Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qanuna yeni dəyişikliklər pensiyaçılara humanist yanaşmanın nəticəsidir

Prezident İlham Əliyevin təsdiq etdiyi “Əmək pensiyaları haqqında” qanuna yeni dəyişikliklər pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, pensiya sisteminin humanist yanaşmalar əsasında təkmilləşdirilərək əhatə dairəsinin genişləndirilməsi, bu sistemə əlçatanlığın artırılması istiqamətində növbəti irəliləyişi təmin edir. Qanuna edilən 11 maddə üzrə 50-dək əlavə və dəyişiklik dövlət başçısı tərəfindən pensiyaçılara göstərilən daha bir sosial dəstəyin bariz nümunəsidir.

Qeyd edək ki, dəyişkliklərin hər biri əmək fəaliyyətinə görə pen­siya hüququ olan şəxslərə edilən güzəştlərdir. O doğrudur ki, həmişə zərərli və ağır işlərdə çalışan şəxslər pensiyaya çıxanda onlara müəyyən güzəştlər tətbiq olunub. Yeni dəyişikliklərdən biri də məhz həmin şəxslərə tətbiq ediləcək yeni güzəştlərdir. Qanuna edilən dəyişikliyə uyğun olaraq, həmin şəxslər üçün nəzərdə tutulmuş pensiya yaşına çatdıqda kişilərdən əvvəl – 12 il 6 ayı zərərli işlərlə bağlı olan 25 il staj və fərdi hesabda 48 min 960 manat pensiya kapitalı tələb olunurdu. Bundan sonra isə 12 il 6 ayı zərərli işlərlə bağlı olan 25 il staj, yaxud 12 il 6 ay zərərli işlərlə bağlı staj və fərdi hesabda 34 min 560 manat pensiya kapitalı tələb olunacaq. Qadınlardan isə əvvəl 10 ili zərərli işlərlə bağlı olan 20 il staj və fərdi hesabda 56 min 160 manat pensiya kapitalı tələb edilirdi. Dəyişiklikdən sonra isə 10 ili zərərli işlərlə bağlı olan 25 il staj, yaxud 10 il zərərli işlərlə bağlı staj və fərdi hesabda 34 min 560 manat pensiya kapitalı tələb olunacaq.

Göründüyü kimi, həmin şəxslərdən pensiyaya çıxmaq üçün tələb olunan pensiya kapitalı 30 – 38,5 faiz azaldılır. Onu da deməliyik ki, bu dəyişiklik hər il orta hesabla əlavə min nəfərin pensiya hüququ­nun yaranmasına imkan verəcək.

Dəyişikliyə uyğun olaraq, güzəştli şərtlərlə pensiya təyin edilən şəxslər üçün gözlənilən pen­siya ödənişi müddəti də kişilər üzrə 204-dən, qadınlar üzrə 234-dən 144-ə endirilib. Bu da onlara hesablanan pensiya məbləğinin orta olaraq 42 – 62 faiz artması ilə nəticələnəcək. Məsələn, güzəştli şərtlərlə pensiya təyin olunan, 60 min manat pensiya kapitalı olan kişiyə 294 manat 12 qəpik (60000 : 204), qadına 256 manat 41 qəpik (60000 : 234) pensiya təyin olunur­dusa, yeni dəyişikliyə əsasən onlara 416 manat 67 qəpik (60000 : 144) pensiya təyin olunacaq.

Yeni dəyişiklik, həmçinin ailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsində yeni addımların atılmasına da imkan verəcək. Ailə başçısını itirməyə görə pensiyanın bir ailə üzvünə düşən hissəsi onun hüququ yaranan müavinətin məbləğindən az olduq­da, ona ailə başçısını itirməyə görə pensiya əvəzinə həmin müavinəti almaq hüququ verilir. Bu zaman (eləcə də pensiya payını almadığı digər hallarda) onun pensiya payı bərabər şəkildə bölünərək digər ailə üzvlərinin pensiyasına əlavə olu­nacaq. Vəfat edən şəxsin pensiya məbləği onun ailə üzvlərinə sonra­dan ailə başçısını itirməyə görə pen­siya kimi təyin ediləndə ötən illərə uyğun şəkildə indeksasiya edilərək artırılacaq. Məsələn, pensiyası 285 manat olan və 2019-cu ildə vəfat et­miş ailə başçısının həyat yoldaşına 2022-ci ildə ailə başçısını itirməyə görə pensiya təyin edildikdə həmin şəxsə 285 manat deyil, 382 manat 8 qəpik pensiya hesablanacaq.

Vəfat etmiş pensiyaçının pensi­yasının məbləğinin də o, pensiyaya çıxdıqdan sonra vəfat edənədək topladığı pensiya kapitalı nəzərə alınmaqla ailə üzvünə müvafiq pen­siya təyinatı zamanı yenidən hesab­lanması imkanı yaradılır. Məsələn, 2017-ci ildə 245 manat məbləğində yaşa görə əmək pensiyası təyin edil­miş şəxs işləməkdə davam edib və 2019-cu ildə vəfat edib. Artıq həmin iki illik dövr üzrə toplanmış pensiya kapitalının da hesablanaraq nəzərə alınmaqla, ailə başçısını itirməyə görə təyin olunan pensiyanın artırıl­ması mümkün olacaq.

“Əmək pensiyaları haqqında” qanuna edilən digər bir dəyişiklik isə erkən pensiya hüququ olan çoxuşaqlı (5 və daha çox uşağı olan) qadınlara, sağlamlıq imkanları məhdud uşağı olan analara və atalara, uşaqlarını təkbaşına böyüdən atalara və qəyyumlara münasibətdə humanist, güzəştli yanaşmanı nəzərdə tutur. Belə ki, bu kateqoriyadan olan, erkən pensiya hüququ yaranan şəxslərə e-sistem üzərindən, müraciət olunmadan, sənəd təqdim edilmədən, proaktiv qaydada pensiya təyinatı aparılacaq. Həmçinin onlardan fərdi hesabında (01.01.2006 – 01.07.2018-ci il tarixləri üzrə) hər hansı məbləğdə pensiya kapitalı olan şəxslərə 25 il sosial sığorta stajı hədiyyə edilməklə avtomatik pensiya hüququ şamil olunacaq.

Bu dəyişiklik hər il orta hesabla əlavə 960 nəfərin pensiya hüququ­nun yaranmasına da imkan verəcək. Yeni dəyişikliklə, həmçinin 5 və daha çox uşağı övladlığa götürüb onları 8 yaşınadək tərbiyə etmiş qadınlara, 5 və daha çox uşağı 8 yaşınadək tərbiyə etmiş qəyyum qadınlara, sağlamlıq imkanları məhdud uşağını 8 yaşadək böyüdən analarla yanaşı, atalara da 5 il daha tez yaşa görə pensiyaya çıxa bilmək hüququ verilir.

Qeyd edək ki, qanunun yeni redaksiyasında pensiya sistemi­nin təkmilləşdirilməsi və müvafiq uyğunlaşdırmaların aparılması üçün digər bir sıra əlavə və dəyişikliklər də yer alıb.

Yeri gəlmişkən, onu da deməliyik ki, iyulun 1-dən qüvvəyə minən yeni “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlilliyinin qiymətləndirilməsi əvvəlki kimi qruplara görə deyil, insanın həyat fəaliyyətinin 7 kateqoriya üzrə bacarıqların məhdudlaşma faizləri müəyyən olunmaqla aparılacaq. Bu bacarıqlara özünəqulluq bacarığı (insanın əsas fizioloji tələbatlarını sərbəst həyata keçirmək, gündəlik məişət fəaliyyəti, o cümlədən şəxsi gigiyena bacarıqları), sərbəst hərəkətetmə bacarığı (sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik, bədən vəziyyəti dəyişdirilərkən bədənin tarazlığı­nı qorumaq, ictimai nəqliyyatdan istifadə bacarığı), istiqamətseçmə bacarığı (ətraf şəraitin adekvat şəkildə qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı), ünsiyyət bacarığı (məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi, ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı), dav­ranışına nəzarətetmə bacarığı (özünü dərk etmək, sosial, hüquqi və mənəvi – etik normaları ehtiva edən adekvat davranış bacarığı), öyrənmə bacarığı (bilik və baca­rıqların qavranılması, təcrübənin artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək ba­carığı), əmək fəaliyyəti bacarığı (işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun əmək fəaliyyəti bacarığı) daxildir. Yəni, bundan sonra əlilliyin qiymətləndirilməsi insanın həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma faizlərinin müəyyən olunması əsasında həyata keçiriləcək. Amma, 15 yaşına çatmamış uşaqlar əmək fəaliyyətinə cəlb edilmədiyi üçün onlarda əmək fəaliyyəti bacarığı qiymətləndirilməyəcək.

Onu da deyək ki, yeni meyarlara əsasən, hər hansı şəxsə əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiya­larının pozulması hallarında daha üstün sosial təminat hüququ verən əlillik səbəbi müəyyən ediləcək. Belə hallarla bağlı orqanizmin funksiya­larının pozulmasının fərqli faizləri müəyyənləşdirildikdə də, onlardan ən yüksək olan faiz götürüləcək. Bu yanaşma peşə xəstəliyi və istehsalat zədəsi hallarına aid edilməyəcək. Yeni əlillik meyarlarına görə əlillik 1 il, 2 il, 5 il müddətinə və ya müddətsiz təyin olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya və kommunikasiya şöbəsindən verilən məlumata görə, bundan sonra hər vətəndaş sosial sığorta ödəmələri ilə bağlı müraciətinin nəticəsini artıq onlayn rejimdə görə biləcək.

Belə ki, Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi yeni elekt­ron xidmət vasitəsilə bundan sonra sosial sığorta ödəmələri – əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın 3 yaşı tamam olanadək ona qulluq etməyə görə, uşağın ana­dan olmasına görə, dəfn xərci kimi nəzərdə tutulan müavinət ilə bağlı müraciətə baxılmasının nəticəsini hər hansı bir quruma müraciət etmədən artıq onlayn rejimdə öyrənmək mümkün olacaq.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

5 İyul 2022 09:58 - SİYASƏT
SİYASƏT
10 Avqust 2022 | 07:00
Heç kəs yaddan çıxmır

Köhnə versiyamızdan xəbərləri izlə