Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan “olum, ya ölüm” dilemması qarşısında

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin iyu­lun 4-də Prezident İlham Əliyevlə telefon söhbətində Brüs­sel gündəliyinə aid məsələlər müzakirə edilib. Şarl Mişel tərəfindən Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasının Avropa İttifaqı üçün vacibliyi bir daha vurğulanıb.

Aİ Şurasının Preziden­ti söhbətində Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanma­sı, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcəyini bildirib.

Prezident İlham Əliyev Şarl Mişelin təşəbbüsü və iştirakı ilə keçirilən üçtərəfli görüşləri, bu çərçivədə əldə olunan razılaş­maları qeyd edərək, ölkəmizin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demar­kasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində danışıqların real nəticələrə gətirib çıxaracağına əminliyini vurğulayıb.

Dövlətimizin başçısı işğaldan azad edilən ərazilərdə Azərbaycanın üzləşdiyi genişmiqyaslı mina proble­mini xatırladaraq, birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən itkin düşmüş hesab olunan 4 min nəfərə yaxın azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsinin vacibliyini də bildirib.

Buradan aydın görünür ki, Azərbaycan qlobal öhdəliklərə, humanizm dəyərlərinə sadiqliyi­ni daim nümayiş etdirir, sülh və təhlükəsizliyin gerçəkləşdirilməsi istiqamətində çevik, konstruk­tiv siyasət həyata keçirir. Bütün bu səylər isə dünyada yüksək dəyərləndirilir, beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir.

Azərbaycan yerləşdiyi regi­onda davamlı sabitliyin yaran­ması, möhkəmlənməsi üçün təkcə təşəbbüslərlə çıxış etmir, eyni zamanda, bu məsələdə öz əməli töhfəsini də əsirgəmir, bu istiqamətdə real addımlar atır və bölgənin yeni əməkdaşlıq formatının qurulması məqsədilə infrastruktur layihələrinin icrasını sürətləndirir.

Təəssüf ki, bu, Ermənistan tərəfində özünü qabarıq büruzə vermir. Düzdür, bu ölkədə revan­şist müxalif qüvvələrdən fərqli olaraq, bölgədə əmin-amanlığın bərpasının zəruriliyini anlayanların fikrincə, Ermənistan heç bir halda sərhədlərin delimitasiyası və demar­kasiyası üzrə danışıqlardan, eləcə də Azərbaycanla sülh sazişindən imtina etməməlidir, çünki əks halda növbəti məğlubiyyətlə üzləşə bilər.

Politoloq Stepan Qriqoryan “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində Ermənistanı indiki geosiyasi vəziyyətdə heç kimə arxayın ol­mamağa çağırıb: “Azərbaycan indi beynəlxalq ictimaiyyətə izah etməyə çalışır ki, Ermənistan sülh sazişinin imzalanmasına, sərhədin delimita­siyası və demarkasiyasına maraq göstərmir. Ona görə də istəsək də, istəməsək də, Ermənistan bu proseslərdə iştirak etməli və heç bir halda “yox” deməməlidir”.

Ermənistanın keçmiş səhiyyə naziri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Ar­sen Torosyan isə öz Facebook səhifəsində baş vermiş geosiyasi dəyişikliklərə görə ATƏT-in Minsk Qrupunun, həqiqətən də əvvəlki həyat qabiliyyətini itirdiyini yazıb: “Fransa və amerikalı həmsədrlər Rusiyanın və ya qarşı tərəfin imti­nası səbəbindən rusiyalı həmsədrlə sadəcə danışa bilmirlər. Mənə qəribə gələn odur ki, daim bu forma­tın vacibliyi bildirilir. Bununla da biz dialoqu dalana sürükləyirik. Bu isə erməni xalqının maraqlarına uyğun deyil. Biz Ermənistanın düşdüyü böhrandan çıxış yollarını tapma­ğı, qonşularımızla münasibətləri yenidən qurmağı bacarmalı və bu istiqamətlərdə gecikmənin nə ilə nəticələnəcəyini dərindən anlama­lıyıq”.

Hakim partiyanın deputatı mümkün həll yolunu da göstərir: “Bizə bir millət, xalq və dövlət olaraq həmişə təlqin edilib ki, qonşularımızla sülh şəraitində yaşaya bilmərik və buna haqqımız da yoxdur. Həm müxtəlif gündəliyə malik daxili qüvvələr, həm də müxtəlif dövlətlər durmadan bizə deyirdilər ki, siz öz qonşularınızla problemlərinizi təkbaşına həll edə bilməzsiniz, hökmən biz iştirakçı olmalıyıq. Düşünürəm ki, biz bu stereotipi qırıb, qonşularımızla dinc yanaşı həyata doğru addım ata biləcəyimizi anlamlıyıq. İndi xalqımız belə bir tamamilə əks stereotiplə yaşayır ki, türklə, azərbaycanlı ilə yanaşı yaşamaq sadəcə mümkün deyil. Bu, sadəcə ağılsızlıqdır…”.

Torosyan əminliklə bildirir ki, erməni xalqı bu stereotipi kollektiv şəkildə qırmağı bacarsa, danışıq­lar masası arxasında kompromis həll yolunu tapa bilər. “Yox, əgər bacarmasaq və bizə yenə iki qon­şumuzla, xüsusən də Azərbaycanla birgəyaşayış normaları barədə razılığa gəlməyin qeyri-mümkünlüyü təlqin edilsə, o zaman həmişəlik bu dalanda qalacağıq, hansı ki, belə bir şərait bizə yeni fəlakətlər gətirəcək”, - deyə hakim komandanın üzvü xəbərdarlıq edib.

Əslində, bu həqiqəti Stepan Qri­qoryan, Arsen Torosyan və habelə yüzlərlə erməni kimi, rəsmi İrəvan da yaxşı anlayır. Amma İkinci Qa­rabağ müharibəsi bitəndən, kapitul­yasiya aktı imzalanandan indiyədək Azərbaycanla danışıqlarda Nikol Paşinyan “sülh oyunu”na üstünlük verir, müəyyən vaxtlarda regional gerçəkliklərin tərəfində dayansa da, çox zaman revanşistlərdən çəkindiyindən onların istəklərini tez-tez dilə gətirir. Məsələn, az bir müddət bundan əvvəl Ermənistan baş naziri Qətərdə səfərdə olarkən, “Əl-Cəzirə” telekanalına verdiyi müsahibədə “Qarabağ məsələsinin Azərbaycanla sərhədlərin delimita­siyasına dəxli yoxdur” kimi sərsəm fikir səsləndirir. Yaxud, onun vaxtaşı­rı “Dağlıq Qarabağ” ərazi yox, insan haqları məsələsidir” deməklə bu coğrafiyadan ikiəlli yapışması, necə deyərlər, “kor tutduğunu buraxmadı­ğı” ifadəsini xatırladır.

Burada yaxın tarixə nəzər salsaq görərik ki, Nikol Paşinyanın xisləti heç də revanşist qüvvələrdən o qədər də fərqlənmir. Bəli, bu, o Pa­şinyandır ki, Vətən müharibəsindən az öncə “Qarabağ Ermənistandır və nöqtə” deyir, Arayik Harutyunyanın “inaqurasiya mərasimini” Şuşada keçirir, bizim bu dogma, əbədi, əzəli şəhərimizdə qondarma “dqr”ə yeni “parlament” binası tikdirir, savaş zamanı isə dinc azərbaycanlı əhalini taktiki raketlərlə qəddarcasına bombalamaq əmri verir...

Yuxarıda İkinci Qarabağ müharibəsi bitəndən, kapitulyasi­ya aktı imzalanandan indiyədək Azərbaycanla danışıqlarda Nikol Paşinyanın “sülh oyunu” oynadığını qeyd etdik. Baş nazir bəzi çıxışların­da Ermənistan hakimiyyətinin sülh sazişi imzalamağa maraqlı olduğu­nu, buna zərurət yarandığını desə də, digər hallarda revanşistlərin tərəfində dayanır, onların fikirlərini təsdiqləməkdən belə çəkinmir. Onun son vaxtlar “status” məsələsini tez-tez gündəmə gətirməsi də bunun bariz ifadəsidir. Bu, Nikol Paşinyanın Almaniyanın Ermənistandakı səfiri Viktor Rixterlə az bir müddət əvvəl keçirdiyi görüşündə səsləndirdiyi fikirlərdən də aydın görünür.

“Dağlıq Qarabağın statusu məsələsi hələ də həll olunma­mış qalır və bu problem ATƏT-in Minsk Qrupunun həmsədrliyinin beynəlxalq səviyyədə tanınmış formatı çərçivəsində həll edilməlidir”, – Paşinyan deyib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev hələ bu ilin yanvarında yerli telekanallara müsahibəsində Bakının Minsk Qrupunun Qarabağ məsələsi ilə məşğul olmaq cəhdlərinə imkan verilməyəcəyini açıq şəkildə söyləyib. IX Qlobal Bakı Forumunda da ölkə Prezidenti bu məsələdə qətiyyətli mövqe bildirib. Amma istər Paşinyan hakimiyyəti, istərsə də onun bəzi xarici dəstəkçiləri tərəfindən işğalçı dövlətin baş nazirinin Almaniyanın Ermənistandakı səfiri Viktor Rixterlə söhbətində ifadə etdiyi “status” “dərdi” indiyədək daim təkrarlanıb.

Prezident İlham Əliyev bu il iyunun 30-da Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konf­ransında çıxışında bu məsələyə bir daha münasibət bildirib. “Artıq Azərbaycan işğala son qoyub, Azərbaycan öz ərazi bütövlüyünü hərbi və siyasi yolla təmin edib. Belə olduğu halda artıq Minsk qrupuna ehtiyac yoxdur, biz Minsk qrupu ilə vidalaşmışıq, onlarla sağollaş­mışıq. Lakin təəssüflər olsun ki, Ermənistan tərəfi və digərləri bu qru­pu canlandırmaq istəyirlər. Bildirmək istəyirəm ki, bu, qeyri-mümkündür. Artıq o qrup ölüdür, cansızdır. Biz işğaldan xeyli əziyyət çəkmişik və bunu açıq-aydın şəkildə bildiririk. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni za­manda dağıdıcıdır, regionda sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Beləliklə, Paşinyan və onun havadarları anlamalıdırlar ki, 30 illik işğal dövründə vasitəçilik missiyasının mahiyyətini dərk etməyən, ikili standartlara əsaslanan siyasəti ilə münaqişənin həllinin uzanmasına yardımçı olan ATƏT-in Minsk qrupunun fəaliyyəti Azərbaycanın Vətən müharibəsində qazandığı ədalətli qələbə ilə artıq başa çatıb, ölkəmiz özü ədaləti bərpa edib, BMT qətnamələrini təkbaşına gerçəkləşdirib, işğalçıya yerini göstərib.

Ermənistan hakimiyyətinin başı “status”a qarışdığından işğalçı ölkənin üzləşdiyi böhran gündən-günə dərinləşir. Ölkə iqtisadiyyatı gündən-günə çökür, əhalinin sosial şəraiti getdikcə ağırlaşır. İşğalçı ölkənin 2022-ci il may ayının sonun­da dövlət borcu təxminən 9 milyard 581 milyon dollara çatıb ki, bu da ilin əvvəli ilə müqayisədə 355 milyon dollar və ya 3,8 faiz çoxdur. Daxili borc isə 18,2 faiz artaraq 3 milyard 47 milyon dollar təşkil edir.

Ökədə iş adamlarına təzyiqlər göstərilməsi isə istər xarici, istərsə də yerli investorların bu ölkəyə investisiya yatırmaqdan boyun qaçırmalarına gətirib çıxarıb. Bunun nəticəsində investisiya qoyulu­şu kəskin şəkildə azalıb. Hər bir xarici sərmayədar iqtisadi inkişafı sual altında olan və məmurların öz səlahiyyətlərini aşaraq özbaşınalıq etdikləri bir dövlətin iqtisadiyyatına vəsait yatırmağın nə dərəcədə bö­yük risk olduğunu yaxşı bilir.

V.BAYRAMOV, “Xalq qəzeti”

5 İyul 2022 09:36 - SİYASƏT
SİYASƏT
10 Avqust 2022 | 07:00
Heç kəs yaddan çıxmır

Köhnə versiyamızdan xəbərləri izlə