Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Günvurmanın fəsadları

İsti yay aylarında təcili tibbi yardım şöbəmizə ən çox müraciətlərdən biri də günvurma ilə bağlıdır. Çünki saat 12.00-dan 17.00-a qədər qızmar yay aylarında Günəşin ən aktiv vaxtları olur. Bu zaman insanlar Günəş şüalarının uzunmüddətli təsirinə məruz qalarsa, ultrabənövşəyi şüalar başa və bədənə təsir göstərərək, təkcə bədən səthini isitmir, eyni zaman­da, beyin toxumasını da zədələyir. Qan-damar sistemində xüsusilə də linfa sistemində genişlənmələr yaradır. Nəticədə baş-beyin qan dövranı­nı, həm də ümumi qan dövranını pozur. Ürəkbulanma, qusma, halsızlıq vəziyyəti ilə başlayaraq koma, ürək tutmasına qədər sağlamlıq üçün təhlükəli olan hallara gətirib çıxara bilir.

Bu fikirləri “Xalq qəzeti”nə açıqlamasında həkim-terapevt Sübhan Hacıyev bildirdi.

Həkim qeyd etdi ki, günvurma­nın üç dərəcəsi var: “Yüngül, orta və ağır... Yüngül günvurma başağrısı, ürəkbulanma, ümumi zəiflik, nəbzin və ürək döyüntüsünün artması, gözlərdə bir qədər genişlənmələrlə özünü göstərir. Orta dərəcə günvurmada ürəkbulanma və qusma, şiddətli baş ağrıları, eşitmədə pozuntular baş verir. Bəzən də hu­şun qısamüddətli itirilməsi, ümumi bir tormozlanma halı, burun qanaması, temperaturun qalxması ilə özünü büruzə verir. Ağır dərəcədə isə üz dərisi əvvəlcə qırmızı rəng alır, daha sonra get-gedə solğunlaşır, şüurda dəyişikliklər olur. Sayıqlamalar hallüsinasiyalar, ümumi qıcolma, uyuşmalar baş verir. Bədən hərarəti 40- 42 dərəcəyə qədər yüksələ bilir. Çox ağır hallarda beyin qan dövra­nının pozulması və komatoz vəziyyətlə də üzləşə bilirik”.

Sübhan Hacıyev bildirdi ki, günvur­ma zamanı ilkin tibbi yardım mütləq haldır: “Xəstəni birbaşa kölgəyə və ya sərin bir otağa gətirmək lazımdır. Otaqda optimal rütubəti təmin etmək effektlidir. Mümkün qədər oksigen alması üçün şərait yaradılmalıdır. Bu zaman baş və ayaqları qaldırmaq, xəstəni mümkün qədər üst geyimdən azad etmək lazımdır. Məqsəd, boyunda və sinədə hər hansı bir sıxıcı geyimin olmamasını təmin etməkdir. İçə bilirsə, sərin su verilməlidir. Çünki bu vaxt su-duz mübadiləsi pozulduğu üçün bizim xəstəyə verəcəyimiz maye mineral su olsa prosesin bərpası bir o qədər tezləşəcək. Sərin kompreslər qoyulmalı­dır. Bu kompresləri sərin suya batırılmış dəsmallarla da yerinə yetirmək olar. Bunu xəstənin alın, boyun, bilək, qoltu­qaltı hissələrinə qoymaq məsləhətdir. Xəstənin bədənini ümumi 20 dərəcədən yüksək olmayan su ilə islatmaq lazım­dır. Əgər qusma başlayıbsa, bu zaman xəstə yan üstə çevrilməlidir. Belə hallar­la rastlaşdıqda mütləq şəkildə təcili tibbi yardım çağırılmalıdır. Beləcə xəstəyə müvafiq tibbi yardım göstərilməlidir”.

Doktor, eyni zamanda, risk qrupuna daxil olanlardan danışdı. Dedi ki, risk faktorları, adətən uşaqlarda və yaşlı adamlarda daha çox olur, çünki həmin insanlarda istiliyi alıb-vermə mərkəzi pozulduğu üçün bu şəxslər daha çox zərər görə bilir. Hamilə qadınlar, ürək-damar sistemində problemi və beyin qan dövranında narahatlığı olan şəxslər, eləcə də ağır çəkililər günvurmaya meyilli olurlar. Belə hallardan özümüzü qorumaq isti yay aylarında mümkün dərəcədə saat 12.00-dan 17.00-a qədər Günəş şüaları altında olmamağa çalı­şaq. Əgər məcburiyyət yaranarsa, açıq rəngli, pambıq materiallı geyimlərdən istifadə etmək yaxşı olar. Papaqlardan mütləq istifadə etmək lazımdır. Ən vacibi isə bu aylarda hər saatda bir bardaq su içilməlidir. Eyni zamanda, spirtli içki və tütün məmulatlarından istifadə etmək məsləhət deyil. Bunlara əməl etsək, günvurmadan qoruna bilərik”.

Şahxanım ƏLİZADƏ,

“Xalq qəzeti”

5 İyul 2022 09:00 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə