Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ilə ABŞ arasında dostluq və əməkdaşlıq münasibətləri dinamik inkişaf edir

Azərbaycan ilə ABŞ-ı birləşdirən dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək və genişlənəcəkdir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycanın dünya birliyində mövqeləri getdikcə möhkəmlənir, əlaqələri genişlənir. Beynəlxalq birliyin ən fəal üzvlərindən birinə çevrilən ölkəmiz regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da gücləndirir. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan beynəlxalq aləmdə sülhsevər, demokratik prinsiplərin inkişafına xüsusi önəm verən, iri infrastruktur layihələrin reallaşdırılmasında zəngin təcrübəsi olan bir ölkə kimi tanınır. Bu baxımdan, respublikamızla ABŞ arasındakı münasibətlər xüsusi əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Cozef Baydenə 4 iyul 2022-ci il tarixli məktubunda da yuxarıda vurğulanan məqamlar öz bariz ifadəsini tapıb. Dövlətimizin başçısı ABŞ rəhbərinə və onun simasında dost Amerika xalqına 4 İyul – Müstəqillik Günü münasibəti ilə öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini və xoş arzularını çatdıraraq, ötən 30 il ərzində Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarını dostluq və tərəfdaşlıq münasibətləri birləşdirdiyini vurğulayır, eyni zamanda, ilk gündən ölkəmizin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə ABŞ-ın dəstəyini yüksək qiymətləndirir.

Azərbaycan Prezidenti İlham Əliyev məktubda ölkələrimiz arasın­da qarşılıqlı faydalı əməkdaşlığın ikitərəfli və çoxtərəfli müstəvidə uğurla davam etdiyini, beynəlxalq təhlükəsizliyin təmin olunması və terrorizmə qarşı mübarizədə uzun müddətdən bəri həyata keçirilən birgə fəaliyyətin məmnunluq doğurduğunu da diqqətə çatdırıb. Dövlətimizin baş­çısı, enerji təhlükəsizliyi istiqamətində ölkələrimizin sıx əməkdaşlığını, reallaşdırılan irimiqyaslı transmilli layihələrdə ABŞ-ın yaxından iştirakı və hərtərəfli dəstəyini də yüksək dəyərləndirib.

Məktubda daha sonra deyilir: “Bu gün Azərbaycan ilə ABŞ arasında bir sıra mühüm sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əməkdaşlığımız siyasi əlaqələrimizin də genişlənməsinə şərait yaratmışdır. Ölkələrimizin enerji, təhlükəsizlik və terrorizmə qarşı mübarizədə əməkdaşlığı nümunəvi xarakter daşıyır”.

Dövlətimizin başçısı təbrikində Cənubi Qafqazda davamlı sülhün, iq­tisadi tərəqqinin bərqərar olması üçün əlverişli şəraitin formalaşdığı bir za­manda xalqımızın ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normal­laşdırılmasında, kommunikasiyaların açılmasında, insanlararası təmasların yaradılmasında mühüm rol oynaya biləcəyinə inandığını, eyni zamanda, ölkəmiz tərəfindən təqdim olunan beş prinsip əsasında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın dəyərli töhfə verə biləcəyi qənaətində olduğunu diqqətə çatdırır.

Prezident İlham Əliyev məktubda işğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən basdırılmış minaların aparılan bərpa və yenidənqurma işlərinə böyük əngəl törətdiyini, minatəmizləmə prosesində ABŞ-ın ölkəmizə göstərdiyi yardımın təqdir olunduğunu, Ermənistan-Azərbaycan münaqişəsi zamanı itkin düşmüş 4 minə yaxın soydaşımızın ta­leyinin aydınlaşdırılması məsələsində dost ölkənin dəstəyinə böyük ümidlər bəslənildiyini də qeyd edib.

Göründüyü kimi, sözügedən təbrik məktubunda Azərbaycanın ABŞ-a münasibəti, iki ölkə arasında əməkdaşlığın mövcud durumu və gələcəyə yönələn ciddi mesajlar öz ifadəsini tapıb. Eyni zamanda, təbrikdə ikitərəfli münasibətlərdə və strateji ba­xışda respublikamızın gələcək inkişafı ilə bağlı düşüncələr yer alıb.

Yeri gəlmişkən, beynəlxalq aləmdə güclü təsir imkanlarına malik olan, dünyanın super dövləti sayılan ABŞ ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən biridir. Etiraf edək ki, ABŞ planetimizin əsas güc mərkəzlərindən biridir və yeni dünya düzəninin formalaşmasında bu ölkənin kifayət qədər böyük rolu var.

Hazırda iki ölkə arasında strateji münasibətlər yüksək səviyyədədir. Siyasi və təhlükəsizlik məsələləri ilə yanaşı, enerji sahəsində də əməkdaşlıq çox müsbət dəyərləndirilir. Təbii ki, ABŞ-ın Azərbaycanla ikitərəfli əməkdaşlığa olan marağı təkcə ölkəmizin strateji-coğrafi mövqeyə ma­lik olması və zəngin karbohidrogen eh­tiyatları ilə bağlı deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən milli dövlətçilik kursunun dönməzliyi ilə əlaqədardır.

Bu iki dövlətin strateji müttəfiqliyinin getdikcə yaxşılaşması, əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmlənməsi bütövlükdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, qlobal enerji və kommunikasiya layihələrinin uğurla həyata keçirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir.

Beləliklə, dövlətimizin başçısının ABŞ Prezidentinə ünvanladığı təbrik məktubu Azərbaycan-ABŞ əlaqələrinin strateji önəm daşıyan münasibətlər səviyyəsinə yüksəldiyini, dostluq və tərəfdaşlıq xarakterini göstərir.

Bütün bunlar Azərbaycanın Cənubi Qafqaz-Xəzər dənizi regionunda sül­hün və sabitliyin qorunmasına maraqlı olduğunu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatında önəmli rol oynadığını, bu istiqamətdə enerji layihələrinin reallaşdırılması və dayanıqlılığının təmin edilməsinə ciddi əhəmiyyət verdiyini göstərir. Bu baxım­da Azərbaycanın liderliyi ilə həyata ke­çirilmiş Cənub Qaz Dəhlizi layihəsi də Avropanın enerji təhlükəsizliyinə, enerji mənbələrinin şaxələndirilməsinə və bütün iştirakçı tərəflərə fayda gətirən layihədir.

Onu da xatırladaq ki, Azərbaycanda energetika sahəsində, xüsusilə bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üzrə həyata keçirilən tədbirlər və müvafiq sahənin tənzimlənməsi məqsədilə hazırlanan qanun layihələri, həmçinin işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” ilə təminatı planları Azərbaycan-ABŞ əməkdaşlıq münasibətlərinin yeni mərhələyə daxil olmasını şərtləndirib.

Artıq yeni reallıqların formalaşması bölgədə yeni beynəlxalq əməkdaşlıq formatının qurulmasını zəruri etməkdədir. İşğaldan azad olunan ərazilərdə sosial infrastrukturun yenidən yaradılması və əhalinin işlə təmin olunması üçün dövlət investi­siyası ilə yanaşı, yerli və xarici in­vestisiya da cəlb edilir. Böyük quru­culuq işlərinə dost ölkələrin təşviq olunması siyasəti Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir.

“Xalq qəzeti”

5 İyul 2022 09:10 - SİYASƏT
SİYASƏT
17 Avqust 2022 | 00:58
Lider qətiyyəti

Köhnə versiyamızdan xəbərləri izlə