Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rəşt-Astara dəmir yolu hazır olduqdan sonra Azərbaycan və Rusiyanın İranın cənubundakı dəniz limanları ilə nəqliyyat əlaqəsi yaranacaq

Rəşt-Astara dəmir yolu xətti tamamlanıb istifadəyə verildikdən sonra Azərbaycan və Rusiyanın İranın cənubundakı dəniz limanları ilə nəqliyyat əlaqəsi yarana­caq.

İranın yol və şəhərsalma nazi­rinin müavini Şəhriyar Əfəndizadə yerli televiziyaya müsahibəsində bildirib ki, Rusiya ilə İran arasın­da 10 milyon ton yükün “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə daşınması haq­qında razılıq əldə edilib. Bu yüklər İrana Xəzər dənizi vasitəsilə daşınacaq.

Ş.Əfəndizadə Rəşt-Astara dəmir yolu xəttinin inşasının tezliklə başa çatdırılma­sını zəruri hesab edərək vurğulayıb ki, bu yol hazır olduqdan sonra İranın tranzit imkanları daha da artacaq.

 

Məsələnin mahiyyəti ondan ibarətdir ki, Rusiyadan İrana daşınan tranzit yüklər Xəzər dənizi ilə Ənzəli limanına daxil olur və burada yenidən qatara yüklənərək istiqamətindən asılı olaraq Çabahar və Bəndər Abbas limanlarına daşınır. Bu limanlarda yüklər təkrar olaraq gəmilərə yüklənir və yola salınır. Göründüyü kimi, tranzit yüklər bir neçə dəfə yüklənib boşal­dılır ki, bu da həm vaxt aparır, həm də xərcləri artırır. Lakin Rəşt-Astara yolu hazır olsa, Rusiyadan yüklər qatarla birbaşa İranın cənub limanlarına çatdırılaraq gəmilərlə yola salınar. Çünki Ş.Əfəndizadənin də dediyi kimi, Rəşt-Astara dəmir yolu İran ilə Azərbaycanın dəmir yolları sistemlərini birləşdirəcək.

Təsadüfi deyil ki, Ş.Əfəndizadə İranda dəmir yollarının təkmilləşdirilərək inkişaf etdirilməsinin də zəruri olduğunu bildirib. Onun sözlərinə görə, ötən il bu marşrutla 11,5 milyon ton yük daşı­nıb. Rəşt-Astara yolu aktiv olsaydı, bu rəqəm dəfələlərlə artardı.

Hazırda İranda dəmir yolarının təkmilləşdirilməsi və yeni dəmir yollarının inşası davam edir. Ötən il Çabahar-Zahedan dəmir yolunun inşasına başlanılıb. Bu yol İranın Oman dənizi sahilində, Hind okeanına çıxışı və iri həcmdə yükaşırma imkanı olan Çabahar limanı ilə digər bölgələri birləşdirəcək. Rusiya və Avropadan Cənub-Şərqi Asiya ölkələrinə ixrac olunan yüklər Çabahar limanından, Fars körfəzi ölkələrinə daşınan yüklər isə Fars körfəzi sahilindəki Bəndər-Abbas limanından yola salınacaq. Hər iki istiqamətə yüklərin daşınması Azərbaycandan tranzit olaraq Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti ilə həyata keçiriləcək. Hələlik bu dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi aktivdir. Rəşt-Astara hissəsində isə işlər davam edir.

Nəzərə çatdıraq ki, Rusiya ilə Avropanın ticarət dövriyyəsi 250 milyard avro həcmindədir. Ukraynadakı hadisələrə görə ticarət dövriyyəsi xeyli azalıb. Rusiya Asiya istiqamətinə yönəlib ki, bu da “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətini artırıb. İran bu imkan­dan səmərəli istifadə etmək istəyir. Bunun üçün rəsmi Tehran Rəşt-Astara younu tez bir zaman­da başa çatdırmalıdır.

AZƏRTAC

7 İyul 2022 00:05 -
14 Avqust 2022 | 02:08
Həmişə birinci

Köhnə versiyamızdan xəbərləri izlə