ən müasir hərbi texnika və silahların alınması üçün bu il dürüstləşmə zamanı hərbi xərclərimiz artıb. Nə qədər lazımdırsa, o qədər də artıracağıq. Çünki biz müharibə nədir, işğal nədir yaxşı bilirik və təhlükə nədir onu da yaxşı bilirik. Hər an hazır olmalıyıq ki, öz hüququmuzu istənilən yolla təmin edək”.

Milli Məclisin deputatı sonda bildirdi ki, torpaqlarımız işğaldan azad olunsa da, ordu quruculuğu yeni mərhələdə müasir çağırışlara uyğun davam etdirilir:

– Müharibədən sonra imzalanmış yeni müqavilələr icra edilir, ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar alınır. Yeni silahlı birləşmələrin – Komando Briqadasının yaradılması isə böyük hərbi-strateji əhəmiyyətə malikdir. Prezident İlham Əliyev Azərbaycan xalqının haqq savaşını bütün cəbhələrdə – siyasət, dövlət quruculuğu, diplomatiya, informasiya-təbliğat və hərb meydanında uğurla apardı, hədəfə nail oldu.

Təbii ki, Azərbaycanın 44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq torpaqlarını işğaldan azad etməsi təkcə ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil. Bu, eyni zamanda, dünyada yeni nümunənin - mühüm presedentin yaradılmasıdır. Söhbət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasına nail olmaqdan gedir. Bu, eyni zamanda, BMT-nin korlanmış imicinin bərpası üçün yeni nümunə yaradılması və ya şərait formalaşdırılması baxımından önəmlidir.

Bu Qələbə, eyni zamanda, milli mənəviyyatın yenilənməsi, milli qürur və ləyaqətin bərpası, dövlətçiliyin gücləndirilməsidir. Zəfərin strateji prosesə çevrilməsi isə Azərbaycanın sarsılmazlığını təmin edən əsas sütunlardan biridir. Ölkəmizin hazırkı durumu göstərir ki, Qarabağ zəfərinin yaratdığı geosiyasi gerçəklik xarici siyasətdə və hərbi quruculuqda qazanılan strateji uğurlarla möhkəmləndirilir.

Hazırladı: Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

21 İyul 2022 00:25 - MÜSAHİBƏ
MÜSAHİBƏ
19 İyul 2022 | 02:12
İrəvanda qalan irsimiz

Köhnə versiyamızdan xəbərləri izlə