Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İrəvanda qalan irsimiz

Ona sahib çıxmalıyıq

Bugünlərdə Azərbaycan xalqının İrəvan şəhərində, o cümlədən şəhərin Təpəbaşı məhəlləsində yerləşən milli-mədəni, tarixi irsinə qarşı Ermənistanın həyata keçirdiyi mədəni soyqırımı prosesi ilə bağlı Azərbaycanın bir qrup elm xadimi və ictimaiyyət nümayəndələri tərəfindən UNESCO-nun baş direktoru Odre Azuleyə müraciət ünvanlanıb. Məqsəd İrəvan şəhərinin azərbaycanlıların qurub-yaratdığı bir şəhər olmasını diqqətə çatdırmaqdan və hazırda orada mövcud olan maddi-mədəni irsimizin beynəlxalq təşkilatlar tərəfindən tanınmasına və qorunmasına nail olmaqdan ibarətdir.

Bu məsələ ilə əlaqədar tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı, Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafaya müraciət etdik. Müsahibəni oxucularımıza təqdim edirik.

 

Nazim müəllim, siz “İrəvan şəhəri”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” kitablarının müəllifi kimi tanınırsınız. İstərdik ki, əvvəlcə İrəvan şəhəri haqqında ümumi məlumat verəsiniz.

– Müxtəlif dövrlərdə İrəvan şəhərinin yerləşdiyi ərazi Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, İlxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar, çar Rusiyası dövlətlərinin tərkibinə daxil olmuşdur. Yalnız 1918-ci ildə Cənubi Qafqazda ilk erməni dövləti yarandıqdan sonra İrəvan şəhəri Ermənistanın paytaxtına çevrilmişdir.

Yalnız Azərbaycan türklərinin yaşadıqları bu şəhərin adı orta əsr yazılı mənbələrində Rəvan, İrəvan, İrivan kimi qeyd edilmişdir. XIX əsrin əvvəllərində rus qoşunları tərəfindən işğaldan sonra şəhərin adı Erivan (Эривань) kimi yazılmışdır. Bu şəhər 1936-cı ildə Yerevan adlandırılmışdır.

Xanlıqlar dövründə İrəvan şəhəri dörd kvartaldan – Qala (yaxud İçəri şəhər), Şəhər (Şəhri), Təpəbaşı və Dəmirbulaq yaşayış massivlərindən ibarət olmuşdur. Sayca çox az olan ermənilər yalnız şəhərin ətrafındakı bəzi qəsəbələrdə yaşayırdılar.

XIX əsrin əvvəllərində İrəvanda 7 karvansara mövcud olmuşdur. Culfa, Gürcü, Zərrabi xan (Sərrafxana), Tahir, Sulu, Susuz, Hacı Əli karvansaralarında üst-üstə 851 köşk mövcud olmuşdur.

Şəhərin mərkəzi hissəsində Böyük meydan adlanan 400x400 m ölçüdə meydan yerləşirdi. Ağır yükləri çəkmək üçün Qantar tərəzisi, yüngül yükləri çəkmək üçün Mizan tərəzisi bu meydanda yerləşirdi. Digər meydanlar Xan bağı, Zal xan, Hüseynəli xan, Fəhlə bazarı meydanı adlanırdı. Pənah xan Makinskinin imarətinin yerləşdiyi ərazi isə son vaxtlaradək Pənah xan meydanı və yaxud Pənah xan bulvarı adlanırdı. Hazırda Saxarov meydanı adlanır.

İrəvanda Şərq memarlıq üslubunda 8 hamam – Şəhər, Zal xan, Şeyxülislam, Mehdi bəy, Hacı Bəyim, Təpəbaşı, Hacı Əli, Hacı Fətəli, Kərim bəy hamamları mövcud idi. Hazırda İrəvanın mərkəzindəki Respublika meydanının yerləşdiyi yerdə vaxtilə mövcud olan Zal xan hamam kompleksində yeraltı çayxana ilə yanaşı, musiqi məclislərinin keçirilməsi üçün xüsusi otaqlar ayrılmışdı.

XIX əsrin sonu, XX əsrin əvvəllərində İrəvan şəhərində adları azərbaycanca səslənən onlarca küçə mövcud idi. Qədim İrəvanda bu küçələr məşhur idi: Şəriət, Karvansara, Qala, Sultan, Çölməkçi, Naxçıvan, Bazar, Daşlı, Paşa xan, Qəriblər ocağı, Dəyirmanlı, Məscid, Fəhlə bazarı, Təpəbaşı, Qəbiristan, Naib, Mir Cəfər, Rüstəm xan, İmamrə, Korbulaq, Bəy, Kətan, Dükanlı, Sallaxlar və s.

Bağlar diyarı İrəvanda və onun ətrafında 1473 bağ mövcud olmuşdur ki, onlardan 772-si şəhərin içərisində idi. Sərdar bağı, Dəlmə, Abbasdərəsi, Abuhəyat, Keşağlı, Qızılqala, Dərə bağı, Səvzikəri, Xosrovabad, Söyüdlü, Qul dərəsi, Kənkan, Kərpicxana bağlarının ad-sanı İrəvandan çox-çox uzaqlara yayılmışdı. İrəvan bağlarının bəzi məhsulları qurudulmuş şəkildə Avropaya ixrac edilirdi.

Şəhərdə və onun ətrafında 45 dəyirman mövcud idi. Azərbaycanlılara məxsus Hacıbəyim, Məhəmməd xan, Sübhanqulu xan, Qala, Xan, Doqquz dəyirmanlar şəhərin ən böyük dəyirmanları olmuşdur.

Tarixi ədəbiyyatda İrəvan şəhərində 15-ə yaxın məscidin və iki erməni kilsəsinin adları keçir. Göy məscid (yaxud Hüseynəli xan), Təpəbaşı, Zal xan (yaxud Şəhər), Sərtib xan, Hacı Novruzəli bəy, Qala məscidi (Sərdar, yaxud Abbas Mirzə), Dəmirbulaq, Hacı Cəfər bəy, Rəcəb paşa, Məhəmməd Sərtib xan, Hacı İnam məscidlərinin minarələri uzaqdan İrəvanın müsəlman şəhəri olmasını nişan verirdi.

XX əsrin əvvəllərinədək İrəvan şəhəri 4 mənbədən – Zəngi çayı, Söyüdlük adlanan ərazidəki çoxsaylı bulaqlar, Gedər (Qırxbulaq) çayının şəhər bağlarından keçən hissəsində tikilən su anbarı və müxtəlif yerlərdə qazılan kəhrizlər vasitəsilə içməli su ilə təmin edilirdi.

Əslən İrəvandan olan, xarici ölkələrdə “İrəvani” soyadı və təxəllüsü ilə yazıb-yaradan onlarca elm, mədəniyyət və din xadimləri haqqında məlumatlar mövcuddur.

–İndi isə İrəvan şəhərindəki tarixi-memarlıq abidələrinin aqibəti haqqında məlumat verməyinizi xahiş edirik.

–İstərdim ki, öncə Göy məscid haqqında məlumat verim. Çünki bu gün Göy məscid İrəvanda ən qədim tikili hesab edilir.

İrəvan haqqında yazan bütün səyyahların və tədqiqatçıların əsərlərində həm ölçülərinin miqyasına, həm də gözəlliyinə görə şəhərin ən möhtəşəm memarlıq abidəsi kimi Göy məscidin (digər adı Hüseynəli xan məscidi) adı birinci çəkilir. Miqyasına görə İrəvandakı Göy məscid Qafqazda ən böyük məscid olmuşdur.

Şərq memarlığının nadir nümunələrindən hesab edilən Göy məscidin inşasına Hüseynəli xan Qacarın hakimiyyəti dövründə 1760-cı ildə başlanılmış, 1766-cı ildə başa çatdırılmışdır.

İrəvan şəhərinin Rusiya işğalından sonra 1829–1832-ci illərdə kameral siyahıyaalma keçirən ikisi tarixçi-statistiki İvan Şopenin verdiyi məlumata görə, şəhərdə 8 məscid mövcud olmuşdur ki, onlardan 2-si Qalada, altısı isə şəhər hissəsində yerləşmişdir .

Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan 1949-cu ilə aid bir arxiv sənədində Ermənistan SSR ərazisində qeydə alınan azərbaycanlılara aid 15 memarlıq abidəsi haqqında məlumatlar öz əksini tapmışdır. Həmin siyahıda nə zaman inşa edildiyi, nə məqsədlə istifadə edildiyi göstərilməklə, İrəvan şəhərində 4 məscidin mövcudluğu qeyd edilmişdir. Həmin sənəddə Göy məscidin 1776-cı ildə inşa edildiyi göstərilmişdir .

İrəvanın mərkəzindəki “Örtülü bazar”la üzbəüz yerləşən Göy məscidin adı onun günbəzinin göy rəngli kaşı ilə üzlənməsi ilə bağlı idi. Məscidin həyətində fontanlı daş hovuz tikilmiş, ətrafına sıx kölgəli ağaclar əkilmişdi .

Göy məsciddə ibadət üçün qadın və kişi zalları ayrıca olmuşdur ki, onlar da bir-biri ilə ya dəhliz, ya da pərdə ilə ayrılırdı. İbadət zallarının tavanı və divarları gül rəsmləri ilə bəzədilmişdi. Məscidin divarlardan və sütunlardan kişmir parçadan güllər düzəldilib asılırdı.

1893–1894-cü illərdə və 1898-ci ildə İrəvanda səfərdə olmuş məşhur Britaniya səyyahı və coğrafiyaşünası Henri Linç yazdığı “Armenia” əsərində Göy məscid haqqında ətraflı məlumat vermiş, onun minarələrinin, həyətindəki hovuzun və fasadının foto şəkillərini kitaba daxil etmişdir.

Azərbaycan arxeoloqu və epiqrafçısı İsa Əzimbəyov 1928-ci ildə İrəvanda ekspedisiyada olmuşdur. Ekspedisiyanın nəticələrinə dair İ.Əzimbəyovun yazdığı “Tiflisin, İrəvanın və Naxçıvanın müsəlman kitabələri” adlı məqaləsində qeyd edir ki, Göy məscid iki ayrı korpusdan – qış və yay korpuslarından ibarətdir. O, qış korpusunun kompleksin cənubunda, yay korpusunun isə şimalda inşa edildiyini, onların isə mədrəsə ilə əhatə olunduğunu yazır. İ.Əzimbəyov məscidin çox böyük həyətinin olduğunu, orada çinar və qovaq ağaclarının ucaldığını qələmə alır.

Erməni müəlliflərinin verdikləri məlumata görə, XX əsrin 30-cu illərində İrəvandakı bütün məscidlərin sökülməsi qərara alın­sa da, məşhur erməni şairi Yeğişe Çarensin ciddi səyləri nəticəsində onun “Mavi brilliant” adlandırdığı Göy məscid muzeyə çevrilməklə yer üzündən silinməkdən xilas edil­mişdi. 1936-cı ildən Göy məscidin binasında İrəvan şəhər tarix mu­zeyi yerləşdirilmişdi. İkinci Dünya müharibəsi başladıqdan sonra Göy məsciddən bir müddət həm də hərbi sursat anbarı kimi istifadə edilmişdi. Müharibədən sonra Göy məsciddə, həmçinin Təbiət muzeyi və 1952-ci ildən etibarən isə məscidin kiçik ibadət zalında astronomiya həvəskarları üçün Pla­netariya fəaliyyət göstərmişdir.

1991-ci ildə Ermənistan müstəqilliyini əldə etdikdən və müsəlman ölkələri ilə diplomatik münasibətlər qurulduqdan sonra Göy məscidin yenidən məscid kimi fəaliyyət göstərməsi zərurəti meydana çıxmışdı. 1991-ci ildə Təbiət muzeyi, 1994-cü ildə isə Tarix muzeyi məscid kompleksindən çıxarılmışdır.

1995-ci ildə İranla Ermənistan arasında imzalanan müqaviləyə əsasən, İran hökuməti Göy məscidin yenidən qurulması xərclərini öz üzərinə götürdü. Yenidənqurma işləri İranın “Bünyad-e Müstəzəfan və Canbazan” – yəni Müharibə Veteranları və Şəhidlər Xeyriyyə Fonduna həvalə edildi. Məsciddə tamamlama işləri 2006-cı ildə başa çatdırılmışdır. Yenidənqurma işləri məscid kompleksinin yalnız cənub-qərb və şimal hissəsində aparılmışdır. Göy məscidin 24 metrlik minarəsi, 28 hücrəsi, kitabxanası, böyük zalı, günbəzi və həyəti yenidən qurulmuşdur. Hazırda Ermənistan rəsmiləri Göy məscidi xaricdən gələn qonaqlara “fars məscidi” kimi təqdim edirlər.

Ermənistan hökumətinin 2015-ci il dekabrın 10-da keçirilən iclasında qərara alınıb ki, Göy məscid və onun yerləşdiyi ərazi istifadə hüququ ilə təmənnasız olaraq 99 illiyinə İran İslam Respublikasının Ermənistandakı səfirliyinə mədəniyyət mərkəzi kimi təhvil verilsin. Bu gün xaricdən gələn qonaqlara Göy məscid fars məscidi kimi təqdim edilir. Lakin həqiqət odur ki, İrəvan şəhərində heç vaxt farslar yaşamayıblar.

–Bəs Sərdar məscidinin aqibəti haqqında nə deyərdiniz?

–Sərdar məscidi Sərdar sarayının yaxınlığında yerləşmişdir. Tarixi ədəbiyyatda bu məscid həm də Abbas Mirzə məscidi adlanır. Görünür, həmin məscid XIX əsrin əvvəllərində vəliəhd Abbas Mirzə tərəfindən yenidən qurulduğu üçün həm də onun adı ilə adlandırılmışdır. Alman tədqiqatçısı Avqust Haksthauzen 1843-cü ilin avqust ayında İrəvan şəhərində olmuş və Qalada olan iki məsciddən birinin (yəni Rəcəb paşa məscidinin) rus-yunan kilsəsinə, digərinin – Sərdar məscidinin isə silah anbarına çevrildiyini qeyd etmişdir .

Tanınmış rus arxeoloqu qrafinya Praskofya Uvarova 1880-ci ildə İrəvan şəhərində olmuş, əsrlər boyu yaradılan tarixi-memarlıq abidələrinin dağıdılmasını ürək ağrısı ilə təsvir etmişdir. Uvarova Xan sarayının yaxınlığında yerləşən Sərdar məscidini Vereşşaginin fırçasından çıxan tabloya bənzətmişdir.

Rusiya İmperator Arxeoloji Komissiyasının qərarına əsasən, 1911-ci ildə professor Nikolay Marr İrəvan Xan sarayına baxış keçirmiş və saray kompleksinə daxil olan Abbas Mirzə məscidinin də vəziyyətini təsvir etmişdir. N.Marr İmperator Arxeoloji Komissiyasının 17 may 1912-ci il tarixli iclasında etdiyi məruzəsində yazırdı: “Məscid indi də yaxşı vəziyyətdədir, lakin onun qorunması üçün heç bir tədbir görülmür və hər şey Sərdar sarayının vəziyyətinə düşməsinə xidmət edir. Marr yazır ki, “Sərdar məscidi yerli müsəlman mədəniyyətinin qiymətli irsidir: günbəzin içərisində çevrəsi boyunca ərəb hərfləri ilə kitabə mövcuddur; mehrab üzərindəki naxışlar xalçaya bənzəyir və yüksək dərəcədə üslubludur. Günbəzi çat vermişdir və onu çoxdan təmir etmək olardı”.

XX əsrin əvvəllərində Sərdar məscidində Türkiyədən gələn erməni qaçqınları məskunlaşdırılmışdı.

Sovet hakimiyyəti illərində Sərdar məscidi hissə-hissə dağıdılaraq onun ərazisində hündürmərtəbəli binalar inşa edilmişdir.

Ermənistan hökuməti 2007-ci ildə ölkə ərazisində dini və milli az­lıqlara məxsus olan və Ermənistan hökuməti tərəfindən qorunan məbədlərin və tarixi abidələrin siyahısını Avropa Şurasına təqdim etmişdir. Həmin siyahıya Mesrop Maştos küçəsi – 12 ünvanında yerləşən Göy məscidin və Xor­hırdarani küçəsi-40 ünvanında yerləşən məscidlərin adları daxil edilmişdir. Qeyd edilən siyahıda Göy məscid İran məscidi kimi təqdim edilmiş, Abbas Mirzə məscidinin isə qəfəsinin (skeletinin) qorunduğu qeyd edilmişdir. Halbu­ki, Sərdar məscid – kompleksindən yalnız onun bir divarının 2-3 metr enində, 3-4 metr hündürlüyündə kiçik bir parçası qalmışdı. Həmin ərazidə “Qlendale Hills” tikinti şirkəti 14 mərtəbəli 18 bloklu yaşa­yış kompleksi inşa etmişdir .

XIX əsr Avropa və rus səyyahlarının və tədqiqatçılarının möhtəşəm və nadir memarlıq nümunəsi adlandırdıqları İrəvan qalasındakı Sərdar məscid–kompleksindən bir ovuc xarabalığın qalması belə, “mədəni” erməniləri çox narahat edirdi. 2014-cü ilin payızında erməni vandalları bir gecənin içində Sərdar məscidinin qalıqlarını da yox etmişlər. Bütün bunlar həmin ərazinin əzəli sakinləri olan azərbaycanlıların mədəni irsinə olan düşmən münasibətinin əyani təzahürü, erməni vandalizminin bariz nümunəsidir.

– Bəs 1988-ci ildə İrəvan şəhərindən azərbaycanlıların deportasiya edilməsinə qədər onlar harada ibadət edirdilər?

– Vaxtilə sırf azərbaycanlıların yaşadığı Dəmirbulaq massivində XX əsrin əvvəlində üç məscid qeydə alınmışdır. Həmin məscidlər bunlardır: Hacı Novruzəli bəy, Hacı Cəfər bəy və Dəmirbulaq məscidi. Dəmirbulaq məscidi Gedər çayının üzərindəki körpünün yaxınlığında yerləşdiyi üçün onu Körpüqulağı məscidi də adlandırmışlar. Bun­lardan ikisi – Hacı Novruzəli bəy və Hacı Cəfər bəy 1930-cu illərdə İrəvan şəhərinin baş planının qur­banı olmuşdur. İrəvan şəhərində 1988-ci ilədək fəaliyyət göstərən yeganə məscid Çətirli məscid və yaxud yerləşdiyi ərazinin adına uyğun olaraq adlandırılan Dəmirbulaq məscidi olmuşdur. Üzərindəki kitabədə məscidin hicri təqvimi ilə 1327-ci ildə – yəni miladi təqvimi ilə 1909-cu ildə inşa edildiyi göstərilmişdi. Məscidin minarəsi yox idi. Əvəzində məscid binasının damında açıq havada 1,5–2 metr hündürlüyündə kvadrat şəkilli mey­dança inşa edilmiş, onun üzərində dəmir barmaqlıqlarla əhatələnmiş məhəccər quraşdırılmışdı. Dörd yanı açıq olan məhəccərin üstü dəmir təbəqə ilə örtüldüyündən bu məscid Çətirli məscid adlanır­dı. Arxitektura baxımından belə məscidlər adətən “Güldəstə” məscidləri tipinə aid edilir. Son­ralar yerləşdiyi məkanın adına uyğun olaraq, həmin məscid rəsmi sənədlərdə Dəmirbulaq məscidi adlandırılmışdır. Ermənistan SSR Nazirlər Sovetinin yanında Erməni Kilsələri Şurasının 17 avqust 1981-ci ildə verdiyi arayış­da Babayev Əkbər Cəfər oğlunun Dəmirbulaq məscidinin icraiyyə or­qanının sədri olduğu göstərilmişdir.

1988-ci ilin fevralında Dağlıq Qarabağda erməni separatizminin baş qaldırmasından sonra İrəvanda fasiləsiz mitinqlər keçirilirdi. Fevralın 23-də erməni quldurları İrəvan şəhərindəki Dəmirbulaq məscidini və M.F.Axundov adına 9 №-li azərbaycanlı orta məktəbin binasını yandırmışdılar. Lakin sonradan xarici jurnalistlərə ermənilərin azərbaycanlılara qarşı xoşməramlı münasibət göstərdiklərini nümayiş etdirmək məqsədilə Dəmirbulaq məscidinin yanmış divarlarını rəngləmişdilər ki, yanğının izləri ört-basdır edilmiş olsun.

ABŞ tədqiqatçısı Robert Kullen İrəvana etdiyi səfər haqqında “The New Yorker” qəzetində 15 aprel 1991-ci il tarixli yazısında şəhərdəki azərbaycanlılara məxsus olmuş yeganə fəaliyyət göstərən məsciddən – Dəmirbulaq məscidindən bəhs etmişdir. R. Kullen yazır ki, bir gecə İrəvanda dostu onu apararaq Qnuni küçəsindəki 22 nömrəli evin arxasında bir qalaq zibilliyi göstərmişdir. Dostu pıçıltı ilə R. Kullenə söyləmişdi ki, hələ Ermənistanda azərbaycanlılar yaşadığı zaman həmin yerdə onlara məxsus sadə məscid olmuşdur. R. Kullen yazır ki, İrəvanda qırğınlar və azərbaycanlıların şəhərdən qovulması zamanı qonşuluqda yaşayan ermənilər məscidi linglə uçurmuş, sonra isə buldozerlə yerlə-yeksan etdiklərini dostu ona söyləmişdi.

Britaniyalı tədqiqatçı Tomas de Vaal “Qara bağ” kitabında 2000-ci ildə İrəvanda səfərdə olarkən Robert Kullenin təsvir etdiyi yerə getdiyini və həmin yerdə bir yığın daş-kəsədən ibarət meydançanın şahidi olduğunu yazır. De Vaal orada rast gəldiyi qadından soruşur ki, burada əvvəllər məscid olub­mu? Qadın ona cavabında deyir ki, bu yerdə məscid var idi, lakin eşitdik ki, Bakıdakı erməni kilsəsini dağıdıblar, əvəzində də ermənilər bu məscidi üç gün ərzində yerlə-yeksan etdilər. Lakin bu gün Bakı­dakı erməni kilsəsi sağ-salamatdır və dövlət tərəfindən qorunur. Bax, budur əsl erməni riyakarlığı, erməni vandalizmi.

– Bugünlərdə “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərin silinməsi” üzrə araşdırmanın təqdimat mərasimi keçirilib. Həmçinin İrəvan şəhərində, o cümlədən şəhərin Təpəbaşı məhəlləsində yerləşən Azərbaycan xalqının milli-mədəni, tarixi irsinə qarşı Ermənistanın həyata keçirdiyi mədəni soyqırımı prosesi ilə bağlı Azərbaycanın bir qrup elm xadimi və ictimaiyyət nümayəndələri tərəfindən UNESCO-nun baş direktoru Odre Azuleyə müraciət ünvanlanıb. Bununla bağlı nə deyə bilərsiniz?

– Bu gün müasir İrəvan şəhərində azərbaycanlıların izini qoruyub saxlayan yeganə ərazi Təpəbaşı məhəlləsidir. Bu məhəllədə azərbaycanlıların izləri Hacı İmamverdi, yaxud Təpəbaşı məscidində, Abbasqulu xan İrəvanskinin mülkündə, Axund məhəlləsində, Şexülislam, Əsəd bəy, İmarət, Adalyar və Daşlı küçələrində indiyədək yaşayır.

Təpəbaşı məscidi məhəllənin keçmiş Çkalov, inidiki Simeon Yerevansi küçəsində yerləşir. 1918-ci ildə Türkiyədən qaçıb gələn 16 erməni ailəsi Təpəbaşı məscidində və ona məxsus tikililərdə məskunlaşdırılmışdı. Bundan sağ tərəfdə Abbasqulu xan İrəvanskinin mülkü yerləşir. Məscidin minarəsi 1960-cı illərdə uçmuşdur. Divarlarının qalınlığı təqribən 1,5 metr olan məscidin içərisindəki imamın otağında hazırda bir erməni ailəsi yaşayır. Məscidin ətrafında bir çayxana da var idi ki, müsəlmanlar yığışıb çay içərdilər. İndi həmin çayxana da yoxdur. Məscidin həyətində və ətrafında ermənilər “gecəqondular” inşa etmişlər. Hazırda yarı dağıdılmış vəziyyətdə olan Abbasqulu xanın evini indi də ermənilər “Xanın evi” adlandırırlar.

Hazırda Ermənistan hökuməti tarixi Təpəbaşı məhəlləsinin tamamilə sökülərək yerində müasir tipli binalar inşa etməklə izimizi tamamilə silmək istəyir. Bir qrup elm və incəsənət xadiminin, ziyalıların Təpəbaşı məhəlləsindən çıxmış irəvanlıların həyəcan təbili çalmaları təbiidir. Biz öz irsimizə sahib çıxmalıyıq. Etiraf edim ki, bu məsələdə çox gecikmişik.

Təəssüf ki, Ermənistan dövləti cəzasızlıq mühitindən istifadə edərək azərbaycanlıların maddi-mədəni irsini barbarcasına dağıtmaq siyasətini davam etdirir. Onu nəzərə çatdırıram ki, 1902-ci ildə İrəvan quberniyasının statistika komitəsinin İrəvandakı “Edelson” mətbəəsində “İrəvan quberniyasının 1902-ci il üçün yaddaş kitabçası” çap edilmişdir. Həmin kitabında göstərilir ki, İrəvan quberniyasında 310 məscid mövcuddur ki, onlardan 7-si İrəvan şəhərindədir.

İrəvan şəhəri təkcə tarixi-memarlıq abidələri ilə deyil, həmçinin elm və mədəniyyət mərkəzi kimi Azərbaycan şəhərləri arasında özünəməxsus yer tutur. İrəvan şəhərində doğulub boya-başa çatan yüzlərlə elm, mədəniyyət, incəsənət, din xadimlərinin adları Azərbaycan tarixinə həkk olunmuşdur. Müxtəlif vaxtlarda İrəvanda olmuş səyyahlar, salnaməçilər, tədqiqatçılar İrəvan şəhərini Şərqin inkişaf etmiş elm və mədəniyyət mərkəzi kimi təsvir etmişlər.

İndiki Ermənistan ərazisində azərbaycanlılara məxsus tarix-me­marlıq abidələrinin qəsdən dağı­dılması, onların mənsubiyyətinin dəyişdirilməsi və yaxud özününkiləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə konvensiyaları­nın, UNESCO-nun 1954 və 1970-ci il konvensiyalarının kobud şəkildə pozulmasıdır.

Yuxarıda sadalanan faktlar sübut edir ki, təkcə İrəvan şəhərində deyil, bütövlükdə, Ermənistan adlanan və özünü dünyanın sivil ölkəsi kimi beynəlxalq aləmə təqdim etməyə çalışan bir dövlətin ərazisində azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinə, onların maddi irsinə qarşı, sözün həqiqi mənasında, vandalizm aktları həyata keçirilməsi bu gün də davam etdirilir. Bütün bunlara son qoyulması üçün beynəlxalq humanitar hüquq dövriyyəyə cəlb edilməlidir. Otuz ilə yaxın Azərbaycan ərazilərini havadarlarının köməyilə işğal edən və onu həmişəlik əldə saxlayacağına əmin olan Ermənistanı kaputilyasiya aktına imza atmağa məcbur olduğu kimi, Qərbi Azərbaycanda qalan maddi-mədəni irsimizin qorunması üçün də məsuliyyəti öz üzərinə götürməyə məcbur etməyin vaxtıdır.

Müsahibəni apardı: Qüdrət PİRİYEV,

“Xalq qəzeti”

19 İyul 2022 02:12 - MÜSAHİBƏ
MÜSAHİBƏ
19 İyul 2022 | 02:12
İrəvanda qalan irsimiz

Köhnə versiyamızdan xəbərləri izlə