Ən son xəbərlər
İşğalçı Ermənistan üzərində qazandığımız tarixi Qələbədən sonra ölkəmizin dünya birliyindəki mövqeyi daha da möhkəmlənib. Azərbaycanın öz ordusunun gücü ilə işğal siyasətinə son qoyması Silahlı Qüvvələrimizin dünyanın ən güclülərindən olduğunu bir daha təsdiqlədi. Bir sıra beynəlxalq təşkilatların, o cümlədən Ermənistan –Azərbaycan, münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun ikili standartlarına, qərəzli mövqeyinə və işğalçı ölkəyə sanksiyalar tərbiq etməməsinə, üstəlik, ölkəmizə qarşı təhdid və təzyiqlərə baxmayaraq, Azərbaycan Ordusu düşməni diz çökdürdü və ərazi bütövlüyümüzü bərpa etdi.
Şanlı Qələbədən sonra ATƏT-in Minsk qrupunun vasitəçilik misssiyasına ehtiyac qalmadı. Artıq bu qurum tarixin arxivinə atıldı. Postmüharibə dövründə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, iki ölkənin münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası proseslərinə dəstək vermək üçün vasitəçilik missiyasını üzərinə götürmüş Avropa İttifaqı Şurasının bu istiqamətdə fəaliyyəti yüksək qiymətləndirilir. Bu formatda Avropa İttifaqının təşəbbüsü və vasitəçiliyi ilə üç dəfə görüş keçirilmişdir.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel müsahibələrində də Avropa İttifaqının Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək vermək əzmini ifadə edib. O, bundan sonra da vasitəçilik səylərini davam etdirəcəyini və bu formatda keçirilmiş görüşlərin əhəmiyyətli olduğunu bildirib.
Bir neçə gün əvvəl Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı Brüssel gündəliyinə aid məsələlər müzakirə olunub. Prezident İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan 5 prinsipin təqdim olunduğunu qeyd edib və bu prinsiplərin sülh müqaviləsinin hazırlanmasında əsas rol oynadığını vurğulayıb.
Xatırladaq ki, Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının prezidentinin təşəbbüsü ilə baş tutan növbəti üçtərəfli görüş Cənubi Qafqazda sülh və əməkdaşlıq, ölkələrarası etimad mühiti yaratmaq baxımından çox əhəmiyyətli olmuşdu. Brüssel görüşündə razılaşdırılan məsələlər Azərbaycanın Ermənistana təqdim etdiyi 5 baza prinsipinə əsasən hazırlanmışdı. Azərbaycanın təqdim etdiyi həmin baza prinsipləri sivil dövlətlərarası qonşuluq münasibətlərinin formalaşmasına və əməkdaşlıq mühitinin genişlənməsinə xidmət edir və BMT Nizamnaməsinə, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır.
Bu baxımdan bir neçə gün əvvəl Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasındakı telefon danışığı mühüm əhəmiyyətə malikdir. Bu hadisə respublikamızın Cənubi Qafqazda söz sahibi olmasından xəbər verir. Çunki Şarl Mişel Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasını məhz dövlət başçımızla müzakirə edib, onunla məsləhətləşib. Bu məsələlərin Avropa İttifaqı üçün vacibliyini vurğulayan Ş.Mişel rəhbərlik etdiyi təşkilatın bundan sonra da Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcəyini bildirib.
Mehman İSMAYILOV,
politoloq
Köhnə versiyamızdan xəbərləri izlə