Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yevlax şəhidlərinin hünər salnaməsi

Əməkdar jurnalist, Yevlaxda çıxan “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızının Vətən müharibəsi cəbhələrində igidliklə döyüşərək həlak olmuş 65 yevlaxlı şəhidin nəsillərə örnək olan hünərindən bəhs edən “Biz Vətən üçün doğulduq” toplusunun Mədəniyyət Nazirliyi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə M.F.Axundov adına Respublika Milli Kitabxanasında keçirilən təqdimatı şəhidlik mövzusuna cəmiyyətin həssas münasibəti, onların ölməz xatirəsinə xalqımızın dərin ehtiramı ilə əlamətdar oldu.

 

Mərasimin əvvəlində Vətən müharibəsi şəhidlərinin xatirəsi dərin ehtiramla yad edildi. Sonra Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirdi ki, təcrübəli media rəhbəri və istedadlı publisist Əminə Yusifqızı II Qarabağ müharibəsinin yevlaxlı şəhidləri barədə çap etdirdi, əsasən, xronikal səciyyə daşıyan birinci topludan fərqli olaraq, bu gün paytaxt və Yevlax rayon ziyalılarının iştirakı ilə təqdimatı keçirilən “Biz Vətən üçün doğulduq” adlı ikinci kitabında şəhidlik mövzusuna ümumdövlət baxışını bədii-publisistik səpkidə qələmə almış, əbədiyyətə qovuşmuş həmyerlilərinin hünər salnaməsini yaratmışdır.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə söylədi ki, respublikanın ən təşəbbüskar və böyük tirajlı bölgə qəzetlərindən birinin rəhbəri olan Əminə Yusifqızı Yevlax rayonunun uğurlarını respublika miqyasında da daim geniş yayır. Onun Yevlax şəhidlərindən bəhs edən yeni kitabı bu mövzuda yazılmış orijinal və mükəmməl bir nəşr olduğuna görə toplunu Mədəniyyət Nazirliyi ilə birlikdə paytaxt­da təqdim etməyi qərara aldıq.

Kitabın ərsəyə gəlməsində keçmiş tələbəsinə öz məsləhətləri ilə yardımçı olmuş Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli və Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Məhəbbət Mehdiyeva çıxışlarında qeyd etdilər ki, müəllif şəhidlik kimi qəlbağrıdan bir mövzuda 65 yevlaxlı igidin bədii-sənədli obrazını yarat­mış, ümumiyyətlə, əbədiyyətə qovuşmanın bu uca məqamının mahiyyətini açıb göstərməyə yüksək səviyyədə nail olmuşdur.

BDU-nun professoru Adilə Abbasova, bu ali məktəbin dosenti Əsmər Əliyeva, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Xaliq Əliyev, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, Amerikada yaşayan həmyerlimiz, fəlsəfə doktoru Etibar Dəmirov, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, şair Zahid Xəlil və digər çıxış edənlər şəhidlik və şəhidlər mövzusunda yazılan əsərlərin, nəşr edilən kitabların xalqımızın Qarabağ uğrunda 30 illik qəhrəmanlıq mübarizəsinin əhatəli xronikasının və xalqımıza bu misilsiz zəfəri qazandırarkən canlarından keçmiş igidlərin canlı obrazının ya­radılmasında, yeni nəsillərin bu öyünclü tarixin ən yaxşı örnəkləri ilə tərbiyələnməsində zəruri rolunu qeyd etdilər. Onlar təqdim edilən kitabda bu yaradıcı missiyyanın məharətlə əksini tapdı­ğını vurğuladılar.

Kitabın işıq üzü gördüyü “Təhsil” nəşriyyatının redaktoru, yazıçı-publisist Mustafa Çəmənli təmsil etdiyi kollektivin torpağı qanları ilə vətənləşdirən şəhidlərdən bəhs edən bu kitabı ən yüksək poliqrafik səviyyədə, şəhidlərin ruhuna dərin ehtiramla nəşrə hazırladığını söylədi və belə kitabları çap etməyə həmişə hazır olduqlarını bildirdi.

Yevlaxlı şəhidlərdən polkovnik-leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova, Veyis İsmayılovun anası Zeynəb İsmayılova, Toğrul Barxudarovun həyat yoldaşı Zəhra Barxudarova, Faiq Adıgözəlovun bibisi Zöhrə Adıgözəlova, Qarabağ döyüşçüsü Zaur Bayramoğlu və digər çıxış edənlər şəhidlərin adlarının əbədiləşdirilməsi və gələcək nəsillərin onları daha da yaxşı tanıması, onların ailələrin hərtərəfli himayə edilməsi üçün dövlətin gerçəkləşdirdiyi tədbirlərdən razılıqla söz açdı­lar. Onlar Yevlax şəhidlərinin döyüş bioqrafiya­sını əhatəli və nəfis bir kitab şəklində oxuculara təqdim edən redaktor-publisit Əminə Yusifqızına təşəkkürlərini bildirdilər.

Mərasimi öz çıxışı ilə yekunlaşdıran Əminə Yusifqızı 65 şəhid həmyerlisi barədə ikinci kitabı da göz yaşları ilə yazdığını, hər ailəyə dəfələrlə baş çəkdiyini, onların kədərlərini və öyünclü düşüncələrini bütün varlığı ilə yaşa­yaraq qələmə aldığını söylədi. Müəllif onu da söylədi ki, qürurlu, güclü, başı dik şəhid anaları, xanımları, bacıları bu kitabı yazmaqda material­la yanaşı, ona mənəvi güc də veriblər.

Sonda Əminə Yusifqızı təqdimatın təşkilinə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Milli Kitabxanaya öz təşəkkürünü bildirdi. Müəllifə şəhid ailələrinin yaralı qəlbinə məlhəm, yeni nəsillər üçün isə canlı qəhrəmanlıq salnaməsi olan bir mənbə ərsəyə gətirdiyinə görə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin diplomu təqdim edildi.

Tahir AYDINOĞLU,

İlqar MUSAOĞLU,

“Xalq qəzeti”

7 İyul 2022 00:05 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
17 Avqust 2022 | 21:00
DSX-nin əsgəri vəfat edib

Köhnə versiyamızdan xəbərləri izlə