Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan regionda sülh və təhlükəsizliyin təmin olunmasında çevik və konstruktiv siyasət həyata keçirir

İkinci Qarabağ müharibəsindən sonra regionda yara­nan reallığı dəyərləndirən nüfuzlu beynəlxalq təşkilatların, məsələn, Avropa İttifaqının Azərbaycanla əlaqələri bu gün yüksələn xətlə inkişaf edir. Adı çəkilən qurum dövlətimizin başçısı İlham Əliyevin liderliyinə müsbət yanaşır və ölkə rəhbəri ilə yaxın təmaslarını getdikcə gücləndirir, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına ciddi səy göstərir. Bu il aprelin 6-da yaranan yeni format – “Brüssel sülh gündəliyi” də bunun parlaq ifadəsidir. Yeri gəlmişkən, Brüsseldə keçirilən üçtərəfli görüşün nəticəsi olaraq, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi xüsusi diqqət çəkir.

Xatırladaq ki, sülh razılaşması­nın əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Eyni zamanda, sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyünün qorunmasıdır. Artıq tərəflərin biri-bi­rinin ərazi bütövlüyünü tanımaq və dəstəkləmək istəkləri aydın nəzərə çarpır. Bir sözlə, Azərbaycanın təkmil sülh təklifində bu məsələyə daha çox önəm verilir.

Azərbaycanın sülh və təhlükəsizliyin gerçəkləşdirilməsi istiqamətində çevik, konstruktiv siyasətinin beynəlxalq aləmdə dəstəklənməsi Prezident İlham Əliyevə ayrı-ayrı dövlət və hökumət başçıları tərəfindən müxtəlif vaxtlarda ünvanlanan məktublardan, dövlətimizin başçısı ilə aparılan telefon danışıqların­dan, respublikamıza səfər edən rəsmi şəxslərin söhbətlərindən də aydın görünür. Bütün bunlar, eyni zamanda, Azərbaycanın regionda yaratdığı reallıqların qlobal miqyasda qəbul olunduğun­dan, ölkəmizin suveren hüquq­larına hörmət bəslənildiyindən, həmçinin Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması, davamlı sülhün əldə olunması prosesinə mövcud gerçəkliklər çərçivəsindən yanaşıldığından xəbər verir.

Bu, iyulun 4-də dövlətimizin başçısı İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında reallaşan telefon söhbətində bir daha öz təsdiqini tapıb. Şarl Mişel söhbətində Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasının Avropa İttifaqı üçün vacibliyini vurğulayıb. O, Avropa İttifaqı­nın Ermənistan və Azərbaycan arasında münasibətlərin normal­laşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimita­siyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcəyini bildirib. Prezident İlham Əliyev isə Avropa İttifaqı Şurasının Preziden­ti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə keçirilmiş üçtərəfli görüşləri, bu çərçivədə əldə olunmuş razılaş­maları xatırladaraq, ölkəmizin Ermənistan ilə Azərbaycan arasın­da münasibətlərin normallaşdırıl­ması və sülh müqaviləsinin imza­lanması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində danışıqların real nəticələrə gətirib çıxaracağına əminliyini vurğulayıb.

Dövlətimizin başçısı telefon söhbətində işğaldan azad edil­miş ərazilərdə Azərbaycanın üzləşdiyi genişmiqyaslı mina probleminin bu gün də cid­di narahatlıq doğurduğunu və birinci Ermənistan–Azərbaycan müharibəsindən etibarən itkin düş­müş hesab olunan 4 min nəfərə yaxın azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdırıb.

Azərbaycan qlobal öhdəliklərə, humanizm dəyərlərinə daim sadiqlik nümayiş etdirib, regi­onda sülh və təhlükəsizliyin gerçəkləşdirilməsi istiqamətində çevik, konstruktiv siyasət həyata keçirib. Bütün bu fəaliyyət isə nüfuzlu beynəlxalq qurum­lar tərəfindən də dəstəklənib. Ümumiyyətlə, ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və bütün digər aparıcı beynəlxalq təşkilatların ayrı-ayrı vaxtlar­dakı bəyanatlarında mövqe­yimiz müsbət dəyərləndirilib, postmünaqişə reallıqlarına yüksək qiymət verilib.

Ölkə rəhbəri Vətən müharibəsi ədalətli qələbəmizlə başa çatan­dan sonra dərhal qonşu ölkələrin, həmçinin böyük dövlətlərin postmünaqişə reallıqlarını qəbul etdiklərini xatırladaraq, Ermənistana sülh çağırışları edib. Dövlətimizin başçısı bu il aprelin 22-də Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qu­rultayında etdiyi nitqində bir daha bu məsələyə toxunaraq bildirb: “Yəni, biz artıq bu mərhələni keç­dik və bundan sonra Azərbaycan– Ermənistan əlaqələrinin normal­laşması məsələsi gündəlikdədir. Yenə də bu gündəliyi biz ortaya qoyduq. Bütün ağrılı məqamlara baxmayaraq, işğala baxmayaraq, edilmiş bu vəhşiliklərə baxma­yaraq, bölgənin gələcəyi naminə biz hesab edirik ki, buna ehtiyac var və biz sülh gündəliyi təqdim etdik və Ermənistandan hər hansı bir cavab gəlmədi. Beynəlxalq təşkilatlar tərəfindən də demək olar ki, buna o qədər də maraq göstərilmədi. Ona görə biz konkret olaraq beş prinsipdən ibarət təklif irəli sürdük və Ermənistan bu beş prinsipi qəbul etdi. Beləliklə, Ermənistan rəhbərliyi rəsmən bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycana hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq. Hesab edirəm ki, bu, postmünaqişə dövrü üçün vacib məqamdır və biz məhz bu beş prinsip əsasında danışıqları apar­maq fikrindəyik”.

Hazırda Azərbaycanın qarşı­sında duran əsas vəzifələrdən biri ölkəmizin Vətən müharibəsində parlaq qələbə nəticəsində iş­ğaldan azad edilən ərazilərinin respublikanın ümumi iqtisadiy­yatına reinteqrasiyasına, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanların­dan faydalanmasına nail olmaqdır. Bu isə yaxın gələcəkdə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasını, eləcə də Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın bölgə iqtisadiy­yatının ümumi arxitekturasının müəyyənləşdirilməsini reallaşdır­maq deməkdir.

Yeri gəlmişkən, dövlətimizin başçısı İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında reallaşan telefon söhbətinin əsasında dayanan Brüssel sülh gündəliyinin ya­ranması tarixinə də qısa nəzər salaq. Xatırladaq ki, bununla bağlı ilk üçtərəfli görüş Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitindən bir gün əvvəl–ötən il dekabrın 14-də keçirilib, beləliklə, Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüsseldə sülh gündəliyinin əsası qoyulub. Bunun davamı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları reallaşdırılıb.

Dövlətimizin başçısı İlham Əliyev ötən müddətdə regional məsələləri daim gündəliyində saxladığına, bu proseslərə verdiyi töhfəyə və dəstəyə görə Avro­pa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin fəaliyyətini yüksək dəyərləndirib. Həmçinin Şarl Mişelin təşəbbüsü ilə aparılan sülh danışıqlarının çox praktiki olduğu­nu və təfsilatlı xarakter daşıdığını, burada Ermənistanla Azərbaycan arasında münasibətlərin normal­laşması, sərhədlərin delimitasi­yası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlərin müzakirə olunduğunu, nəticə etibarilə səmərəli və praq­matik keçdiyini dəfələrlə bildirib.

Bu məqamda onu deyək ki, Brüsseldə sülh gündəliyinin əsası qoyulandan etibarən Azərbaycan Prezidentinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşin­yanla görüşləri və əldə olunmuş müsbət nəticələr də dövlətimizin başçısının sözügedən sülh sazi­şinin imzalanması istiqamətindəki yorulmaz fəaliyyətinin bariz ifadəsi, respublikamızın milli maraqlarının təmin olunması yönündə gerçəkləşdirdiyi ardıcıl və məqsədyönlü siyasətin məntiqi nəticəsidir.

Göründüyü kimi, Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh sazi­şinin imzalanması məsələsinə daim konstruktiv yanaşıb, hər zaman əsas diqqəti Cənubi Qaf­qazda postmüharibə vəziyyətinə yönəldərək, Azərbaycanın sülhə, sabitliyə və proqnozlaş­dırılmaya sadiqliyini bəyan edib. Dövlətimizin başçısı regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsinə nail ol­mağa xüsusi önəm verib. Bu, ölkə rəhbərinin nüfuzlu dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri ilə söhbətlərində də öz aydın ifadəsini tapıb.

Ölkə rəhbəri bütün çıxışlarında Azərbaycanın üzərində dayan­dığı beş prinsipin beynəlxalq hüququn normalarını, səmərəli beynəlxalq davranışı əks etdirdi­yini xatırladaraq, onların istənilən ölkələr arasında dövlətlərarası münasibətlərin təməl prinsipləri olduğunu vurğulayıb. Dövlətimizin başçısı fikirlərinə qarşılıqlı şəkildə ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunul­mazlığının tanınması, həmçinin sərhədlərin delimitasiyası ilə Qafqaza sülh gələcəyini əlavə edib: “Bu, Azərbaycanın istəyidir. Azərbaycan Cənubi Qafqazın üç ölkəsi arasında fəal əməkdaşlıq üçün potensialın mövcudluğunu görür. Bu, eyni zamanda, Cənubi Qafqaz ölkələr ilə bərabər, daha geniş region üçün mühüm önəm daşıyır. Lakin bütün bu məsələləri ehtiyatla, həssaslıqla nəzərdən keçirmək və vaxtında həll etmək zəruridir”.

Onu da qeyd edək ki, Azərbaycan regionda sülh tərəfdarı, iqtisadi güc mərkəzi, eyni zamanda, Cənubi Qaf­qazda beynəlxalq layihələrin təşəbbüskarı olan ölkə kimi tanındığından Avropa İttifaqı üçün vacib, etibarlı və perspektivli tərəfdaşdır. Bu amil respublika­mızla münasibətlərin davamlı inki­şafını şərtləndirir. Digər tərəfdən, İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq qələbə əldə etməsi ilə geosiyasi reallıq yaranması adı çəkilən təşkilatla bu əməkdaşlığın dərinləşdirilməsi zərurətini qarşıya çıxarır.

Hazırda təkcə Avropa İttifaqı deyil, həm də nüfuzlu ölkələr və digər beynəlxalq siyasi mərkəzlər Cənubi Qafqazda Azərbaycanın ədalətli zəfəri fonunda geosiyasi reallığı təqdir edir və Ermənistanla sülh sazişinin imzalanmasını önəmli məsələ kimi dəyərləndirir. Çünki bölgədə sülh və əmin-amanlığın bərqərar olması Azərbaycan və onun qonşularının mənafeyinə fayda gətirməklə bərabər, həm də bu coğrafiyada kommunikasiya bağlantıları­nın bərpası sayəsində region dövlətlərinin dünya iqtisadiyyatına inteqrasiyasını gerçəkləşdirir, son nəticədə isə xalqların so­sial şəraitinin yaxşılaşmasına müsbət təsir göstərir. Əlbəttə, bu mənada, Avropa İttifaqının rəsmi Bakının təklif və təşəbbüslərini yüksək dəyərləndirməsi və bunu dəstəkləməsi aydın başa düşülür.

Azərbaycan bu gün də qətiyyətli mövqeyini davam etdirir, prinsipial yanaşma ortaya qoyur və strateji məqsədlərinə doğru qətiyyətlə addımlayır. Prosesin gedişi regionda bütün dövlətlərin maraqlarına tam cavab verir, bölgə xalqlarına rifah və inkişaf vəd edir. Bu isə Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və təhlükəsizlik, qarşılıqlı faydalı əməkdaşlıq mühitini təmin etmək üçün mühüm əhəmiyyət daşıyır.

Onu da deyək ki, sonuncu Brüssel razılaşmasında əldə olunan müsbət nəticələr sıra­sında ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərilməsi də öz əksini tapıb.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

6 İyul 2022 00:59 - SİYASƏT
SİYASƏT
17 Avqust 2022 | 00:58
Lider qətiyyəti

Köhnə versiyamızdan xəbərləri izlə