Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Xəzərətrafı regionun əsas logistika mərkəzidir

Bugünlərdə Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, hövzəətrafı ölkələrin əməkdaşlığının müqavilə-hüquqi bazası getdikcə möhkəmlənir. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə ötən illərdə müvafiq sazişlər imzalanıb və qüvvəyə minib.

 

Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış konvensiya bu sənədlər içərisində tarixi əhəmiyyət kəsb edir. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşu­luq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir. Artıq Xəzər dənizi regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mü­hüm tərkib hissəsidir.

Xəzər dənizindəki nəqliyyat şəbəkəsi də daxil olmaqla Azərbaycan Avrasiyanın mü­hüm logistika mərkəzlərindən birinə çevril­mişdir. Ölkəmiz Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında da mərkəzi həlqə rolunu oynayır. Ölkəmiz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli fəaliyyətinə də önəmli töhfəsini verir. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və logistika infrastruktu­runun inkişafına dair yeni beynəlxalq layihələrin həyata keçirilməsinə şərait yaradacaq.

Ötən əsrin 90-cı illərindən Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində qapanmış Zəngəzur dəhlizinin açılması da artıq reallı­ğa çevrilir. Azərbaycan Vətən müharibəsində qazandığı qələbə ilə ərazi bütövlüyünü bərpa edəndən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, kommunikasiyaların bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb. Ölkəmizin işğaldan azad etdiyi ərazilərə nəzarəti bərpa etməsi, 30 illik münaqişəyə son qoyması regionda yeni reallıqlar yaradıb. Dünyanın inkişaf etmiş güclü dövlətləri və beynəlxalq təşkilatlar, siyasi mərkəzlər bu reallığı qəbul edərək ölkəmizlə əməkdaşlıq üçün təşəbbüslər irəli sürürlər.

Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz haqqını bərpa edərək, bütün dünyaya güclü dövlət olduğunu göstərdi. Artıq Cənubi Qafqaz regionu dedikdə ağıla ilk gələn Azərbaycandır. Azərbaycan, sözün əsl mənasında, regionun güclü dövləti, başqa sözlə desək, yeni güc mərkəzidir. Prezident İlham Əliyevin həyata ke­çirdiyi düşünülmüş və uzaqgörən, eyni zaman­da, qətiyyətli siyasət nəticəsində Azərbaycan dövləti bu tarixi uğurlara nail olub. Ölkəmiz üstün coğrafi mövqeyi, gerçəkləşdirdiyi önəmli regional və beynəlxalq layihələrlə Xəzərətrafı ölkələr arasında aparıcı nəqliyyat və logistika mərkəzinə çevrilmişdir.

Əhliman ƏMİRASLANOV,

 Milli Məcisin Səhiyyə komitəsinin sədri, akademik

5 İyul 2022 09:54 - SİYASƏT
SİYASƏT
10 Avqust 2022 | 07:00
Heç kəs yaddan çıxmır

Köhnə versiyamızdan xəbərləri izlə