Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şavkat Mirziyoyev: Biz hər şeyi edirik ki, güclü Azərbaycan və güclü Özbəkistan olsun

Cazibə mərkəzi

Ötən ay ölkəmizin inzibati – siyasi (Bakı) və mədəniyyət (Şuşa) pay­taxtında IX Qlobal Bakı Forumu baş tutdu. Prezident həmin forumun açı­lışında tarixi nitq söylədi, beynəlxalq ictimaiyyətə önəmli ismarıclar verdi. Habelə, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisi və Parlamentlərarası İttifaqın (IPU) birgə təşkilatçılığı əsasında iyunun 20–21-də İstanbulda keçirilən Qlobal Parlament Konfran­sında iştirak etdi. Rusiyanın Sankt-Peterburq şəhərində isə regional kommunikasiyaların açılması üzrə (Azərbaycan, Ermənistan, Rusiya) Üçtərəfli İşçi Qrupun iclası keçirildi. İyunun 21-nə aid olan başqa bir görüş də Dövlət Gömrük Komitəsində İranın Hüquq-Mühafizə Qüvvələri Koman­danlığının Narkotiklərlə Mübarizə Polisinin nümayəndələri ilə keçirildi.

Beləliklə, Azərbaycan bölgənin cazibə mərkəzi olaraq, ikitərəfli, çoxtərəfli görüş və müzakirə masala­rında iştirak edir. Yalnız bir bölümünü yazdığımız müxtəlif səviyyəli görüşlər, səfərlər, konfranslar Azərbaycanın Qafqazda, Türk dünyasında, Avra­siyada özünəməxsus yer və rolunu ifadə etməkdədir. Bu, Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətin təntənəsidir.

Qardaş ölkədə

İyun ayında həm də Azərbaycan Prezidentinin Özbəkistana zəngin proqramla dövlət səfəri baş tutmuşdu və hər iki ölkənin rəhbəri bunu tarixi səfər kimi xarakterizə etmişdilər. Qar­daş ölkədə bu səfərə verilən böyük önəm, dövlət başçılarının səmimi münasibəti – dostluq və qardaşlı­ğı, səfər çərçivəsində imzalanmış sənədlərin əhatəsi səfərin ikitərəfli münasibətlərin inkişafında həqiqətən tarixi önəm daşıdığını parlaq şəkildə nümayiş etdirirdi.

Səfər zamanı imzalanmış sənədlər çox önəmlidir və iki qardaş ölkə arasında strateji tərəfdaşlığı təsbit və təsdiq edir, keyfiyyətcə yeni mərhələyə yüksəldir. Bu səfərdə qardaş ölkə paytaxtında iki ölkə arasında 20-dək sənəd imzalan­mışdı. “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” bu hüquq yüksəkliyini, qardaşlıq zirvəsini ifadə edir.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin 25-ci ildönümündə baş tut­du. Qardaş ölkənin paytaxtı Daşkənd şəhərində Heydər Əliyev Meydanının açılışı Azərbaycan xalqına, ölkəmizin dövlətçilik irsinə böyük hörmətin olduğunu nümayiş etdirir. Daşkənddə illər öncədən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bö­yük uğurla fəaliyyət göstərir. Nüfuzlu Daşkənd Dövlət Pedaqoji Universi­teti isə hələ sovet illərindən Nizami Gəncəvinin adını daşıyır və universi­tetin qarşısında gəncəli dahinin büstü qoyulub.

Özbəkistanın, demək olar, bütün böyük universitetlərində Azərbaycan dövlət, mədəniyyət, incəsənət xadimlərinin adına mərkəzlər açılıb. Əlbəttə, Azərbaycanda da Nəvainin adı, Özbəkistanın tarixi, mədəni və dövlətçilik irsi əziz tutulur. Nəvainin əzəmətli heykəli paytaxt Bakıya yaraşıq verən abidələrdəndir. Xatırla­daq ki, AMEA Ədəbiyyat İnstitutunda “Azərbaycan – Türkmənistan – Özbəkistan ədəbi əlaqələr şöbəsi” və Nəvai Mərkəzi fəaliyyət göstərir.

Mən də bu yazımda Azərbaycanla Özbəkistan arasında imzalanan yeni anlaşmalardan ilhamlanaraq, iki ölkə arasındakı ədəbi-mədəni əlaqələrin dünəninə, bu gün və gələcəyinə dair yığcam fikirlərimi bölüşmək istərdim.

Turana qılıncdan daha kəskin, ulu qüvvət...

Azərbaycanla Özbəkistan qardaş, dost ölkələrdir. Qardaşlıq dostluq həm xalq, həm dövlət səviyyəsində olanda ayrı bir gözəllik təcəlla edir: bizim dövlətlərimiz xalqlarımızın, xalqlarımız dövlətlərimizin arzula­rının ifadəçisi, tərənnümçüsüdür. Qardaşlığımız qədimdən başlanğıc götürüb – biz eyni soy-kökdən, eyni mədəniyyətdən gəlirik. Biz ortaq keçmişdən ortaq gələcəyə gedirik. Xüsusilə, Nəvainin Gəncəli Nizami irsinə yüksək münasibəti bizim üçün bu gün də minnətdarlıq mövzusu­dur. Nəvaidən sonra gələn qüdrətli Azərbaycan şairləri də Nəvainin irsinə biganə qalmayıblar. Ötən il 880 illiyi dövlət səviyyəsində qeyd olunan Nizami Gəncəvinin 580 illiyi keçirilən Əlişir Nəvaiyə təsiri, başqa sözlə, Nəvainin Nizamini öz usta­dı bilməsi, onun yolunu davam və inkişaf etdirərək (türkcə) “Xəmsə” yaratması söz və öz qardaşlığımızın qızıl səhifəsidir.

Nə xoşdur ki, 2021-ci il – Ni­zami İlində Nəvainin ölkəsində gəncəli dahinin əsərlərinin orijinal­dan özbəkcəyə çevrilməsi işi başa çatdırıldı və ustad Camal Kamalın çevirdiyi “Xəmsə” özbəkcə nəşr olundu. “Xəmsə”nin Azərbaycanın və Özbəkistanın nizamişünas alimlərinin, tərcüməçilərinin iştirakı ilə Daşkənddə və (ötən il noyabrın 25-də Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində) Bakıda təqdimatı keçi­rildi. Bu vacib layihəni Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi icra edib. Yeri gəlmişkən, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi “Nizami Gəncəvi ili”nə yekun vuraraq, Ə.Nəvai adına Özbəkistan Milli Kitabxanası başda olmaqla, qardaş ölkənin önəmli kitabxanalarına Nizami Gəncəvi və Əlişir Nəvai irsi ilə bağlı, eləcə də Azərbaycan tarixi və ədəbiyyatına dair zəngin kitab kollek­siyası hədiyyə edib. Bundan başqa, özbək dilinə çevrilmiş Azərbaycan poeziyası antologiyası, Azərbaycan şair və yazıçılarının əsərləri, habelə azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca sözlük və danışıq kitabçası, Qarabağ həqiqətləri, Xocalı soyqırımı mövzusunda nəşrlər elm-təhsil, mədəniyyət ocaqlarına təqdim olunub. Nizami Gəncəvinin özbək dilində nəşr olunmuş “Xəmsə”si, habelə dahi Azərbaycan şairi haqqın­da özbək alimlərinin monoqrafiyaları Səmərqənd, Buxara, Cizzax, Nəvai, Nukus, Urgənc, Fərqanə, Termiz universitetlərinin kitabxanalarına da göndərilib.

Müstəqillik qazandıqdan son­rakı Özbəkistan ədəbiyyatının səmasında istedadlar ulduzlar kimi parlayıb. Tanınmış yeni nəsil özbək şairlərindən Xasiyyət Rüstəm isə artıq Azərbaycan KİV-ndə ulduz deyil, “Ən yeni özbək qadın poeziyasının Günəşi” olaraq tərif görməkdədir. Doğrusu, bu yalnız onun istedadı və bir çox ölkədə kitablarının çıxması ilə bağlı deyil, həm də Azərbaycana sonsuz məhəbbəti, Azərbaycan həqiqətlərini bədii ədəbiyyatda uğurlu inkas etdirməsi ilə də sıx bağlıdır. Qa­rabağ həqiqətlərindən bəhs edən “Adı Lalə idi o qızın” poemasında Xasiyyət xanım yazır:

“Daşkəndə qayıtdım ertəsi günü,

Çiynimdə bir uçaq dərd gətirmişdim.

Cərəyan sarmışdı canımı sanki.

Titrədirdi məni...

Unudub aləmi, cümlə cahanı,

Bütün dərdi ilə, yanğısı ilə

Mən qucub ağladım Azərbaycanı!

Adı Lalə idi o qızın”...

Orta Asiyadakı qardaşları­mızla ən sıx ədəbi əlaqələr məhz Özbəkistanladır.

Dünya Gənc Türk Yazarlar Bir­liyi (DGTYB) ilə Özbəkistan Gənc İcadkarlar Birliyi arasında işbirliyi Anlaşması imzalanıb. DGTYB yeni “Müstəqillik dövrü özbək şeiri” anto­logiyasını Bakıda nəşrə hazırlayır. Ötən illərdə DGTYB ilə Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin ortaq layihəsi olaraq “Özbək şeir çələngi” gün üzü görmüşdü. Habelə bu günlərdə Qoşçkar Norkabilin “Beş dul qadın və rəis” pyesi Cəfər Cab­barlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı tərəfindən uğurla səhnələşdirildi və Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında nüma­yiş olundu.

Ortaq dəyərə çevrilmiş adlar

Qarşılıqlı ədəbi – mədəni əlaqələrimizin son 100 – 103 ilinə nəzərə salsaq, elə klassiklərin adını çəkə bilərik ki, onlar həm bizimdir, həm özbəklərin.

Özbəkistanın milliyyətcə azərbaycanlı olan görkəmli şairi, yeni özbək ədəbiyyatının əsasını qoyan­lardan biri Maqsud Şeyxzadə, çağdaş Azərbaycan dilçiliyinin banilərindən biri, özbək əsilli ədəbiyyatşünas Xalid Səid Xocayev, görkəmli jurnalist, pedaqoq, ədəbiyyatşünas, ictimai xadim, tərcüməçi və aktyor Seyid Rza Əlizadə, Özbəkistanda tanınmış azərbaycanlı şair, özündən sonra böyük bir irs qoyub getmiş İxtiyar Rza və başqalarının adlarını çəkə bilərik.

Hələ ötən yüzilliyin 70-ci illərində Azərbaycan Yazıçılar İttifaqının Maq­sud Şeyxzadənin 70 illiyi ilə bağlı, onun əsərlərini iki cilddə nəşr etməsi, 1955-ci ildə məşhur “Görüş” filmi­nin çəkilməsi, dillərə düşmüş Qafur Qulam – Səməd Vurğun dostluğu və digər hadisələr, qarşılıqlı mədəni əlaqələrin sovet dövrünün hakim ide­ologiyası fonunda belə öz səmimiliyi, xəlqiliyi, canayaxınlığı ilə seçildiyini göstərməkdədir.

Özbəkistan başda olmaqla, Orta Asiyadakı qardaş ölkələrlə iqtisadi – siyasi və mədəni işbirliyinin inkişafı milli ənənələrimiz, ortaq dəyərlərimiz, çağdaş dönəmdə milli çıxarlar və vəzifələrimiz baxımından çox vacibdir.

Özbəkistan Prezidentinin sərəncamı ilə “100 cildlik Türk xalqları ədəbiyyatı” nəşrlər seriyası üstündə iş başlandığını da burada minnətdarlıqla qeyd edirəm. Bu, nəticəsini Azərbaycanın, bütün Türk ölkə və topluluqlarının məhəbbətlə, həsrətlə gözlədiyi böyük bir layihədir.

Axarıncı söz

Özbəkistanı sevirik, öyrənirik və öyrədirik! Çox şadıq ki, işbirliyimiz artıq Türk Dövlətləri Təşkilatı ilə yeni məzmun, yeni dərinlik və üfüq qazanmışdır. Çox şadıq ki, 44 günlük Vətən müharibəsində özbək qardaş­larımız bizə mənəvi dəstək verdi. Yazını Azərbaycan və Özbəkistan prezidentlərinin mətbuata 21 iyun 2022-ci il tarixli bəyanatlarından sitat­larla bitirirəm:

Prezident İlham Əliyev: “Özbəkistan Prezidentinin sözləri, bi­zim Qələbəmiz münasibətilə təbrikləri – bütün bunlar, təbii ki, Azərbaycanda dost sözü, qardaş sözü kimi qəbul edilir. Biz bunu yüksək qiymətləndiririk və öz tərəfimizdən biz də bütün məsələlərdə Özbəkistanın, özbək xalqının yanındayıq”.

Prezident Şavkat Mirziyoyev: “Biz hər şeyi edirik ki, güclü Özbəkistan və güclü Azərbaycan olsun. Onlar güclü olanda məcbur edəcəyik ki, bizə hörmət etsinlər və bundan ötrü bizim hər cür əsasımız var”.

Əkbər QOŞALI

7 İyul 2022 00:01 - SİYASƏT
SİYASƏT
17 Avqust 2022 | 00:58
Lider qətiyyəti

Köhnə versiyamızdan xəbərləri izlə