Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan dünyada təşəbbüskar dövlət kimi tanınır

Dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində mühüm addımlar atıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin qurumun sədri qismində irəli sürdü­yü çoxsaylı təkliflər Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən yekdilliklə qəbul edilib. Ötən həftə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentin rolunun gücləndirilməsi" mövzusuna həsr olunmuş Bakı konfransı keçirildi.

Azərbaycanın təşəbbüsü ilə Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi yaradıldı. Bu, Qoşulmama Hərəkatının fəaliyyətinə və üzv dövlətlərin parlamentlərarası münasibətlərin yüksək səviyyəyə qaldırılmasına böyük töhfə verəcək. Parlament şəbəkəsi üzv ölkələrin parlamentləri, həmçinin dünyanın digər dövlətlərinin parlamentləri ilə sıx əməkdaşlıq quracaq ki, bu da gələcəkdə Qoşulmama Hərəkatının beynəlxalq aləmdə nüfuzunun artmasına böyük təkan verəcək. Azərbaycan Qoşulmama Hərəkatında Gənclər Şəbəkəsinin yaradılması ilə bağlı da vacib bir təşəbbüs irəli sürmüşdü və bu, üzv dövlətlər tərəfindən də dəstəklənib. Gələn ay Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammitinin keçirilməsi nəzərdə tutulub. Azərbaycanın irəli sürdüyü daha bir təşəbbüs, Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılması da üzv dövlətlər tərəfindən dəstəklənmişdir.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev 2011-ci ildə Qoşulmama Hərəkatına qəbul edilən Azərbaycanın bu təşkilatın beynəlxalq aləmdəki nüfuzunun artması istiqamətində gördüyü işlər barədə ətraflı məlumat verdi. Həqiqətən də, fəaliyyətinin ilk illərindən ölkəmiz Qoşulmama Hərəkatının ən fəal üzvünə çevrildi. Azərbaycanın təşkilatdakı səmərəli və faydalı fəaliyyətini yüksək qiymətləndirən 120 üzv dövlətin 2016-cı ildə Azərbaycanın 2019-2022-ci illərdə quruma sədrlik etməsi barədə yekdilliklə səs verdi. Daha sonra 120 üzv dövlətin yekdil qərarı ilə Azərbaycanın sədrliyi 2023-cü ilin sonuna qədər uzadıldı. Bu, Qoşulmama Hərəkatının Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyevə olan yüksək hörmət və ehtiramının göstəricisi idi.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dünya üçün ağır bir dövrə – COVID-19 pandemiyası ilə üst-üstə düşdü. Bütün dünya üçün ağır günlərdə, pandemiya ilə mübarizədə də Azərbaycan fəal dövlətlərdən biri oldu. Ölkəmizin təşəbbüsü ilə 2020-ci ilin mayında Qoşulmama Hərəkatının videoformat şəklində Zirvə toplantısı keçirildi. Bu, bütün dünya dövlətlərinin də koronavirusa qarşı birgə mübarizəsinin aparılması üçün ilk addım oldu. Azərbaycanın təşəbbüsü ilə hazırlanmış, ölkələrə dəstək, tibbi və humanitar yardımlarla bağlı məlumat bazası ÜST tərəfindən geniş istifadə olundu. İqtisadi cəhətdən zəif olan dövlətlərə humanitar yardımın göstərilməsində də Azərbaycan nümunə oldu. Respublikamız 30-dan çox ölkəyə maliyyə yardımı və humanitar dəstək göstərdi. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları ianə edildi.

Koronavirusa qarşı vaksinlər hazırlandıqdan sonra bəzi böyük dövlətlər özlərinə lazım olandan 3-4 dəfə çox vaksin sifariş etdilər. Bu da bir sıra ölkələrin vaksinlərə əlçatanlığını məhdudlaşdırdı. Həmin ölkələrin əhalisinin sağlamlığı təhlükə altında qaldı. Azərbaycan dövlətinin “vaksin millətçiliyinə” qarşı mübarizəsi BMT tərəfindən də dəstəkləndi.

Dövlət başçımız konfransdakı çıxışında Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalı zamanı beynəlxalq təşkilatları bu ədalətsizliyə son qoyulması üçün Ermənistana təsir göstərməli olduğunu, lakin bunun baş vermədiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Qeyd edildi ki, ATƏT- in 1992-ci ildə Azərbaycanla Ermənistan arasındakı münaqişənin tənzimlənməsi üçün yaratdığı Minsk qrupunun məqsədi, sən demə, münaqişəni həll etmək yox, dondurmaq və torpaqlarımızı işğalda saxlamaq olub. Azərbaycan hərbi-siyasi yolla öz ərazi bütövlüyünü təmin etdi. Artıq Minsk qrupu deyilən bir quruma ehtiyac yoxdur. Bu gün Ermənistandakı bəzi siyasi qüvvələr yenidən Minsk qrupunu münasibətlərin tənzimlənməsinə cəlb etmək istəyir. Onlar anlamırlar ki, bu cür fikirlər münasibətlərin normallaşmasına böyük zərbə vura bilər. Azərbaycan hər zaman bütün dünyada ədalətin, sülhün, həmrəyliyin tərəfdarı olub. Bu gün Qoşulmama Hərəkatının sədri kimi də ölkəmiz həmin prinsiplərə sadiq olduğunu nümayiş etdirir.

Kamilə ƏLİYEVA,

Milli Məclisin deputatı, BDU-nun kafedra müdiri, professor

7 İyul 2022 00:15 - SİYASƏT
SİYASƏT
17 Avqust 2022 | 00:58
Lider qətiyyəti

Köhnə versiyamızdan xəbərləri izlə