Ən son xəbərlər
Pekində BMT-nin qlobal dünya forumunun plenar iclası keçirilib. Tədbirdə çıxış edən Rusiyanın Çin Xalq Respublikasındakı səfiri Andrey Denisov bəyan edib ki, BMT Təhlükəsizlik Şurasını genişləndirmək artıq vacib məsələyə çevrilib. Məlumatı “İzvestiya.ru” verib.
Diplomatın fikrincə, hazırda Təhlükəsizlik Şurası elə bir arenaya çevrilib ki, burada Qərb özünün təbliğatını aparır. Onun sözlərinə görə, bu destruktiv addımlar şura üzvlərini bir-birindən daha da uzaqlaşdırır və onun işinin effektivliyini azaldır.
Səfir qeyd edib: “Buna görə də bu gün BMT-də islahatlar aparılması məsələsi xüsusilə kəskin şəkildə dayanır. Mənim ölkəm BMT Təhlükəsizlik Şurasının tərkibinin konsensus əsasında genişləndirilməsini dəstəkləyir”.
Rusiya səfirinin fikrincə, bunun üçün Təhlükəsizlik Şurasında Afrika, Asiya və Latın Amerikası ölkələrinin payını artırmaq lazımdır. Bununla da, Təhlükəsizlik Şurası dünya xalqlarının ümidlərini daha yaxşı doğrulda və daha demokratik ola bilər.
Qeyd edək ki, Denisov iyunun 2-də Rusiya telekanallarından birinin efirində çıxış edərkən ölkəsinin Təhlükəsizlik Şurasından çıxarılması ilə bağlı suala da cavab verib. Onun fikrincə, bu, hansısa yeni hüquqi baza yaratmaq cəhdidir. Belə ki, “bütün normal insanlar başa düşürlər ki, belə bir ssenari yalnız BMT-nin buraxılması və yenidən formalaşdırılması halında mümkün ola bilər”.
Onu da xatırladaq ki, Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılması ideyası Ukrayna Prezidenti Volodimir Zelenskiyə məxsusdur. Onun sözlərinə görə, BMT-dəki Rusiya nümayəndələrini təşkilatdan sui-istifadə etmək imkanından məhrum etmək və Rusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasında olmasını mümkünsüz etmək lazımdır. Zelenskinin fikrincə, BMT nizamnaməsinin normal işləməsi və üzv ölkələrin ona hörmətlə yanaşması üçün bu, yeganə məntiqi yoldur.
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə