Ən son xəbərlər
Azərbaycan Respublikası və ABŞ arasında 1992-ci ildə qurulan diplomatik əlaqələr ötən 30 ildə getdikcə möhkəmlənərək, hazırkı yüksək səviyyəyə çatmışdır. Ulu öndər Heydər Əliyevin 1997-ci ildə ABŞ-a ilk rəsmi səfəri və 2003-cü ildə oraya işgüzar səfərə getməsi mühüm tarixi hadisələr kimi yadda qalmışdır. Cənab İlham Əliyev isə əvvəl Baş nazir, sonra da Prezident kimi superdövlətdə dəfələrlə rəsmi səfərlərdə olmuşdur. 2016-cı ilin yazında cənab İlham Əliyevin ABŞ-a işgüzar səfəri baş tutmuşdur. İstər enerji təhlükəsizliyi sahəsində, istərsə də mühüm sayılan digər sahələrdə əməkdaşlıq ikitərəfli münasibətlərin güclü təməllər üzərində bərqərar olmasını şərtləndirmişdir.
Xatırladaq ki, ABŞ Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanımış, diplomatik münasibətlər 28 fevral 1992-ci ildə qurulmuşdur. Azərbaycanın ABŞ-da səfirliyi 6 mart 1992-ci ildən, ABŞ-ın Azərbaycanda səfirliyi isə 16 mart 1992-ci ildən fəaliyyət göstərir. Azərbaycanın Los-Anceles şəhərində Baş Konsulluğu, Yeni Meksika ştatının mərkəzi Santa Fe şəhərində fəxri konsuluğu mövcuddur. 1994-cü ildə “Əsrin müqaviləsi”nə əsasən, Azərbaycan “Şevron”, “Eksson”, “Amoko” və “Mobil” kimi tanınmış neft şirkətləri ilə hasilata dair bağlanmış 4 saziş ölkəmizə investisiya axınını gücləndirməklə yanaşı, iqtisadi əlaqələri daha da genişləndirmişdir. Ümumilikdə, indiyədək Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında 86 sənəd imzalanmış və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılmışdır.
İyirmi beş il əvvəl Azərbaycan Prezidenti Heydər Əliyev Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsi tədbirləri haqqında sərəncam imzalamışdır. Xəzər dənizinin enerji ehtiyatlarının mənimsənilməsində, neft və qaz ehtiyatlarının emalı və nəqlində Amerika neft şirkətlərinin geniş iştirakı, ölkələr arasında enerji siyasəti və kommersiya məsələləri üzrə rəsmi dialoqun yaradılması yüksək qiymətləndirilmiş, eyni zamanda, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olmuşdur.
Zaman keçdikcə əlaqələr daha konkret və işgüzar xarakter almışdır. Münasibətlərin yaxşılaşdırılması baxımından 1992-ci ilin oktyabrın 24-də Konqres tərəfindən qəbul edilən və ABŞ-ın Azərbaycana birbaşa hərbi yardımına qadağa qoyan “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin dayandırılması müddətinin dəfələrlə uzadılması qeyd oluna bilər. Məlum olduğu kimi, 2001-ci ilin 11 Sentyabr hadisəsindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Ağ ev rəhbərinə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib...
Hələ 6 il öncə Prezident İlham Əliyevin Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-a səfəri faydalı əməkdaşlığın nümünəsi kimi xarakterizə edilmişdi. Həmin səfər zamanı Azərbaycan rəhbəri ilə görüşündə o vaxtlar ABŞ-ın vitse-prezidenti olan Co Bayden bildirmişdi ki, onlar Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyirlər və bu, Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət kəsb edir.
Artıq üç ildən bəri superdövlətin Prezidenti olan Co Bayden Azərbaycana səmimi və dostyana münasibət göstərir. Prezident kimi, onun cənab İlham Əliyevə dörd məktub göndərməsi iki ölkə arasında olan münasibətlərin göstəricisidir. Novruz bayramı və Müstəqillik Günü münasibətilə göndərilən həmin məktublar sadəcə təbrik xatirinə yazılmayıb. Bu məktublara ölkələrin bir-birinə münasibəti, həmin dövrə aid əməkdaşlığın durumu və gələcəyə yönəlmiş ciddi mesajların qeyd olunması kimi amillər xasdır. Co Baydenin məktublarının məzmununda ikitərəfli münasibətlərdə və strateji baxışlarda yaxşılığa doğru dəyişmələrin dinamikası müşahidə olunur.
Bu il mayın 20-də ABŞ Prezidenti Azərbaycan rəhbərinə göndərdiyi məktubda qeyd etmişdir ki, iki ölkə arasında diplomatik münasibətlərin qurulduğu 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm anında öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır. ABŞ Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə bu ölkəyə göstərdiyi humanitar və enerji sahəsində yardımını vacib mesaj sayır, həmçinin ölkəmizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələri təqdir edir. Eyni zamanda, ABŞ bütün Qafqaz və Trans – Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan–Ermənistan diplomatik təmaslarının intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırlığını ifadə edib. “...Bu qlobal qeyri-sabitlik dönəmində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir.Biz qarşıdan gələn illər və onilliklərdə münasibətlərimizi daha da genişləndirmək arzusundayıq”.
Görünən budur ki, ABŞ Prezidentinin Azərbaycan Prezidentinə göndərdiyi həmin məktub məzmun və məna baxımından əvvəlkilərdən çox fərqlənir və mətndə əks olunan müsbət meyllərin bir çoxu strateji baxımdan mühüm yeniliklərdir. Əvvəlki məktublardan fərqli olaraq, bu məktubda nə Dağlıq Qarabağ münaqişəsinin həllinə istinad var, nə də onun həlli məqsədilə yaradılsa da, heç nəyə nail ola bilıməyən ATƏT-in Minsk qrupuna. Bu faktın özü onu göstərir ki, Co Bayden məsələ ilə bağlı Azərbaycanın məlum mövqeyini qəbul edir və ona hörmətlə yanaşır. Onun bu bəyanatı ilə Ermənistanın artıq heç bir aktuallığı qalmayan köhnəlmiş tezislərini deyil, məhz Azərbaycanın real və praqmatik siyasətini müdafiə etdiyi göz qabağındadır.
Eyni zamanda, Ağ ev rəhbəri dəyişən dünya düzənində Azərbaycanın yerini və əhəmiyyətini düzgün qiymətləndirərək, 5 yeni strateji tezisi ilk dəfə olaraq məktubun mətninə əlavə etmişdir. Bu tezislər əvvəlki mətnlərdən fərqli olaraq, ABŞ-ın ilk dəfə olaraq ki, dünya enerji bazarında həm təhlükəsizliyin təminatında, həm də bazarın sabitləşməsində Azərbaycanın rolunu xüsusi olaraq vurğulamasından, ölkəmizin Ukraynaya göstərdiyi humanitar və enerji yardımını vacib addım hesab etməsi və bunu alqışlamasından, Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkanın olduğuna inanması və bu baxımdan Azərbaycanla Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazır olması əzmindən, hazırkı mürəkkəb qlobal dönəmdəAzərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq etməsindən, eləcə də qarşıdakı dövrdə Azərbaycanla münasibətləri daha da genişləndirmək arzusunda olduğundan ibarətdir.
Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin nə qədər düzgün və uzaqgörən olduğunu bir daha sübut edir və qəti inam yaradır ki, ABŞ Prezidenti Co Bayden bundan sonra Azərbaycanla münasibətlərdə yazdığı məktubun ruhuna uyğun davranışlar sərgiləyəcək və ABŞ-dakı erməni lobbisinin təzyiqlərinə əhəmiyyət vermədən qeyd etdiyi istiqamətlərdə ölkəmizə real və praktiki dəstək verəcək.
Böyük qürur hissi doğuran budur ki, bu il mayın 20-dən sonrakı 10 gün ərzində ABŞ Prezidenti Azərbaycan rəhbərinə ard-arda iki məktub göndərib. Bu isə dünya diplomatiya tarixində heç də tez-tez rast gəlinən hadisə deyil. Qeyd etdiyimiz kimi, o, birinci məktubunu 28 May – Müstəqillik Günümüzə həsr etmişdi. İlham Əliyevə ünvanladığı ikinci məktubunu isə Co Bayden Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin açılışı münasibətilə göndərib. Ağ Ev rəhbəri vurğulayıb ki, ötən müddət ərzində biz transmilli təhdidlərlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq. Hazırda, bütün dünyada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm dönüş mərhələsini yaşadığımız bir dövrdə ABŞ həm də təmiz enerjiyə keçidlə bağlı zəruri tədbirlər həyata keçirir və bu gün enerji təhlükəsizliyi ilə bağlı məqsədlərə çatmaqda şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir. O, bu məqsədə nail olmaq üçün regional səylərdə Azərbaycanın mühüm rol oynadığını qeyd edib. C.Bayden bir daha bildirib ki, bizim ölkəmiz regional və qlobal bazarların sabitləşdirilməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında olduqca əhəmiyyətli bir məkandır.
Bəli, Co Baydenin nümunəsində aşkar görürük ki,Qərb liderləri Azərbaycanın sərgilədiyi etibarlı ölkə, ciddi tərəfdaş səylərini yüksək qiymətləndirirlər. Çünki Azərbaycan öz öhdəliklərinə hörmətlə yanaşdığını dönə-dönə təsdiqləyib, əsl etibarlı ölkə imicini formalaşdıra bilib. Bu da müasir beynəlxalq münasibətlər sistemində olduqca vacib məqamdır.
Nəhayət, qeyd edək ki, bu günlərdə cənab İlham Əliyev də cənab Co Baydenə təbrik məktubu ünvanlayaraq, 4 İyul – Müstəqillik Günü münasibətilə ona və dost Amerika xalqına ən səmimi təbriklərini və xoş arzularımı çatdırıb. Dövlətimizin başçısı ilk gündən ölkəmizin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə ABŞ-ın dəstəyini yüksək qiymətləndirib. Bildirib ki, ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq ikitərəfli və çoxtərəfli müstəvidə uğurla davam edir, məmnunluq doğurur: “Enerji təhlükəsizliyi məsələlərində ölkələrimizin sıx əməkdaşlığı, həyata keçirdiyimiz irimiqyaslı transmilli layihələrdə ABŞ-ın yaxından iştirakı və hərtərəfli dəstəyi müvəffəqiyyətimizin əsas amillərindəndir.
Bu gün Azərbaycan ilə ABŞ arasında bir sıra mühüm sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əməkdaşlığımız siyasi əlaqələrimizin də genişlənməsinə şərait yaratmışdır”.
Məktubda, həmçinin vurğulanır ki, Cənubi Qafqazda davamlı sülhün, iqtisadi tərəqqinin bərqərar olması üçün əlverişli şəraitin formalaşdığı bir zamanda biz ABŞ-ın Ermənistan – Azərbaycan münasibətlərinin normallaşdırılmasında, kommunikasiyaların açılmasında, insanlararası təmasların yaradılmasında mühüm rol oynaya biləcəyinə inanırıq. Eyni zamanda Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında Ermənistanla sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın dəyərli töhfə verə biləcəyi qənaətindəyik. İşğaldan azad edilmiş ərazilərimizdə erməni hərbçilərinin basdırdığı minalar burada aparılan bərpa və yenidənqurma işlərinə böyük əngəl olaraq qalmaqdadır. Biz minatəmizləmə işində ABŞ-ın ölkəmizə göstərdiyi yardımı təqdir edirik. Ermənistan – Azərbaycan münaqişəsi zamanı itkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyinin aydınlaşdırılması məsələsində də rəsmi Vaşinqtonun dəstəyinə böyük ümidlər bəsləyirik.
Azərbaycan əmindir ki, ABŞ-la dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da uğurla davam edəcək və genişlənəcək.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə