Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan bu gün dünyada həm də qaz ixracatçısı kimi tanınır

Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsindən 15 il keçir

Azərbaycanda yeni neft strategiyasının uğurla həyata keçirilməsi, neft sənayesinə geniş sərmayə qoyuluşu, neft əməliyyatlarında müasir texnika və texnologiyanın tətbiqi nəticəsində 1999-cu ildə nəhəng “Şahdəniz” qaz-kondensat yatağı aşkar edildi. Bununla da XXI əsrdə respublikamızın neftlə yanaşı, qaz ixrac edən ölkəyə çevrilməsinə zəmin yarandı.

Yeri gəlmişkən, burada bəzi tarixi məqamları qeyd etmək istərdik. Belə ki, 2001-ci il martın 12-də ulu öndərimiz Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində “Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan və Türkiyə Respub­likaları arasında təbii qazın satışı və alışı haqqında müqavilə”, həmin il sentyabrın 29-da isə Gürcüstan Res­publikasının Prezidenti Eduard Şe­vardnadzenin Bakıya səfəri zamanı “Təbii qazın Gürcüstan Respublikası ərazisindən tranziti, nəql edilməsi və satışına dair Azərbaycan və Gürcüs­tan Respublikaları arasında saziş” imzalandı.

Bundan 6 il sonra, 2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sekto­rundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil oldu.

Xatırladaq ki, uzunluğu 690 kilometr olan Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) kəməri 20 milyard kubmetrədək qazı nəql etmək gücünə malikdir. Bu boru kəməri Türkiyə sərhədinədək Azərbaycanda və Gür­cüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) xam neft kəmərilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.

Bakı-Tbilisi-Ərzurum kəmərinin fəaliyyətə başlaması Azərbaycanı ilk dəfə qaz ixracatçısına çevirdi. Kəmərin açılışından sonra Azərbaycan qazı Gürcüstan və Türkiyə bazarlarına ixrac olunmağa başladı və bu, eyni zaman­da, “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Cənub Qaz Dəhlizi” layihəsi üçün bünövrə yaratdı.

Bundan sonra “Cənub Qaz Dəhlizi”nin fəaliyyətini təmin etmək məqsədilə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsinin reallaşdırılmasına baş­landı. Tikintinin maliyyələşməsi “Şahdəniz” müqaviləsinin iştirakçısı olan şirkətlərdən ibarət Cənubi Qaf­qaz Boru Kəməri Şirkəti tərəfindən həyata keçirildi. Layihənin texniki operatoru “BP” (tikinti və istismar işləri üzrə), kommersiya operatoru isə “Statoyl” (biznes inkişafı və inzibati işlər üzrə) təyin olundu.

CQBK-nın tikintisinə 2004-cü ilin sonunda başlayan konsorsium işləri sürətlə apararaq, 2006-cı ilin may ayında başa çatdırdı. Elə həmin vaxt­dan boru kəmərinin sınaqdan çıxa­rılması məqsədilə qazla doldurulma­sına başlanıldı. “Şahdəniz”də birinci mərhələ üzrə işlər tam yekunlaşsa da, yoxlama prosesi getdiyi üçün hələ də qaz hasil olunmurdu. Buna görə də ləngiməyə yol verməmək üçün boru kəmərinin doldurulmasında AÇG yatağından çıxarılan səmt qazından istifadə edilirdi. CQBK-nın Türkiyə-Gürcüstan sərhədinə qədər doldurul­masına təxminən 0,1 milyard kubmetr qaz tələb olunurdu. Azərbaycan qazının dünya bazarlarına çatdırılma­sı isə 2006-cı il sentyabrın sonunda gözlənilirdi.

Türkiyə ərazisində tikinti işləri gecikdiyinə görə, boru kəmərinin istifadəyə verilməsi təxirə salındı. Bu­nunla belə, 2006-cı ilin noyabr ayında SOCAR-dan verilən məlumatda bildirilirdi ki, Bakı-Tbilisi-Ərzurum boru kəmərinin “Şahdəniz”dən çıxa­rılan qazla doldurulması prosesinə başlanılıb. Həmin məlumatda qeyd olunurdu ki, bütün kəmərin tikintisinin 2,9 milyard dollara başa gələcəyi gözlənilirdisə, artıq bu rəqəm 4 mil­yard dolları ötüb. Layihənin bahalan­masının əsas səbəbi kimi, Gürcüstan və Türkiyədə tikinti işlərinin ləngiməsi, materialların qiymətinin artması göstərilirdi.

Ümumi potensial ötürücülük qabiliyyəti 20 milyard kubmetr, uzunluğu isə 971 kilometr olan (Azərbaycan hissəsi 443 kilometr, Gürcüstan – 248 kilometr, Türkiyə – 280 kilometr) Cənubi Qafqaz boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq Gürcüstan­dan keçməklə Türkiyənin Ərzurum şəhərində BOTAŞ şirkətinin qaz kəmərləri sisteminə qoşuldu.

2006-cı ilin noyabrında Səngəçal terminalına ötürülən “Şahdəniz” qazı Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql olunaraq, 2007-ci il iyulun 3-də Gürcüstan -Türkiyə sərhədini keçdi. Bununla da CQBK 2007-ci ilin iyul ayında tam istifadəyə verildi.

“Şahdəniz -1” proqramı çərçivəsində qaz hasilatının başlan­ması və CQBK-nın istismara verilməsi həm Azərbaycanın, həm də Gürcüs­tanın enerji təhlükəsizliyinin təmin olunmasına əsaslı təsir göstərdi. Belə ki, 2006-cı ilin dekabrında Rusiya­nın ixrac etdiyi təbii qazın qiymətini gözlənilmədən nəzərəçarpacaq səviyyədə qaldırması idxalçı ölkələr üçün maliyyə-iqtisadi problemlər yarat­mışdı. Həmin dövrdə Azərbaycan Ru­siyadan alınan qazı elektrik stansiya­larında istifadə edirdi. Lakin qiymətin kəskin şəkildə dəyişməsi Azərbaycanı öz enerji balansına yenidən baxmağa sövq etdi. “Şahdəniz” qazına güvənən Azərbaycan 2007-ci ildən qaz idxalın­dan imtina edərək, daxili tələbatını öz ehtiyatları hesabına ödəməyi qərara aldı. Hətta həmin ildən başlayaraq Azərbaycan qaz ixrac edən ölkəyə çevrildi.

Beləliklə, regionun enerji ba­lansını müəyyənləşdirən yeni qaz yatağı və infrastrukturu öz rolunu oynamağa başladı. Bakı-Tbilisi-Ərzurum boru kəmərinin istifadəyə verilməsini yüksək qiymətləndirən Prezident İlham Əliyev qeyd edirdi ki, “bu layihə, bir növ, Bakı-Tbilisi-Cey­hanın kölgəsində idi. Ancaq bu gün hamı görür ki, onun nə qədər böyük strateji əhəmiyyəti var. Nəzərə alsaq ki, xüsusilə indi dünyada və Avro­pada enerji təhlükəsizliyi məsələləri çox önəm daşıyır, onda görərik ki, Azərbaycan qazının Gürcüstana və Türkiyəyə gətirilməsinin çox böyük strateji əhəmiyyəti var”.

“Şahdəniz” yatağının kəşf edilməsi Azərbaycanın zəngin qaz ehtiyatları­na malik olduğunu göstərdi. Aparılan dəqiqləşmələr yatağın minimum 1 trilyon 200 milyard kubmetr qaz ehti­yatlarının olmasını təsdiq etdi.“Azəri – Çıraq – Günəşli” yatağındakı ehtiyatlar da nəzərə alınmaqla artıq 2007-ci ildə ölkənin ümumi qaz ehtiyatları 1 trilyon 500 milyard kubmetrə çatırdı.Davam etdirilən kəşfiyyat işləri bu ehtiyatların artacağına böyük inam yaradırdı.

Xəzər dənizinin qaz potensialı Av­ropa ölkələrinin Azərbaycana marağı­nı daha da artırırdı. Elə həmin dövrdə Gürcüstanın qaz ehtiyaclarının 75 faizini ödəyən Azərbaycan Türkiyə bazarında da tədricən öz yerini tutma­ğa başlayırdı. Buna görə də təsadüfi deyil ki, 2006-cı il noyabrın 6-da Brüsseldə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu” imza­landı. Azərbaycan qazının Avropaya çıxarılmasına şərait yaradan növbəti addım isə 2007-ci ildə Türkiyə və Yu­nanıstan qazpaylayıcı şəbəkələrinin birləşdirilməsi oldu. Bununla da Azərbaycan neftinin ardınca təbii qa­zının da Avropa bazarlarına çatdırıl­ması perspektivləri genişləndi.

Beləliklə, müqavilənin imzalandığı dövrdə böyük mübahisələr doğuran “Şahdəniz” yatağının proqnozları artıqlaması ilə doğrultması nəinki Azərbaycanın təbii qaza olan daxili tələbatını ödəməyə imkan verdi, hətta ölkənin qaz ixracatçısına çevrilməsini şərtləndirdi. Xarici neft şirkətləri ilə səmərəli əməkdaşlıq, qonşu dövlətlərlə qaz ixrac boru kəmərinin tikintisinə dair qarşılıqlı maraqlara söykənən sazişlərin imzalanma­sı, meydana çıxan problemlərin qətiyyətlə ardıcıl şəkildə həll olunması Bakı – Tbilisi – Ərzurum ixrac boru kəməri kimi strateji layihənin uğurla həyata keçirilməsi ilə nəticələndi.

“Xalq qəzeti”

5 İyul 2022 09:22 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə