Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans

Dünən AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Xan qızı Natəvan və Azərbaycan qadınının ədəbi-mədəni mübarizələri” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

Beynəlxalq elmi konfrans Prezident İlham Əliyevin “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamına əsasən təşkil edilib.

Tədbirdə Ədəbiyyat Muzeyinin arxivində yer alan və 1990-cı illərdə hazırlanmış “Qarabağ ulduzları” mövzusunda sərgi nümayiş etdirilib.

Konfransda Ədəbiyyat Muzeyinin baş direktoru akademik Rafael Hüseynov “Xurşid­banu Natəvanın ədəbi səsləşmələri və əbədi səsi” mövzusunda məruzə ilə çıxış edib. Rafael Hüseynov çıxışında Natəvanın ölməz söz sənətindən və əsərlərinin poetik incəliklərindən bəhs edib.

Xurşudbanu Natəvanın zəngin yaradıcılığı, ömür yolu və şəxsiyyəti haqqında söz açan akademik Rafael Hüseynov bildirib ki, Mehdi­qulu xanın qızı və Qarabağ xanlığının sonuncu varisi olan şairənin xüsusi bədii istedada və qabaqcıl ideyalara malik söz sənətkarı kimi ədəbiyyat tariximizdə özünəməxsus layiqli yeri vardır. Klassik ədəbi ənənələrimizi yaşadan, yüksək humanizm ideyaları, dərin lirizm ifadə edən yaradıcılığı və unikal şəxsiyyəti sayəsində Natəvan dövrün ədəbi mühitinin formalaşması­na mühüm təsir göstərərək xalqımızın mədəni irsinin zənginləşməsinə töhfələr verib. “Xan qızı” adı ilə məşhur olan Xurşidbanu aşiqanə-hüznlü şeirlər, təbiət təsvirləri və müasirlərinə ünvan­ladığı mənzumələri ilə sevilən, keşməkeşli tale yolu olan qadın şairlərdəndir.

“Bu il Natəvanın doğum gününü ürək açıqlığı ilə qeyd edirik. Çünki Qarabağımız azaddır, Azərbaycan torpaqları işğaldan azad olunub”, - deyən akademik tarixin bütün zamanlarında qadının hər zaman ədəbiyyatın baş mövzusu olduğunu söyləyib. Qeyd edib ki, Natəvan Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuş şəxsdir. O, Şuşa şəhərinin abad­lığı və mədəni həyatının canlılığı üçün böyük işlər görüb. “Xurşidba­nu Natəvan Azərbaycanın ədəbi-mədəni həyatında, bütün milli ru­hun daşıyıcısı olaraq bir missiyanı yerinə yetirirdi. Natəvan həm də Azərbaycan qadının parlaq obrazı idi” ,- deyən akademik onun elmi irsindən də söz açıb. Bildirib ki, Natəvandan bizə şeirləri, məktubları, tərcümələri yadigar qalıb. Ondan bizə qalan bu irsin həcmi çox da böyük deyil. Ancaq o irsin içərisində Azərbaycan poeziyasının, Azərbaycan qadın poeziyasının özünəməxsus bütün cəhətləri əksini tapıb.

Rafael Hüseynov Xurşidbanu Natəvanın rəhbərlik etdiyi ədəbi məclisdən, xeyriyyəçilik fəaliyyətindən də söz açıb. Bildirib ki, onun başçılıq etdiyi ədəbi məclis öz ətrafında döv­rün qabaqcıl ziyalılarını toplayıb və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərib. Zəmanəsinin görkəmli şəxsiyyətlərindən olan Xurşidbanu Natəvan təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı ilə tanınıb. O, kasıblara əl tutub, Şuşaya su kəməri və yol çəkdirib.

Konfransda professor Xatirə Bəşirli “Niza­mi muzeyinin fondunda və ekspozisiyasında Xurşidbanu Natəvan”, dosent Rübabə Şiri­nova “İrəvan xanlığı və xan qızı Natəvan”, filologiya üzrə fəlsəfə doktoru Vüsalə Ağabəyli “Azərbaycanın ədəbi-mədəni mühitində gender ideologiyası” mövzusunda məruzələrlə çıxış ediblər.

Konfransda iştirak edən fəxri qonaqlardan İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Qurbanəli Purmərcan, Xurşidbanu Natəvanın nəsil şəcərəsindən olan Ofelya Bağırbəyova şairənin poeziyası, onun mərsiyə janrındakı şeirləri barədə ətraflı məlumat veriblər.

Konfrans işini bölmə iclasları ilə davam et­dirib. Bölmə iclaslarında Xurşidbanu Natəvanın yaradıcılığının müxtəlif istiqamətlərini əhatə edən məruzələr dinlənib.

“Xan qızı Natəvan və Azərbaycan qadını­nın ədəbi-mədəni mübarizələri” mövzusunda beynəlxalq elmi konfrans bu gün işini davam etdirəcək.

Qabil YUSİFOĞLU,

“Xalq qəzeti”

6 İyul 2022 00:44 -
14 Avqust 2022 | 02:08
Həmişə birinci

Köhnə versiyamızdan xəbərləri izlə