Ən son xəbərlər
Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, artıq Ermənistan–Azərbaycan münaqişəsi adlı bir problem mövcud deyil. Bu münaqişə tarixdə qalıb. Ona görə də hazırda masada münaqişənin həlli məsələsi deyil, yalnız 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli sənədlərin icrası məsələsi mövcuddur. Prezident İlham Əliyevin dediyi kimi, münaqişəni ATƏT-in Minsk qrupu 30 il ərzində nizamlaya bilməsə də, Azərbaycan özü 44 gün ərzində həll edib.
İndi əsasən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr birgə bəyanatının bəndlərinin icrası haqqında danışmaq olar. Elə Azərbaycan lideri də dəfələrlə bunu bəyan edib. Qeyd edilməlidir ki, hələ Rusiya da bu məsələdə özünün vasitəçilik səylərini ortaya qoymaqdadır. Hətta Avropa İttifaqı da Cənubi Qafqazda davamlı sülh yaradılmasında, Ermənistanın Moskvada qəbul olunmuş məlum iki bəyanatın icrasında maraqlı olduğunu bəyan edib.
İyulun 4-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərkən də söhbət Brüssel gündəliyinə aid məsələlərdən gedib. Şarl Mişel yenə də Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasının Avropa İttifaqı üçün vacibliyini vurğulayıb. O, Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcəyini bildirib.
Prezident İlham Əliyev isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə keçirilmiş üçtərəfli görüşləri, bu çərçivədə əldə olunmuş razılaşmaları yada salaraq, ölkəmizin Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində danışıqların real nəticələrə gətirib çıxaracağına ümidvar olduğunu ifadə edib.
Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın üzləşdiyi genişmiqyaslı mina problemindən danışıb və birinci Ermənistan–Azərbaycan müharibəsindən etibarən itkin düşmüş hesab olunan 4000 nəfərə yaxın azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsinin vacibliyini vurğulayıb.
Xatırlatmaq yerinə düşərdi ki, bu il aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutmuş və müsbət nəticələr əldə olunduğu barədə məlumatlar yayılmışdı. Şarl Mişel bildirmişdi ki, çox gözəl və səmərəli görüş keçirilib. Onun sözlərinə görə, Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün olduqca mühümdür: “Ona görə də biz bütün müsbət səyləri, etimadyaratma tədbirlərini dəstəkləməklə məşğuluq və bu gecə böyük bir irəliləyişə nail olduq. Bu isə o deməkdir ki, biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik. Biz, həmçinin həssas məsələ olan delimitasiya ilə bağlı işçi qrupu, birgə komissiya ilə bağlı razılığa gəldik. Əminəm ki, növbəti həftələrdə əldə olunacaq tərəqqini nəzərdən keçirmək üçün bizim aramızda güclü kommunikasiya və koordinasiya olacaq”.
Təbii ki, Avropa strukturlarından “böyük bir irəliləyiş” barədə xəbər eşitmək xoş idi. Birinci dəfə idi ki, Avropa İttifaqı tərəflər arasında sülh yaradılması işinə ciddi töhfələr verməyə başlayırdı. Cənab Mişelin bu günlərdə etdiyi sonuncu zəng də regionda sülh yaradılmasına, ölkələr arasında qarşılıqlı əməkdaşlığın qurulmasına dəstək məqsədi daşıyır. Amma Ermənistan münaqişə dövründə problemin sülh yolu ilə həllindən imtina etməklə ordusunu və minlərlə canlı qüvvəsini güdaza verdiyi kimi, postmünaqişə dövründə də bütün bu faydalı təkliflərdən yararlanmağa can atmır. Bu istiqamətdə daha çox Azərbaycan, Rusiya və Avropa İttifaqı səylər göstərir. Hər halda, inanırıq ki, Ermənistan da, nəhayət, öz öhdəliklərinə əməl etməyə başlayacaq.
Nizami SÜLEYMANOV,
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, tarix elmləri doktoru
Köhnə versiyamızdan xəbərləri izlə