Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ədliyyə naziri Ağsuda vətəndaşları qəbul edib

Ölkə Prezidenti İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların, xüsusilə Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, dövlətimizin başçısının vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq iyulun 6-da ədliyyə naziri Fikrət Məmmədov Ağsu şəhərində Ağsu, İsmayıllı və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət oluna­raq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Qəbulda hər bir vətəndaş diqqətlə dinlənilib və ədliyyə fəaliyyəti barədə müraciətlərə baxılıb, bu zaman Qa­rabağ müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğıları ilə xüsusilə maraqlanılıb. Vətəndaşların qaldırdıqları məsələlərin bəzilərinin yerində həlli ilə bağlı tədbirlər görülüb, digər müraciətlər araşdırılması üçün nəzarətə götürülərək qəbulda iştirak edən nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Bölgə sakinləri müharibə iştirak­çılarının və şəhid ailələrinin daim dövlət qayğısı ilə əhatə olunduğu­nu bildirərək, onların müraciətlərinə diqqət və həssaslıqla yanaşılmasına, yerlərdə qəbulların keçirilməsi ilə bağlı yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

Səfər zamanı nazir yerli ədliyyə orqanlarına baş çəkərək iş şəraiti ilə, habelə rayon məhkəməsinin inzibati bi­nasında aparılan təmir işlərinin gedişatı ilə tanış olub, müvafiq göstərişlər verib. Ədliyyə işçiləri ilə müşavirə keçirərək dövlətimizin başçısının vətəndaşlara la­yiqli xidmət göstərilməsi, məmnunluğun təmin edilməsi, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi ilə bağlı tələblərini daim rəhbər tutmalarını diqqətə çatdırıb, xidməti vəzifələrini layiqincə yerinə yetirmələri, etik dav­ranış qaydalarına dönmədən əməl etmələri barədə tapşırıqlar verib.

Eyni zamanda, hakimlərlə keçiril­miş müşavirədə məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması, qərarların ədalətliliyinin təmin olunması, insan­lara qayğılı münasibət göstərilməsi ilə bağlı tövsiyələr verilib, məhkəmələrdə, o cümlədən bu bölgənin yurisdiksiyası üzrə məhkəmələrdə aparılmış moni­torinqin nəticələri, aşkarlanmış nöq­sanların aradan qaldırılması diqqətə çatdırılıb.

Məhkəmələrdə hakimlərin iş yükü­nün azaldılması, işlərə daha keyfiyyətlə və operativ baxılmasının təmin olunması üzrə dövlətimizin başçısının Fərmanı ilə əlavə ayrılmış ştatların yeni nəsil gənc hakimlərlə komplektləşdirildiyi, o cümlədən 2022-ci il 1 iyul tarixli sərəncamlarla birinci instansiya, habelə bu bölgənin məhkəmələrinə hakimlərin təyinatının aparıldığı vurğulanıb, qarşıda duran vəzifələr qeyd olunub.

7 İyul 2022 00:05 -

Köhnə versiyamızdan xəbərləri izlə