Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan–ABŞ əməkdaşlığı qarşılıqlı inam və etimada əsaslanır

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev 4 İyul – Müstəqillik Günü münasibətilə ABŞ Prezidenti Cozef Baydenə təbrik məktubu ünvanlayıb. Artıq otuz ildir ki, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarını dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir. Birləşmiş Ştatlar ilk gündən ölkəmizin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstək nümayiş etdirib və təbii ki, Azərbaycan xalqı və dövlətimiz bunu yüksək qiymətləndirir.

 

Məktubda vurğulanır ki, ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq ikitərəfli və çoxtərəfli müstəvidə uğurla davam edir. Beynəlxalq təhlükəsizliyin təmin olunması və terrorizmə qarşı mübarizədə uzun müddətdən bəri davam edən birgə fəaliyyətimiz məmnunluq doğurur. Enerji təhlükəsizliyi məsələlərində ölkələrimizin sıx əməkdaşlığı, həyata keçirilən irimiqyaslı transmilli layihələrdə ABŞ-ın yaxından iştirakı və hərtərəfli dəstəyi müvəffəqiyyətimizin əsas amillərindəndir.

Təqdirəlayiq haldır ki, bu gün Azərbaycan ilə ABŞ arasında bir sıra mühüm sahələrdə sıx əməkdaşlıq stra­teji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu da, öz növbəsində, siyasi əlaqələrimizin daha da genişlənməsinə şərait yaratmışdır. Bu gün ölkələrimizin həm də enerji, təhlükəsizlik və terrorizmə qarşı mübarizədə əməkdaşlığı nümunəvi xarakter daşıyır.

Prezident İlham Əliyevin yüksək səriştəli liderliyi ilə müstəqil Azərbaycan dövlətinin sivil, demokratik dünyanın bü­tün dövlətləri, o cümlədən, planetimizin super gücü olan Amerika Birləşmiş Ştat­ları ilə əməkdaşlığı qarşılıqlı inam və etimada əsaslanır. Görünən budur ki, iki ölkə arasında münasibətlər keyfiyyətcə yeni, daha yüksək mərhələyə qadəm qoymuşdur.

Azərbaycan ictimaiyyəti bundan çox məmnundur. Çünki ABŞ kimi qüdrətli bir dövlətlə dostluq münasibətləri qurmaq bizim milli maraqlarımı­za uyğundur. Bildiyim qədər, ABŞ ictimaiyyəti də Azərbaycanla dostlu­ğu yüksək dəyərləndirir. 2020-ci ilin payızında Azərbaycanın İkinci Qara­bağ müharibəsində parlaq qələbəsi, ölkəmizin ərazi bütövlüyünün təmin olunması Azərbaycanın dünya birliyində nüfuzunu çox artırıb.

Təsadüfi deyildir ki, ABŞ Prezidenti Cozef Bayden ölkəmizin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərmişdi. Təbrikdə Ame­rika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasından ötən müddət ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığın tarixin mühüm anında öz bəhrəsini ver­diyi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olun­ması və sabitləşdirilməsində önəmli rol oynadığı xüsusi vurğulanırdı.

Xatırladaq ki, ABŞ Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb, diplomatik münasibətlər isə 28 fevral 1992-ci ildə qurulub. Azərbaycanın ABŞ-da səfirliyi 6 mart 1992-ci ildən, ABŞ-ın Azərbaycanda səfirliyi isə 16 mart 1992-ci ildən fəaliyyət göstərir.

Azərbaycan Respublikası və Ameri­ka Birləşmiş Ştatları arasında bu vaxta qədər 86 sənəd imzalanıb və genişmiq­yaslı əməkdaşlıq üçün müvafiq norma­tiv-hüquqi baza yaradılıb. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan–ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu 1997-ci ildən fəaliyyət göstərir.

Düşünürəm ki, Azərbaycan–ABŞ münasibətlərinin gələcəyi daha parlaq olacaqdır. Belə ki, iki ölkə arasında hərtərəfli əməkdaşlığın güclənməsi hər iki xalqın mənafelərinə cavab verir.

Əfrahim TƏHMƏZOV,

politoloq, ehtiyatda olan ədliyyə polkovniki

6 İyul 2022 01:03 - SİYASƏT
SİYASƏT
17 Avqust 2022 | 00:58
Lider qətiyyəti

Köhnə versiyamızdan xəbərləri izlə