Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATƏT PA Minsk qrupunun dirçəldilməsi təklifini rədd etdi

İrəvanın “ölü diriltmək” və terrorçuları əsir kimi qələmə vermək cəhdləri baş tutmadı

Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki, bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə za­manı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

İki əsrdən də çox müddət ərzində şər, böhtan, uydurma, mif, yalan üzərində fəaliyyət göstərən ermənilər 44 günlük İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra da öz iyrənc istəklərindən, əsassız iddialarından əl çəkə bilmirlər. Elə ona görə də son il yarımda, demək olar ki, bütün beynəlxalq təşkilatlardan zərbə alırlar. Mövcud olduqları ölkələrin hamısında terror və təxribatlara əl atan, Cənubi Qafqazda isə dünyanın heç yerində, heç zaman misli görünməmiş separatçılıq və işğalçılıq əməlləri törədən bu xalq (onlar hələ dövlət qura bilmədiklərinə görə, gü­nahları məhz xalqın adına yazmağa cəhd edirlər) hələ də anlamır­lar ki, insanları yalanla əsrlər boyu aldatmaq mümkün deyil.

Çox təəssüf ki, erməni xalqı da, onların dövlət dediyi yalançı qu­rum da hələ də inanırlar ki, dünya ictimaiyyətini yalanlarla əsrlər boyu al­datmaq olar. Əgər elə düşünməsəydilər, bu il iyulun 2-6-da Böyük Britaniyanın Birminhem şəhərində keçirilən ATƏT PA-nın illik sessiyasında da ağ yalan­lar danışmazdılar.

Kütləvi informasiya vasitələri yazırlar ki, həmin sessiyada erməni nümayəndə heyəti və ermənipərəst isveçli deputat Bjorn Soder tərəfindən müvafiq olaraq ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsi və Demokratiya, insan haqla­rı və humanitar məsələlər üzrə ümumi komitəsinin qətnamə layihələrinə ağ yalanlardan ibarət, ölkəmizin maraq­larına zidd olan dəyişiklik irəli sürül­müşdü.

Onlar nə istəyirdilər və ATƏT PA-nın rədd etdiyi həmin istəklər nədən ibarət idi? Mətbuat yazır ki, erməni nümayəndə heyətinin rəhbəri Eduard Ağacanyan tərəfindən irəli sürülmüş Siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitənin qətnamə layihəsinə “Dağlıq Qarabağ münaqişəsi”ni və “ATƏT-in Minsk qrupu”nu daxil etmək barədə dəyişiklik müzakirəyə çıxarılmışdı. Bu qəbilənin başbilənləri hələ də “görmürlər və eşitmirlər” ki, Vaşinqton, Paris, Moskva və Brüssel artıq ilyarımdır ki, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini nəinki gündəlikdən, hətta leksikondan da çıxarıblar. O boyda məğlubiyyətdən dərs ala bilməyənlər adı çəkilən güc mərkəzlərinə dərs verməyə çalışırlar ki, “Dağlıq Qarabağ münaqişəsi”ni və “ATƏT-in Minsk qrupu”nu dirçəltmək mümkündür.

Xatırladaq ki, qeyd olunan düzəlişin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev erməni nümayəndə heyətinin təklifinə tu­tarlı arqumentlərlə cavab verərək, assambleyanı müharibədən sonra mövcud olan reallığa zidd dəyişikliyi qəbul etməməyə çağırıb. Beləliklə, Ermənistanın təklifi səsə qoyulub, 27 səs əleyhinə, 12 səs lehinə olmaqla düzəliş rədd edilib. Yəni dəyişiklik “gorbagor” olanların dalınca gedib.

Bu məğlubiyyətdən sonra da sus­maq istəməyən isveçli ermənipərəst deputat Bjorn Soderin qurumun Siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsinin iclasının davamında “saxlanılan erməni hərbçilərinin dərhal azad olunmasını Azərbaycandan tələb edən” təkliflə çıxış etməsi nə qədər gülünc idisə, onun mədəni irsin qorunması naminə UNESCO texniki missiyasının qəbul edilməsi barədə çağırışı da bir o qədər iyrənc idi.

Erməni maliyyəsi ilə işləyən həmin avropalı deputat unudur ki, müharibə başa çatandan, üçtərəfli bəyanat imzalanandan bir ay, ayyarım sonra silahlanaraq başqa ölkənin ərazisinə soxulan və orada tərksilah edilərək həbs olunan quldurlar artıq əsir deyil, terrorçu və təxribatçılardır. Riyakar Bjorn Soderin təmsil etdiyi Avropada isə terrorçu və təxribatçıları bağışla­mırlar. Onda biz nə üçün ərazilərimizin 20 faizini 30 il işğal altında saxlamış və həmin ərazilərdə nə varsa hamısını yerlə-yeksan edib viranəyə çevirmiş xalqın terrorçu, təxribatçı, başkəsən, quldur təmsilçilərini bağışlamalıyıq?

Erməni yalı ilə qidalanmış is­veçli deputatın təklifinə qarşı çıxan Azay Quliyev söz alaraq, həbs edilmiş erməni hərbçilərinin mü­vafiq qanunvericiliyə uyğun olaraq cəzalandırıldığını, bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinin və Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarlarının olduğunu, UNESCO-nun fəaliyyətinə ermənilər tərəfindən süni əngəllərin yaradıldığını əsas gətirərək, ATƏT PA tərəfindən bu bəndin qəbul edilməsinin yanlış olaca­ğını vurğulayıb. Nəticədə B. Soderin təklifi səsə qoyulub, 24 əleyhinə, 12 lehinə olmaqla rədd edilib. Bu da getdi “gorbagor” olmuşların ardınca.

Bildirilir ki, ATƏT PA-nın Demok­ratiya, insan haqları və humanitar məsələlər üzrə ümumi komitəsinin Qətnamə layihəsinin müzakirəsi zama­nı da Ermənistanın Azərbaycana qarşı qətnamə bəndinin qəbul edilməsi ilə bağlı növbəti cəhd edilib. Üçüncü təklif daha iyrənc və ikrahedici olub. Bu dəfə Ermənistan nümayəndə heyətinin üzvü Mariya Karapetyanın yenə Dağlıq Qarabağa və münaqişənin mövcudluğuna istinad edən, erməni hərbçilərinin azad olunmasını özündə əks etdirən təklifi müzakirəyə çıxarı­lıb. Bu təkilf də səsə qoyulub və 18 səs əleyhinə, 11 lehinə olmaqla rədd edilib.

Fikrimizcə, beynəlxalq aləmdəki olan-qalan nüfuzunu da itirən Ermənistan tərəfinin bu üç təkilifinin qarşısının alınması təkcə Azərbaycan rəsmilərinin qətiyyətinin deyil, həm də ordumuzun və dövlətimizin regi­onda yaratdığı yeni reallıqların dünya ictimaiyyəti tərəfindən lazımı şəkildə qəbul edilməsinin göstəricisidir.

Bu sətirləri dövlət başçımızın iyunun 30-da Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı kon-fransının açılış mərasimində söylədiyi fikirlərlə tamamlamaq istəyirik: “Artıq Azərbaycan işğala son qoyub, Azərbaycan öz ərazi bütövlüyünü hərbi və siyasi yolla təmin edib. Belə olduğu halda, artıq Minsk qrupuna eh­tiyac yoxdur, biz Minsk qrupu ilə vida­laşmışıq, onlarla sağollaşmışıq... Lakin təəssüflər olsun ki, Ermənistan tərəfi və digərləri bu qrupu canlandırmaq istəyirlər. Bildirmək istəyirəm ki, bu, qeyri-mümkündür. Artıq o qrup ölüdür, cansızdır. Biz işğaldan xeyli əziyyət çəkmişik və bunu açıq-aydın şəkildə bildiririk. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulya­siya nəinki qeyri-məhsuldardır, eyni zamanda dağıdıcıdır, regionda sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir.”

Yəni, Azərbaycan Prezidenti cəmi bir həftə əvvəl dünya ictimaiyyətinə xatırlatmışdı ki, Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, dağıdıcıdır. Bu bəyanatdan sonra erməni təmsilçiləri yenidən Minsk qrupunu dirçəltmək təşəbbüsü ilə çıxış edirlərsə, deməli, onlar, həqiqətən, Cənubi Qafqaza sülh gəlməsini istəmirlər. Amma dünyanın aparıcı siyasətçiləri və hətta ara-sıra erməni ziyalıları da dəfələrlə deyiblər ki, bu gün sülh regionda hamıdan çox Ermənistana lazımdır. Çünki ordusu dağıdılan, iqtisadiyyatı çökən, əhalisi minbir problemlə üz-üzə qalan məhz Ermənistandır. İrəvan rəsmiləri sülhə mane olmaqla öz xalqlarına zülm etdiklərini, görəsən, niyə anlamırlar?!

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

6 İyul 2022 01:06 - SİYASƏT
SİYASƏT
17 Avqust 2022 | 00:58
Lider qətiyyəti

Köhnə versiyamızdan xəbərləri izlə