Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa parlamentariləri ermənilərin “göz yaşlarına” daha inanmırlar

Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığımız 44 günlük müharibədə böyük qələbədən sonra dünya ictimaiyyətinin Qarabağ münaqişəsinə münasibəti dəyişmiş və daha obyektiv xarakter almış­dır. Çünki həm Azərbaycanın diplomatiya müstəvisində mövqeləri möhkəmlənmiş, həm də qarşı tərəfin əsassız iddiaları hərtərəfli ifşa olunmuşdur. Elə ATƏT PA-nın illik sessiyasında da erməni nümayəndə heyətinin beynəlxalq ictimaiyyəti çaşdırmaq, ölkəmizə qarşı irəli sürdü­yü mənasız və məntiqsiz təklifləri qəbul etdirmək səylərinin bütünlüklə iflasa uğraması bunun əyani göstəricisidir.

Xəbər verildiyi kimi, Böyük Britaniya­nın Birminhem şəhərində keçirilən həmin sessiyada ermənilərin və onların tərəfdarı olan isveçli deputat Bjorn Soderin "Dağlıq Qarabağ münaqişəsi və Minsk qrupunun" "dirçəldilməsi" və erməni terrorçularının dərhal azad olunması tələbi qətiyyətlə rədd edilmişdir. Beləliklə, ATƏT PA-nın qətnamə layihələrinə Azərbaycanın maraqlarına zidd olan dəyişikliklər səs çoxluğu ilə qəbul edilməmişdir. Əvvəlcə Siyasi məsələlər və təhlükəsilik üzrə ümumi komitənin qətnamə layihəsinə "Dağlıq Qarabağ münaqişəsi"ni və "ATƏT-in Minsk Qrupu"nu daxil etmək istəyən erməni nümayəndə heyətinin rəhbəri Eduard Ağacanyanın iddiası müzakirəyə çıxarılsa da, nəticəsiz qalmışdır. Sonra ermənipərəst Bjorn Soderin "saxlanılan erməni hərbçilərinin dərhal azad olunmasını Azərbaycandan tələb edən" təklifi, eləcə də mədəni irsin qorun­ması naminə UNESCO texniki missiyasının qəbul edilməsinə yönəlik çağırışı Azərbaycan nümayəndə heyətinin tutarlı arqumentləri ilə əsassız hesab olunaraq rədd edilmişdir. Ermənistanın Azərbaycana qarşı qətnamə bəndinin qəbul edilməsi ilə bağlı daha bir cəhdi də Sessiyada fiaskoya uğramışdır. Ermənistan nümayəndə heyətinin üzvü Mariya Karapetyanın yenə Dağlıq Qarabağa və münaqişənin mövcudluğuna istinad edən, erməni hərbçilərinin azad olunmasını özündə əks etdirən təklifi də müzakirələr zamanı birtərəfli hesab edilmiş və hazırda Avropa Birliyi tərəfindən aparılan üçtərəfli Brüssel da­nışıqlarının ruhuna uyğun gəlmədiyi, zərərli ola biləcəyi üçün, necə deyərlər, havadan asılı qalmışdır.

Assambleyanın müharibədən sonra mövcud olan reallıqla ziddiyyət təşkil edən dəyişiklikləri səsvermə yolu ilə heçə çıxar­ması Avropa parlamentarilərinin daha erməni oyunlarına uymadıqlarını təsdiqləyir. Heç bir siyasi və hüquqi əsasa söykənməyən, siyasi manipulyasiyadan başqa adı olmayan təkliflərlə bağlı fikirlərini bildirən Azərbaycan təmsilçiləri həbs edilmiş erməni hərbçilərinin müvafiq qanunvericiliyə uyğun olaraq cəzalandırıldığını, bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinin və Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarlarının olduğunu, UNESCO-nun fəaliyyətinə ermənilər tərəfindən süni əngəllərin yaradıldı­ğını diqqətə çatdırmış və təklif olunan bəndin qəbul edilməsinin yanlış olacağını vurğula­mışdır.

Beləliklə, ermənilərin riyakarcasına ATƏT PA-nın illik sessiyasına qəbul etdirmək istədikləri bütün düzəliş və təkliflərin qarşı­sı qətiyyətlə alınmış və onlar Azərbaycan əleyhinə siyasi və diplomatik mübarizədə növbəti dəfə “böyük hesab”la uduzmuşlar.

Seyfəddin ƏLİYEV,

politoloq

6 İyul 2022 01:25 - SİYASƏT
SİYASƏT
17 Avqust 2022 | 00:58
Lider qətiyyəti

Köhnə versiyamızdan xəbərləri izlə