Ən son xəbərlər
Finlandiyada Cənubi Kareliya əyalətinin Lappenranta şəhərində NATO bazasını tikmək təklifi edilib. Şəhər Rusiya ilə sərhəddən yarım saatlıq məsafədə yerləşir. Bu barədə yerli “Yle” informasiya portalı xəbər yayıb. Məlumatı “Euronews” agentliyi yayıb.
Xəbərdə deyilir ki, Lappenranta şəhərinin meri Kimmo Yarva ümid etdiyini bildirib ki, Finlandiya Şimali Atlantika Alyansına rəsmən qoşulduqdan sonra, bu şəhərdə NATO-nun hərbi bazası yerləşdirilə bilər.
Mənbə qeyd edir ki, bu fikir Finlandiyanın hərbi-siyasi bloka qoşulması ilə bağlı söhbətlər ölkə ictimaiyyəti arasında yenidən canlananda yaranıb. Yəni, alyans kontingentinin Lappenrantada yerləşdirilməsi məsələsi ölkənin müdafiə qüvvələri tərəfindən müzakirə olunmayıb.
Bazanın tikintisi ilə bağlı siyasi müzakirələr də aparılmayıb, lakin mer ümid edir ki, Finlandiya NATO-ya daxil olduqdan sonra Cənubi Kareliyanın müdafiəsinə aktiv investisiyalar başlayacaq.
Xatırladaq ki, bu il iyunun-29-30 tarixlərində NATO-nun Madriddə növbəti sammiti keçirilib. Orada digər aktual problemlərlə yanaşı, İsveç və Finlandiyanın alyansa üzvlük məsələsinə də baxılıb və hər iki ölkəyə müsbət cavab verilib.
M.HACIXANLI, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə