Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dərmanların təhlükəsizliyinə nəzarət davam edir

   Akademik C. Abdullayev adına Elmi – Tədqiqat Kardiologiya İnstitutunun növbəti toplantısında gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış edən institutun direktoru, tibb elmləri doktoru, professor Gülnaz Dadaşova bildirib ki, səhiyyə sisteminin inkişafı, bu sahənin maddi – texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsi ölkəmizdə prioritet məsələlərdəndir. O, həmçinin vurğulayıb ki,  Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsaitin ildən - ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə xidmət səviyyəsinin yüksəlməsinə imkan yaradır.

 Elmi – Tədqiqat Kardiologiya İnstitutundan verilən məlumata görə, G. Dadaşova, eyni zamanda, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bu istiqamətdə gördüyü işlər haqqında danışıb. O, qeyd edib ki, tibbi xidmətlərin ən mühüm amillərindən biri əlçatanlığın və keyfiyyətin yaxşılaşdırılmasına dair mühüm işlər görülür.

    İclasda “Farmakonəzarətin həyata keçirilməsi” mövzusunda təqdimat keçirilib. Elmi – Tədqiqat Kardiologiya İnstitutunun farmakonəzarət üzrə mütəxəssisi Nuranə Qəribova iclas iştirakçılarına bu barədə məlumat verib.

O, qeyd edib ki, Azərbaycanda dərmanların təhlükəsizliyi sahəsində bir çox tədbirlər görülüb, əhəmiyyətli addımlar atılıb və farmakonəzarət sistemi formalaşdırılıb. TƏBİB-in təşəbbüsü ilə dövlət tibb müəssisələrində farmakonəzarət sisteminin təşkil edilməsinin də əsas məqsədi məhz dərman preparatlarının farmakoloji effektivliyini daim nəzarətdə saxlamaq və dərman vasitələrinin təhlükəsiz istifadəsini təmin etməkdir. Bu məsələ, tibbdə keyfiyyət standartlarının tətbiq edilməsi üstünlüklərindən biridir.

   Daha sonra bildirilib ki, fayda və risk nisbətlərinin sistemli bir şəkildə izlənməsi, bu məqsədlə məlumat toplaması, qeydiyyata alınması, qiymətləndirilməsi, arxivləşdirilməsi, tərəflər arasında əlaqələrin qurulması və dərmanların səbəb ola biləcəyi zərərlərin minimallaşdırılması üçün zəruri tədbirlərin görülməsi Analitik Ekspertiza Mərkəzinin farmakonəzarət sektorunun fəaliyyətlərinin əsasını təşkil edir.

   Sonra gündəlikdə duran digər məsələlər müzakirə olunaraq müvafiq qərarlar  qəbul edilib və tövsiyələr verilib.

 

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

5 İyul 2022 10:33 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə