Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Erməni vandalizminin qurbanı – Ağdam Çörək Muzeyi

Çörək yalnız insan üçün xüsusi əhəmiyyət daşıyan qida deyil, həm də müqəddəs nemətdir. Folklorumuzda çörəklə bağlı çoxsaylı atalar sözləri, zərbi-məsəllər, miflər və əsatirlər qalmaqdadır. Bu gün dünyanın elə bir ölkəsi yoxdur ki, orada aparılan arxeoloji qazıntılar zamanı çörəklə bağlı əlamətlərə rast gəlinməsin.

Azərbaycanda həmişə çörəyə müqəddəs nemət kimi baxılıb, əlimizdən düşən çörəyi öpüb gözümüz üstə qoyarıq. Ağdamda Çörək muze­yinin yaradılması da xalqımızın çörəyə müqəddəs nemət kimi baxmaq inan­cından yaranıb. Dünyada ikinci, MDB-də isə birinci və yeganə hesab edilən Ağdam Çörək Muzeyinin yaradılması ideyası 1982-ci ildə rayon partiya komitəsinin birinci katibi işləmiş Sadıq Murtuzayevə məxsusdur. Həmin il dəyirmanda başlanan təmir-bərpa işləri növbəti ildə başa çatdırılmış və 1983-cü il noyabrın 25-də muzey ilk ziyarətçilərini qəbul etmişdi.

Çörək muzeyinin yerləşdiyi dəyirman XIX əsrin sonlarında rayonun tanınmış nəsillərindən olan Məhəmməd Qarayev tərəfindən inşa edilmişdi. Yerli mədəniyyət abidəsi kimi dövlət tərəfindən qorunurdu. Kompleksə karvansaray da daxil idi. Sovet dönəmində “Dəyirman həyəti” adlanan ərazidəki karvansaray yaşayış üçün uyğunlaşdırılaraq yerli sakinlərə verilmişdi.

Erməni daşnakları xalqımıza məxsus müqəddəs nə varsa, on­ları Yer üzündən silməyi qarşıları­na məqsəd qoymuşdular. Ağdam Çörək muzeyi də onlardan biri idi. Bu muzeydə unikal eksponatlar -- taxılçılıqla bağlı arxeoloji tapıntılar toplanmışdı. Eksponatlar arasında daşa dönmüş dənlər, əl dəyirmanları, qab-qacaq, qədim kitablar, əlyazmalar, əkinçilik alətlərindən (oraq, xış, taxıldöyən vərdənə və s.) bəhs edən müxtəlif dəyərli nümunələr var idi.

İkimərtəbəli sərgi salonu olan muzeyin ömrü, təəssüf ki, qısa oldu, 1983-1992-ci illəri əhatə etdi. Cəmi 9 il fəaliyyət göstərdi. 1992-ci il avqustun 12-də Əsgəran rayonunun Naxçıvanik kəndi istiqamətindən ermənilərin atdığı top mərmisi ilə bu bərəkət ocağı da darmadağın edildi.

Xatırladaq ki, Azərbaycan da daxil olmaqla sovetlər dövründə 15 ölkədə 22 çörək muzeyi olub. Dünyada ilk çörək muzeyi isə İsveçrənin Sürix şəhərinin sakini Mişel Veren tərəfindən 1940-cı ildə yaradılıb.

Ağdam Çörək Muzeyinin həyətində vaxtilə "Od dəyirmanı” olub. XIX əsrin sonlarında istifadəyə verilən həmin dəyirman su ilə deyil, duru yanacaqla işləyib. Sonralar dəyirman şəhəri nəinki unla, hətta enerji ilə də təmin edib. Gündüzlər dəyirman kimi işləsə də, axşamlar bir çox əraziləri işıqlandırıb. İkinci Dünya müharibəsi illərində "Od dəyirmanı”nın sakinlərin ümid yerinə çevrildiyini ağdamlılar unutmayıblar.

Muzey fəaliyyətə başlayandan son­ra onun 300-dək eksponatı ziyarətə gələn əcnəbi qonaqlar tərəfindən hədiyyə edilib. Ən yaddaqalanını isə Qalina Andreyevna Konayeva adlı bir xanım təqdim edib. Moskvanın mərkəzi televiziyasında muzeylə bağlı süjet efirə verildikdən az sonra həmin xanım Ağdama gələrək ikinci Dünya müharibəsi dövründən saxladığı "blo­kada çörəyi”ni muzeyə bağışlayıb.

Muzey eksponatları arasında ən qədimi Miladdan əvvəl VII minilliyə aid olan daşlaşmış buğda dənələri idi. Buğda dənələri akademik İmam Mustafayev tərəfindən təqdim edilsə də, Ağdamın Əfətli kəndi ərazisindəki Çalağantəpədə arxeoloji qazıntı aparan tanınmış arxeoloq, Azərbaycan Milli Elmlər Akademiyasının müx­bir üzvü İdeal Nərimanovun səyi nəticəsində tapılmışdı. Daşlaşmış buğda dənələri sonralar Azərbaycan Tarix Muzeyinə təqdim edilib.

Muzeyin direktoru olmuş Hafiz Əliyev maraqlı bir məqamı xatırla­dırdı: "1987-ci ildə ölkədə başlayan "yenidənqurma”nın ilk acıları hiss edi­lirdi. Çörək qıtlığı da vardı. Ona görə də un dəyirmanını işə salmaq istədik. Dəzgahqayırma zavodunda çalışanlar təmənnasız olaraq mühərrikin işə sa­lınması üçün lazım olan avadanlıqları təmir edib hazır vəziyyətə gətirdilər. İl yarımadək dəyirman həm ağdamlılara, həm də qonşu rayonların sakinlərinə xidmət göstərdi, həm də təmənnasız”.

Erməni vandalizmi xalqımızın bərəkət ocağı sayılan belə müqəddəs abidələri Yer üzündən sildi. Amma o torpaqlarda ocaqlarımızı söndürməyə gücləri yetmədi. Külli-Qarabağda ocaqlarımızın yenidən yandırılmasına nail olduq.

Yeri gəlmişkən, muzeyin ilk direk­toru telejurnalist Allahverdi Əsədov olub. 1984-cü il sentyabrın 1-də muzeyin direktoru Az TV-də şöbə redaktoru işləmiş Niyazi Quliyev oldu. Niyazi Quliyev muzeyə az müddət ərzində rəhbərlik etdi və səhhəti ilə əlaqədar o vəzifəsini tərk ertməli oldu. Ondan sonra "Bilik" Cəmiyyətinin rayon şöbəsinin müdiri işləmiş Ofelya Zeynalova muzeyə rəhbər təyin edildi. Ofelya Zeynalovadan sonra isə muzeyə rəhbər Hafiz Əliyev təsdiq olundu. Yeddi nəfərlik ştat cədvəlində iki elmi işçi, üç bələdçi, bir dəyirmançı vəzifəsi var idi.

Muzeydə aparılan tərtibat işlərini Mədəniyyət Nazirliyin bədii tərtibat idarəsinin əməkdaşı Eduard Krupkinin rəhbərlik etdiyi qrup həyata keçirmişdi. Nümayəndə heyətinə isə muzeylər idarəsinin rəisi Səriyyə İsmayılova rəhbərlik edirdi.

Həmin illərdə Ağdam Mədəniyyət Şöbəsinin müdiri işləmiş Çimnaz Əliyeva bildirib ki, muzey Ağdamın ən qaynar küçələrindən biri olan “20 Yanvar” küçəsindəydi: “Elə bir gün olmurdu ki, muzey ziyarət olunmasın. Ən azı 30-40, çoxu 100-150 arası ziyarətçi düşürdü”.

Çimnaz xanım bildirib ki, Almaniya­da Çörək Muzeyindən söhbət düşəndə orada da deyirlər ki, dünyada 2 belə muzey var, biri burada, biri də Ağdam­da. Heyf ki, düşmənləriniz belə bir muzeyin daşını daş üstə qoymayıblar.

Muzeydə olan 1500-dək eksponat məhv oldu… Allah ordumuza qüvvət, Prezidentimizə də can sağlığı versin! Artıq onların sayəsində Ağdam da bizdədir, digər yurdlarımız da. İna­nıram ki, uzaqgörən və diqqətli ölkə başçısı bu məsələni də düşünüb. O muzey nəinki tək Ağdamın, həm də respublikamızın adını dünyaya tanıtdı.

Bu gün Ağdamda yeni muzeylər yaradılır. Ağdamda İşğal və Zəfər muzeylərinin əsası qoyulub. Hələ 2021-ci il mayın 28-də möhtərəm Prezidentimiz İlham Əliyevin iştirakı ilə Ağdam İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimi keçirilmişdir. Bu kompleks ümumilikdə 22 hektara yaxın ərazini əhatə edəcəkdir. Ağdam şəhərinin müəyyən bir hissəsinin dağıdılmış vəziyyətdə qalması və Ermənistanın işğalçılıq siyasətinin ümumi mənzərəsini əks etdirən açıq səma altında memorial kimi nümayiş etdirilməsi nəzərdə tutulur. 17.23 hektar ərazini əhatə edəcək bu kompleks müasir üslubda dizayn edilmiş muzey binası, xatirə gölü, memorial bağ və dağıntılardan ibarət olacaqdır. Ağdam Zəfər mu­zeyi 5 hektara yaxın ərazini əhatə edəcək və bu bölmə müasir dizayna malik bina, Bayraq meydanı və Zəfər arenası hissələrindən ibarət olacaqdır. Ağdamda dövlət başçımız tərəfindən bayrağın qaldırıldığı ərazidə Bayraq meydanı təşkil ediləcək, muzeyin bina­sı və arena bu meydanın yaxınlığında yerləşəcəkdir.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

5 İyul 2022 08:59 -

Köhnə versiyamızdan xəbərləri izlə