Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq birlik Azərbaycanın postmünaqişə reallıqlarını dəstəkləyir

 Azərbaycanın hər bir təşəbbüsü beynəlxalq aləmdə əməkdaşlığın inkişafına, regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, dünyada əks qütblər arasında birliyin, həmrəyliyin yaradılmasına xidmət edir. Bu, eyni zamanda, respublikamızın sabitləşdirici amil kimi mövqeyini möhkəmləndirir, nüfuzunu gücləndirir.

Ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün Bandunq prinsiplərini əsas tutan Azərbaycan Qoşulmama Hərəkatının sədri olduğu müddətdə ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı nümayiş etdirilən se­lektiv yanaşmaya və ayrı-seçkiliyə qarşı ciddi mübarizə tədbirləri həyata keçirib. Bu, təsadüfi olmayıb, çünki Azərbaycan uzun illər dünyada ən böyük ədalətsizliklə üzləşib. Ermənistan tərəfindən ərazimizin 20 faiz hissəsi işğal altında olduğu 30 ilə yaxın bir müddətdə belə haqsızlıq özünü qabarıq büruzə verib. Ölkəmiz etnik təmizlənməyə məruz qalıb, Qərbi Azərbaycandan, habelə Qarabağ və ətraf rayonlardan bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, tarixi və dini irsimiz qəsbkar tərəfindən yer üzündən silinib.

 

Qoşulmama Hərəkatının üzv dövlətləri məhz belə bir şəraitdə Azərbaycanın ədalətli mövqeyi­ni dəstəkləyib. Belə bir fədakar, haqlı mübarizə Vətən müharibəsi gedişində də özünü aydın göstərib. Bu Hərəkatda təmsil olunan ölkələr tərəfindən həmin vaxt anti-Azərbaycan mahiyyətli bəyanat, Azərbaycana yönələn ittiham bloklanıb və bununla da ermənipərəst güclərin respubli­kamız qarşı hücumunun qarşısı alınıb.

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 30-da Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransındakı çıxışın­da da bu məqama toxunaraq, ölkəmizin hər zaman regional mövzular və qlobal məsələlərlə bağlı öz mövqeyini nümayiş etdirirdiyini və əlbəttə ki, Qoşul­mama Hərəkatının sədri olaraq Azərbaycanın ədalətsizliyə, beynəlxalq hüququn pozulması­na, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya, həmçinin ayrı-seçkiliyə qarşı mübarizə apardığını bir daha diqqətə çatdırıb. Dövlətimizin başçısı daha sonra deyib: “Biz, həmçinin Qoşulmama Hərəkatının üzv dövlətlərinin böyük dəstəyinin də şahidi olduq. Qeyd etdiyim kimi, Qoşulmama Hərəkatına sədrliyin verilməsi və sonra da onun uzadılması ilə bağlı yekdil qərar ölkələrin Azərbaycana olan münasibətini aydın nümayiş etdi­rirdi. Şahidi olduğumuz digər vacib bir həmrəylik əlaməti Ermənistan tərəfindən təqribən 30 illik işğal­dan sonra torpaqlarımızın azad edilməsi zamanı ölkəmizin yaşadı­ğı ən çətin dövrə təsadüf etdi. Biz öz torpağımızda savaşırdıq, biz ədaləti bərpa edirdik, beynəlxalq hüququ bərpa edirdik. Lakin əfsuslar olsun ki, bəzi ölkələr bizə qarşı kampaniyaya - qarayaxma, böhtan və şantaj kampaniyasına başladılar. Təəssüflər olsun ki, bu, sadəcə, şifahi kampaniya və ya ic­timai ittihamlar deyildi. Bəzi ölkələr bizim bu haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostla­rımız anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Biz bu həmrəyliyə görə sizə minnətdarıq”.

Yeri gəlmişkən, beynəlxalq bir­lik tərəfindən Azərbaycanın haqlı mövqeyi, postmünaqişə reallıqları Vətən savaşından sonra da daim dəstəklənib. Məsələn, Böyük Britaniyanın Birminqem şəhərində bu il iyulun 2-6-da keçirilən ATƏT PA-nın illik sessiyasında “Dağlıq Qarabağ münaqişəsi” və “Minsk qrupunun” dirçəldilməsi, həmçinin erməni terrorçularının dərhal azad olunması tələbi bu nüfuzlu təşkilatın Parlament Assamble­yasının sessiyasında rədd edilib. Başqa sözlə, həmin sessiyada erməni nümayəndə heyəti və ermənipərəst isveçli deputat Bjorn Soderin təşəbbüsü ilə hazırla­nan qətnamə layihəsinə “Dağlıq Qarabağ münaqişəsi” və “ATƏT-in Minsk qrupu” kimi ölkəmizin maraqlarına zidd olan əsassız düzəlişin qəbul edilməsinin qarşısı alınıb. Bununla bərabər, “saxla­nılan erməni hərbçilərinin dərhal azad olunmasını Azərbaycandan tələb edən” təklifin, eləcə də mədəni irsin qorunması naminə UNESCO texniki missiyasının qəbul edilməsinə yönələn çağı­rışın da gerçəkləşməsinə imkan verilməyib. Bu ədalətliz düzəlişlər həbs edilmiş erməni hərbçilərinin müvafiq qanunvericiliyə uy­ğun olaraq cəzalandırıldığı, bununla bağlı Avropa İnsan Haqları və Beynəlxalq Ədalət məhkəmələrinin müvafiq qərarlarının olduğu, UNESCO-nun fəaliyyətinə isə ermənilər tərəfində süni əngəllərin yaradıldığı faktları ilə təsdiqləndiyindən imtina edilib.

Əlbəttə, Ermənistan tərəfindən Azərbaycan əleyhinə hazırla­nan və təqdim olunan bütün düzəlişlərin və təkliflərin qarşı­sının qətiyyətlə alınması, res­publikamızın ədalətli mövqeyinin müdafiə edilməsi beynəlxalq birlik tərəfindən Azərbaycanın postmünaqişə reallıqlarını dəstəkləməsinin bariz ifadəsidir.

Ümumiyyətlə, dövlətimizin başçısı İlham Əliyev çıxışla­rında dəfələrlə ATƏT-in Minsk qrupunun işğal dövründə fəaliyyətsizliyini, bu təsisatın Ermənistana dəstək missiyasını yerinə yetirməsini, Azərbaycan Qarabağ münaqişəsini təkbaşına həll etdikdən, işğala son qoyul­duqdan sonra adı çəkilən quruma ehtiyacın olmamasını, bir sözlə, bu təsisata artıq əlvida deyildiyini xüsusi vurğulayıb. Eyni zamanda, Ermənistan və havadarlarının Minsk qrupunu təəssüflə yenidən həyata qaytarmağa çalışdıqlarını bildirib. Lakin bunun mümkünsüz olduğunu, ATƏT-in bu qurumu ilə bağlı hər hansı spekulyasiynın nəinki qeyri-məhsuldar, eyni za­manda, regionda mümkün sülhün reallaşması üçün dağıdıcı təsir daşıdığını diqqətə çatdırıb.

Onu da deyək ki, Ermənistanın 30 ilə yaxın bir müddətdə tor­paqlarımızı işğalda saxlaması bu dövlətin etdiyi hərəkətlərə bir sıra beynəlxalq təşkilatların, dünya gücləriinin, xüsusilə ATƏT-in Minsk qrupunun laqeyd münasibətinin, ikili standartlarla yanaşmanın nəticəsi idi. Buna görə də dövlətimizin başçısı işğal illərində Ermənistana qarşı sanksi­yaların tətbiqinin önəmini vurğula­yır, problemin dinc həllinin yeganə yolunu məhz bunda gördüyünü bildirirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əfsuslar olsun ki, heç bir sanksiya tətbiq edilmədi və əksinə, Ermənistan Azərbaycanla müqayisədə bəzi ermənipərəst siyasətçilərdən daha çox dəstək alırdı.

Göründüyü kimi, Minsk qrupu­nun, habelə Ermənistanın digər havadarlarının fəaliyyətlərində yeganə məqsəd münaqişəni dondurmaq və torpaqlarımızı əbədi işğal altında saxlamaq idi. Azərbaycan 44 günlük Vətən müharibəsində həmin ədalətsiz siyasətə son qoydu, güc və siyasi müdriklik sayəsində torpaqları­mızı azad etdi, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud pozulması və onlara məhəl qoyulmaması kimi halları aradan qaldırdı.

Azərbaycan İkinci Qarabağ müharibəsini tarixi zəfərlə başa vuraraq hazırda regionda yeni reallıqlar yaradıb. Eyni zamanda, Vətən savaşından əvvəlki dövrdə ölkəmizə Ermənistanın qələbəsi gerçəkliyini qəbul etdirməyə çağıran bəzi beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən də bu yeni reallıqla barışılıb. Bir sözlə, artıq beynəlxalq aləmdə Azərbaycanın yaratdığı yeni reallığı çoxu qəbul edib. Bu, vəziyyəti, əlbəttə, Azərbaycan liderinin apardığı uğurlu xarici siyasət şərtləndirib. Dövlətimizin başçısı bununla bağlı çıxışlarının birində deyib: “Biz öz konstitusion hüquqla­rımız çərçivəsində, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı çərçivəsində yeni reallıq yaratmı­şıq və hamı bu reallıqla hesablaş­malıdır. Bu, asan məsələ deyildi… Bu, daimi iş idi. Nəticədə bu gün beynəlxalq təşkilatlar – BMT, Qo­şulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB tərəfindən bu reallıq tamamilə qəbul edilib. Biz bunu həm formal mənada, həm də xalis ünsiyyətdə görürük. Üstəlik, mən beynəlxalq strukturların çoxsaylı rəhbərləri və dövlət başçıları ilə əlaqədə olarkən müşahidə edirəm, indi biz öz haqq işimizə qat-qat artıq dəstək görürük”.

Bütün bu məqmlar son günlərdə Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Cozef Baydenə məktubunda və dövlətimizin başçısı ilə Avropa İttifaqı Şurası­nın Prezidenti Şarl Mişel arasında reallaşan telefon söhbətində də öz ifadəsini tapıb.

Ölkə rəhbəri ABŞ Prezidentinə təbrik məktubunda bu gün Azərbaycanın beynəlxalq aləmdə sülhsevər, demokratik prinsiplərin inkişafına xüsusi önəm verən, iri infrastruktur layihələrin reallaş­dırılmasında zəngin təcrübəsi olan bir ölkə kimi tanındığını və bu baxımdan, respublikamızla ABŞ arasındakı münasibətlərin xüsusi önəm daşıdığını bildirərək, ötən 30 il ərzində Azərbaycanla Amerika Birləşmiş Ştatlarını dost­luq və tərəfdaşlıq münasibətləri birləşdirdiyini vurğulayıb, eyni zamanda, ilk gündən ölkəmizin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə ABŞ-ın dəstəyini yüksək qiymətləndirib. Dövlətimizin başçısı təbrikində Cənubi Qafqazda davamlı sülhün, iqtisadi tərəqqinin bərqərar olması üçün əlverişli şəraitin forma­laşdığı bir zamanda xalqımızın ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılma­sında, kommunikasiyaların açıl­masında, insanlararası təmasların yaradılmasında mühüm rol oynaya biləcəyinə inandığını, eyni za­manda, ölkəmiz tərəfindən təqdim olunan beş prinsip əsasında Ermənistanla Azərbaycan arasın­da sülh müqaviləsinin hazırlanma­sı prosesinə ABŞ-ın dəyərli töhfə verə biləcəyi qənaətində olduğunu diqqətə çatdırıb.

Yeri gəlmişkən, onu da xatırladaq ki, Azərbaycanda energetika sahəsində, xüsusilə bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üzrə həyata keçirilən tədbirlər və müvafiq sahənin tənzimlənməsi məqsədilə hazırlanan qanun layihələri, həmçinin işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” ilə təminatı planları Azərbaycan-ABŞ əməkdaşlıq münasibətlərinin yeni mərhələyə daxil olmasını şərtləndirib.

Artıq yeni reallıqların forma­laşması bölgədə yeni beynəlxalq əməkdaşlıq formatının qurulma­sını zəruri etməkdədir. İşğaldan azad olunan ərazilərdə sosial infrastrukturun yenidən yaradılma­sı və əhalinin işlə təmin olunma­sı üçün dövlət investisiyası ilə yanaşı, yerli və xarici investisiya da cəlb edilir. Böyük quruculuq işlərinə dost ölkələrin təşviq olunması siyasəti Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir.

İyulun 4-də dövlətimizin başçısı İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında reallaşan telefon söhbətində də Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasının Avropa İttifaqı üçün vacibliyini vurğula­yıb. Şarl Mişel Avropa İttifaqı­nın Ermənistan və Azərbaycan arasında münasibətlərin normal­laşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimita­siyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcəyini bildi­rib. Prezident İlham Əliyev isə Av­ropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə keçirilmiş üçtərəfli görüşləri, bu çərçivədə əldə olunmuş razılaş­maları xatırladaraq, ölkəmizin Ermənistan ilə Azərbaycan arasın­da münasibətlərin normallaşdırıl­ması və sülh müqaviləsinin imza­lanması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində danışıqların real nəticələrə gətirib çıxaracağına əminliyini vurğulayıb.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

7 İyul 2022 00:19 - SİYASƏT
SİYASƏT
17 Avqust 2022 | 00:58
Lider qətiyyəti

Köhnə versiyamızdan xəbərləri izlə