Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bizim Azərbaycan adlı bir Vətənimiz var

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 20 il ötür

Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir.

 

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayındakı nitqindən

 

Son yüzillər ərzində ən fərqli səbəblərdən soydaşlarımız dünyanın müxtəlif ölkələrinə səpələniblər. Lakin onların böyük əksəriyyəti Ana Vətən – Azərbaycan ilə əlaqələrini heç vaxt kəsməyiblər, əksinə, hər zaman doğma məmləkətin sevincinə seviniblər, kədərinə məyus olublar.

 

Xalqımız 31 il əvvəl öz dövlət müstəqilliyini bərpa etdikdən sonra, ölkəmizin xaricdə yaşayan soydaşları­mızla əlaqələri artıq dövlət səviyyəsində qurulmağa başlanılıb. Fəxrlə qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda dias­por quruculuğunun banisidir. Məhz ulu öndərin təşəbbüsü ilə 2001-ci il noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçiril­mişdir.

Ümummilli liderin dillər əzbərinə çevrilən “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” sözləri ilə tarixə düşən I Qurultayda Azərbaycan icmala­rının tarixi Vətənlə əlaqələrinin qurulma­sı və möhkəmləndirilməsi, xaricdə yaşa­yan həmvətənlərimizin təşkilatlanması, diaspor quruculuğu sahəsində əsas vəzifələr müəyyənləşdirilmiş və bunun əsasında Azərbaycan diaspor siyasəti formalaşdırılmışdır.

Qeyd etmək lazımdır ki, I Qurul­tayda xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumu­nun yaradılması ideyası irəli sürülüb. Prezident Heydər Əliyevin fərmanı ilə 5 iyul 2002-ci ildə isə Xaricdə Yaşa­yan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb.

Komitənin yarandığı və fəaliyyət göstərdiyi illər ərzində ölkəmizdə diaspor quruculuğu sahəsində ciddi işlər görülüb. Nəticədə, Azərbaycan diasporu dünyanın ən güclü və yüksək təşkilatlanmış diaspor təşkilatlarından birinə çevrilibdir. Hazırda dünyanın 31 ölkəsini əhatə edən və 130 dias­por təşkilatını özündə birləşdirən 14 Koordinasiya Şurası, 12 ölkədə isə 18 Azərbaycan Evi fəaliyyət göstərir. Yeri gəlmişkən, COVID-19 pandemiyası ilə əlaqədar sərhədlərin bağlanması, eləcə də Ukraynada baş verən hadisələrlə əlaqədar təxliyə olunan soydaşlarımız Azərbaycan evlərinə üz tutublar.

Azərbaycan dövləti diaspor qu­ruculuğu siyasətini öz fəaliyyətinin prirotetlərindən biri hesab edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 5 iyul 2018-ci il tarixli fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondu yaradı­lıb. Fond bu illər ərzində 200-ə yaxın diaspor təşkilatının sənədlərinin həmin ölkələrin qanunvericiliyinə uyğun tərtib edilməsi və qeydiyyatdan keçməsinə dəstək göstərib, 100-dən çox layihəni maliyyələşdirib.

Bəlli olduğu kimi, 2020-ci ilin pa­yızında Azərbaycan xalqı 44 günlük şanlı Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək qətiyyəti, yenilməz Azərbaycan Ordusu­nun igid əsgər və zabitlərinin qeyri-adi şücaətləri sayəsində tarixi Zəfər qazana­raq doğma torpaqlarını yağı düşməndən azad edibdir. Bu möhtəşəm hadisə ölkə vətəndaşları ilə bərabər bütün dünya azərbaycanlıları arasında böyük sevinc və coşqu hissi yaradıb.

Sevindirici haldır ki, son illər Azərbaycan və Türkiyə diaspor təşkilatları hər iki xalqın ümumi mənafeləri naminə öz səy və qüvvələrini birləşdiriblər. Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsini imzalayıblar. Bu tarixi sənədə uyğun olaraq istər iki ölkənin diaspor siyasətinə məsul qu­rumları, istərsə də xaricdəki Azərbaycan və Türk diasporları arasında qarşılıq­lı əməkdaşlıq, dəstək və həmrəylik fəaliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirilir.

2022-ci il aprelin 22-də düşməndən azad edilmiş Şuşada Dünya Azərbaycanlılarının beşinci qurultayı keçirilib. Bu, Azərbaycan diaspor quru­culuğu tarixində olduqca əlamətdar bir hadisədir. Xüsusi vurğulamağa ehtiyac duyuram ki, V Qurultayda Kanadadan Avstraliyayadək, Yaponiyadan Çiliyədək, İslandiyadan Nigeriyayadək 65 ölkədən 400 nəfər nümayəndə iştirak edib.

V Qurultayın məhz Şuşada keçirilməsi Azərbaycan Prezidentinin təşəbbüsüdür. Qurultayda çıxış edən soydaşlarımız dünya azərbaycanlıları adından bu qüruru onlara yaşatdığına görə müzəffər Ali Baş Komandanımıza, şanlı Azərbaycan Ordusuna, qəhrəman döyüşçülərimizə, şəhidlərimizə və qazilərimizə sonsuz minnətdarlıqlarını bildiriblər.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Dünya Azərbaycanlılarının Zəfər Qurultayında çıxışında demişdir: “Dünya Azərbaycanlılarının IV Qurulta­yından ötən dövr ərzində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti vahid proqram çərçivəsində həyata keçirilmişdir. Bu dövr ərzində fəaliyyətimizin ana xəttini Dünya Azərbaycanlılarının IV Qurultayın­da dövlət başçımızın tövsiyə və tapşırıq­ları təşkil etmişdir”.

Azərbaycan diasporunun birliyinə nail olunması və işin sistemli təşkil edilməsi məqsədilə 2019–2023-cü illər üçün Strateji Yol Xəritəsi hazırlanıb. Məhz vahid ideya və maraqlar uğ­runda dövlət-diaspor əməkdaşlığının inkişafı, qüvvələrin ümumi məqsəd naminə birləşməsi, xüsusən, böhranlı vəziyyətlərdə düşünülmüş çevik planın olması üçün konkret vəzifələr müəyyən edilib. Bu istər koronavirus pandemiyası, istərsə də Vətən müharibəsi dönəmində sistemli həyata keçirilib.

Diaspor gənclərinin fəallığının artırılması, milli kimliyin qorunub saxlanılması və liderlik potensia­lının inkişaf etdirilməsi məqsədilə Azərbaycan Diaspor Gəncləri şəbəkəsi formalaşdırılıb. 2020-ci ildə Nazirlər Kabineti tərəfindən “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası” təsdiq olunub. Komitə ilə rahat əlaqə yaradıla bilməsi məqsədilə müasir informasiya texnologiyaları tətbiq edilib və qurum “Elektron hökumət” portalına inteqrasi­ya olunub.

Azərbaycan Respublikasının Bi­rinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyilə xarici ölkələrdə “Qarabağ” adlı həftəsonu Azərbaycan məktəbləri fəaliyyətlərini genişləndirir. Hazırda Ottava, Nant, Bern, Varşava, Stokholm, London kimi şəhərlərdə fəaliyyət göstərən “Qarabağ məktəblərində” yüzlərlə azərbaycanlı uşaq təhsil alır. 6-10 yaşlı azərbaycanlı uşaqlar üçün müasir üslubda hazırlanmış “Azərbaycan dili” dərsliyi çap edilərək xaricdəki soydaşlarımıza göndərilib.

Azərbaycan diaspor təşkilatları Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün əlindən gələni edir və bundan sonra da bu istiqamətdə səylərini əsirgəməyəcək. Təkcə “Xocalıya Ədalət!” kampani­yası çərçivəsində, 2020-ci ilin “Tovuz hadisələri” Vətən müharibəsi zamanı Avropanın 30 ölkəsində on minlərlə soydaşımızın iştirak etdiyi 300-dən artıq aksiya keçirilib. Ümumilikdə, Azərbaycan həqiqətləri, xüsusilə də Xocalı soyqı­rımının 30-cu ildönümü ilə bağlı dün­yanın 40-a yaxın ölkəsində 150-dən artıq müxtəlif formatlı təbliğat və anım tədbirləri təşkil olunmuş, 100-ə yaxın məqalə çap edilmiş, 24 ölkədə 29 aksiya keçirilmişdir.

2020-ci ildə Nazirlər Kabineti tərəfindən “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası” təsdiq olunmuşdur. Komitə ilə rahat əlaqə yaradıla bilməsi məqsədilə müasir informasiya texnologi­yaları tətbiq edilmiş və qurum “Elektron hökumət” portalına inteqrasiya olunmuş­dur.

Müxtəlif ölkələrdə azərbaycanlıların yüksək mövqelərə nail ola bilmələri və onların yaşadıqları ölkələrin icti­mai-siyasi, iqtisadi həyatında daha da fəal rol oynamaları üçün müvafiq qanunvericilik çərçivəsində Azərbaycan diaspor təşkilatları tərəfindən dəstək göstərilmişdir. Bir sıra ölkələrdə mer, bələdiyyə, digər yerli seçkili orqanlara, parlamentlərə namizədlikləri irəli sürülən soydaşlarımıza Azərbaycan icması öz köməyini əsirgəməmişdir.

Xaricdə yaşayan soydaşlarımızı diaspor fəaliyyətində iştirak etməyə təşviq etmək, eləcə də xaricdə Azərbaycan həqiqətlərinin yayılması, tarix və mədəniyyətimizin təbliği üçün böyük əmək sərf edən azərbaycanlıların mükafatlandırılması məqsədilə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Şəkidə I Yay Düşərgəsi, Nəsiminin 650 illik yubileyi münasibətilə Şamaxıda II Yay Düşərgəsi, Brüssel şəhərində Azərbaycan Diaspor Gənclərinin Qış Məktəbi, Almaniyadakı Azərbaycanlı Həkimlərin I Forumu təşkil olunmuş, “Diaspor Könüllüləri”, “Lider­liyin İnkişafı”, “Diaspor Gəncləri 1+1”, “Beyin qazanma” proqramı, “Azərbaycan Diaspor Qadınları Şəbəkəsi”, “Müxtəlif olsaq da, birlikdə güclüyük” və “E-akademiya” layihələri həyata keçi­rilmişdir. Azərbaycan Diaspor Gəncləri şəbəkəsi formalaşdırılmışdır.

Bu gün düz iyirmi yaşını qeyd edən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin fədakar kollek­tivinin qarşısında məsul vəzifələr durur. Təkcə Şuşa şəhərinin 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi çərçivəsində “I Ümumtürk Elat Festivalı” və “Diaspor Dekadaları”nın keçirilməsi planlaşdırılır. Qarşıdakı aylar, illər ərzində diaspor quruculuğu istiqamətində bu qəbildən olan onlarca tədbirin keçirilməsi nəzərdə tutulub.

Zərrə qədər şübhə etmirik ki, Dias­porla İş üzrə Dövlət Komitəsi xaricdə fəaliyyət göstərən diaspor qurumları və qəlbi daim Vətənlə döyünən soydaşla­rımız ilə əl-ələ verib, bundan sonra da böyük şövq və qətiyyətlə Azərbaycan həqiqətlərini bütün dünyaya yayacaqdır. Axı, bizim məqsədimiz, amalımız birdir. Bizim hamımızın Azərbaycan adlı bir Vətənimiz var!

Məsaim ABDULLAYEV,

“Xalq qəzeti”

6 İyul 2022 00:49 - SİYASƏT
SİYASƏT
17 Avqust 2022 | 00:58
Lider qətiyyəti

Köhnə versiyamızdan xəbərləri izlə