Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN və DİN birgə maarifləndirmə tədbiri keçirib

Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri tərəfindən Bərdə rayonunun Gərənə kəndində taxıl sahəsində Yay mövsümündə dənli və texniki bitkilərin tədarükü zamanı, eləcə də biçilmiş ərazilərdə yanğın təhlükəsizliyi mövzusunda birgə maarifləndirmə tədbiri keçirilib. Tədbirdə, həmçinin Qarabağ regionunun aidiyyəti dövlət qurumlarının nümayəndələri və təsərrüfat sahibləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan FHN-in Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev tədbirin məqsəd və əhəmiyyətindən danışaraq, yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının, kövşən sahələrinin yandırılma­masının, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yan­ğına qarşı zolaqların salınmasının vacibliyini vurğulayıb.

FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ağali Hüseynov, Dövlət Yanğin Nəzarəti Xidmətinin rəis müavi­ni daxili xidmət polkovniki Aqşin Kazımov çıxışlarında meşə, əkin və biçilmiş taxıl sahələrində baş verə bilən yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, dənli və texniki bitkilərin əkin sahələri ilə yanaşı meşələrin yanğından qorunması tək yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatlarında çalışan bütün şəxslərin əsas vəzifələrindəndir və bu sahədə onların qarşısında ciddi məsələlər durur.

Sonra Daxili İşlər Nazirliyinin Bərdə rayon Polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin rəis əvəzi polis kapitanı Natiq İsmayılov çıxışında mövzunun aktuallığını diqqətə çatdıraraq bildirib ki, biçil­miş taxıl sahələrinin yandırılması qadağandır və buna görə taxıl sahəsinin sahibi məsuliyyət daşıyır.

Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Sonda tədbir iştirakçılarına texnika vasitəsilə əkin sahəsinin biçilməsi, biçilmiş əkin sahəsi ilə meşə sahəsi arasında şumla­ma yolu təhlükəsizlik zolağının yaradılması əyani şəkildə nümayiş etdirilib.

“Xalq qəzeti”

7 İyul 2022 00:03 -

Köhnə versiyamızdan xəbərləri izlə