Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Ağır sınaqlarda sınmayan böyük alim: Yaqub Mahmudov” kitabı nəşr olunub

Tədqiqatçılar Nazim Xəlilov və Elnur Nəciyevin “Ağır sınaqlarda sınmayan böyük alim: Yaqub Mahmudov” kitabı nəşr olunub.

“Azərbaycan Tarixçiləri” İctimai Birliyindən AZƏRTAC-a bildirilib ki, yeni nəşrin elmi məsləhətçisi Dövlət Mükafatı laureatı, tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli, redaktoru tarix üzrə fəlsəfə doktoru Sevinc Məlikzadə, dizayneri riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayeva, texniki redaktoru isə Esmira Kərimovadır.

Kitabda Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, akademik Yaqub Mahmudovun həyatı, elmi-pedaqoji və ictimai-siyasi fəaliyyəti barədə yığcam məlumat verilir. Nəşr ilk dəfə olaraq oxuculara tarixçi-alimin yenilənmiş bioqrafiyasını təqdim edir. Kitaba, həmçinin Yaqub Mahmudovun maraqlı xatirələri, onun həyat və fəaliyyətini əks etdirən fotomateriallar daxil edilib.

Əsərdə qeyd olunur ki, Yaqub Mahmudov 1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini, 1968-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində baş müəllim, dosent, 1981-2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində dosent, kafedra müdiri, dekan müavini, dekan və 2004-2021-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda direktor işləyib. O, tarixşünaslıqda ilk dəfə olaraq XV–XVII əsrlərdə Azərbaycanın Avropa ölkələri ilə geniş diplomatik əlaqələr saxladığını və həmin ölkələrlə danışıqlar aparmış bir çox Azərbaycan diplomatlarının adlarını üzə çıxarıb. Tarixçi-alim, həmçinin Azərbaycan Respublikasının yeni təhsil sisteminin yaradılması işində, o cümlədən qəbul proqramlarının tərtibində və təkmilləşdirilməsində, test bankının yaradılmasında, fənlər üzrə metodiki vəsaitlərin hazırlanmasında fəal iştirak edib. Onun əsərləri indiyədək 15 dilə – türk, ingilis, rus, alman, ərəb, fars, fransız, gürcü, ibri, ispan, italyan, polyak, Ukrayna, urdu və rumın dillərinə tərcümə edilib.

Kitabda, həmçinin yazılır ki, Azərbaycan Respublikasının “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Əmək” ordenlərinə layiq görülən akademik, eyni zamanda, bir sıra xarici ölkələrin mükafatları ilə təltif olunub. O, AMEA ilə yanaşı, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Beynəlxalq Aytmatov Akademiyasının, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının, İtaliyanın Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının və İtaliyanın Bonifasiana Akademiyasının da həqiqi üzvüdür.

Xatırladaq ki, bundan əvvəl Yaqub Mahmudova həsr olunan 7 əsər – “Tarix elmində Yaqub Mahmudov məktəbi”, “Azərbaycan naminə: jurnalistin tarixçi ilə söhbəti”, “Akademik Yaqub Mahmudov elmi yaradıcılığında Qarabağ mövzusu”, “Şərəfli ömrün bir səhifəsi: Tarix fakültəsi (1986-1990)”, “Yaqub Mahmudovun tarixçilər məktəbi”, “Tanıdığımız və tanımadığımız Yaqub Mahmudov” və “Akademik Yaqub Mahmudov irsində Qarabağda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları tarixi” kitabları çap olunub.

5 İyul 2022 08:07 -

Köhnə versiyamızdan xəbərləri izlə