Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Naxçıvanda “Level 1” məşqçilik kurslarına yekun vurulub

Naxçıvan Muxtar Respublikasında təşkil olunan beynəlxalq səviyyəli “Level 1” məşqçilik kurslarına yekun vurulub.

Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, “Level 1” məşqçilik kursları Milli Olimpiya Komitəsi (MOK), Azərbaycan Badminton Federasiyası (ABF) və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin (GİN) təşkilatçılığı, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu və Dünya Badminton Federasiyasının dəstəyi ilə həyata keçirilib.

Dünya Badminton Federasiyasının eksperti, Azərbaycan milli komandasının baş məşqçisi Morteza Validarvinin moderatorluğu ilə keçirilən və 24 idman müəlliminin qatıldığı kurslarda qısa müddət ərzində iştirakçılara badmintonun nəzəri və praktiki bilikləri öyrədilib.

Kursun yekununda MOK-un Beynəlxalq layihələr üzrə katibi Ceyhun Rəhmanov, ABF-nin baş katibi Ramil Hacıyev və Naxçıvan Muxtar Respublikası GİN-in idman şöbəsinin müdiri Taleh İbrahimov çıxış ediblər.

Sonra təşkilatçılar idman müəllimlərinə sertifikatlar təqdim ediblər.

Bundan əlavə, “Level 1” məşqçilik kurslarında iştirak edən müəllimlər minibadminton turnirində qüvvəsini sınayıb.

Yarışın mükafatçıları təşkilatçılar tərəfindən hədiyyələrlə təltif olunub.

Azərbaycan Badminton Federasiyası tərəfindən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bəzi məktəblərə badminton inventarları hədiyyə olunub.

Tədbir 5 İyul - Ümumdünya Badminton Günü və Milli Olimpiya Komitəsinin 30 illik yubileyi çərçivəsində keçirilib.

6 İyul 2022 22:41 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə