Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağda aparılan nəhəng quruculuq işləri dövlətin gücünün və iradəsinin göstəricisidir

 Prezident İlham Əliyev Polşanın Katovitse şəhərində iyunun 27-də keçirilən Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatdakı çıxışında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan nəhəng quruculuq işləri haqqında məlumat verərək, Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən 2020-ci il Vətən müharibəsindən sonra ölkəmiz üçün dayanıqlı şəhər inkişafı amilinin daha böyük dəyər daşıdığını bildirib.

Ölkə rəhbəri nitqində qəsbkarın uzun bir zaman ərzində şəhər və kəndlərimizi yer üzündən silməklə, bütün mədəni və dini abidələrimizi dağıtmaqla həmin torpaqları urbisid və kultursid nümunəsinə çevirdiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı, eyni zamanda, bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda barbarlıqla üzləşməsinə dünyanın heç bir yerində rast gəlinmədiyini, 9 şəhər və yüzlərlə kəndimizin tamamilə xaraba qoyulduğunu, Ağdam kimi böyük bir şəhərin “Qafqazın Xirosiması” kimi tanındığını, Füzuli düşməndən təmizləndikdən sonra bu şəhərdə Azərbaycan Ordusunun bayraq sancmağa bir tikili olsun belə tapa bilmədiyini xatırladıb.

Bu gün işğaldan azad edilən ərazilərin yenidən qurulması, həmin torpaqlarda ən müasir infrastruk­turun yaradılması və mədəni-tarixi abidələrin bərpası istiqamətində ge­nişmiqyaslı tədbirlər həyata keçirilir. Bu çərçivədə icra olunan layihələr isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsini, həmçinin iqtisadi inkişafını şərtləndirir.

Prezident İlham Əliyev yuxarı­da adıçəkilən sessiyada Qarabağ və Şərqi Zəngəzurun yeni həyata qaytarılması barədə danışarkən deyib: “Hazırda Azərbaycan müasir tarixin ən mürəkkəb və iddialı bərpa-yenidənqurma işlərindən birini həyata keçirir. Yenidənqurma prosesi mina­lardan təmizlənmə ilə başlayır. Kütləvi minalanma qarşımızda duran ən böyük çətinlikdir və bu, yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışı­nı ləngidir. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb”.

Burada onu da xatırlatmaq yerinə düşər ki, işğalçı 30 il ərzində torpaqlarımızı işğal altında saxla­maqla, istismar etməklə, təbii resurs­larımızı oğurlamaqla, kəndlərimizi, şəhərlərimizi dağıtmaqla bərabər, həm də əraziləri minalayıb. Bununla da, düşmən vəhşiliyini, faşist xislətini nümayiş etdirib.

Vətən müharibəsindən sonra azad edilən torpaqlarda tez-tez bədbəxt hadisələrin baş verməsi də, əsasən mənfur düşmənin işğaldan sonra bütün yaşayış sahələrinin, infrastrukturun, təmas xəttinə ya­xın olan ərazilərin, yolların, önəmli strateji yüksəkliklərin minalanması ilə əlaqədardır. Qəsbkarın savaşdan son­ra indiyədək bu cür təhlükəli zonaların xəritəsinin çox az bir hissəsini verməsi isə onun qəddarlığının bariz ifadəsidir.

Prezident İlham Əliyev nitqində Azərbaycanın azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirdiyini, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq etdi­yini diqqətə çatdırıb. Ölkə rəhbəri, eyni zamanda, keçmiş məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihənin Zəngilan rayonunun Ağalı kəndində reallaşdırıldığını, cari ilin may ayında bu kəndin ilk sakinlərinin doğma torpaqlarında məskunlaşmağa başladıqlarını, hazırda Ağalı “Ağıllı kənd”inin dünyanın ən müasir yaşa­yış məntəqələrindən biri olduğunu vurğulayıb.

Yeri gəlmişkən, xatırladaq ki, Prezident İlham Əliyevin “Böyüş qayıdış” strategiyasında başlıca prioritetlərindən biri də Qarabağ və Şərqi Zəngəzurda sosial şəraitin ən yüksək səviyyədə yaradılma­sıdır. Məqsəd keçmiş məcburi köçkünlərin bu ərazilərdə yaşayışı­nın mütərəqqi beynəlxalq təcrübəyə və innovativ yanaşmaya əsaslanan çevik mexanizmlər üzərində qu­rulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq prinsiplərinin reallaşdırılması istiqamətində ar­dıcıl tədbirlər həyata keçirilməsidir. Dövlətimizin başçısı ötən il mayın 3-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamaqla ölkəmizdə “yaşıl enerji” zonasının qurulmasına mühüm önəm verməsi də bunun bariz ifadəsidir.

“Yaşıl enerji” zonası layihəsinin Qa­rabağ və Şərqi Zəngəzurda reallaşdı­rılmasını potensial imkanlarla bərabər, digər amillər də şərtləndirir. Belə ki, bu gün dünyanın ən qabaqcıl texnologi­yaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlı­ğın təmin edilməsinə yönəldildiyindən, adları çəkilən iqtisadi rayonların bərpa-yenidənqurma məsələlərində də bu istiqamət əsas götürülür.

Qarabağ və Şərqi Zəngəzurda ar­tıq bir neçə su-elektrik stansiyası inşa edilərək, işə salınıb. Günəş, eləcə də külək stansiyalarının yaradılması ilə bağlı konkret planların da ardıcıllıqla həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb. Məsələn, bp şirkəti ilə imzalanmış icra müqaviləsinə əsasən, Cəbrayıl rayonunda 240 meqavat gücündə günəş-elektrik stansiyasının tikilməsi qərara alınıb.

Prezident İlham Əliyev Ümum­dünya Şəhər Forumunun sessiyasın­dakı çıxışında işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq layihələri barədə danışarkən, Füzuli şəhərində səkkiz aydan az bir müddətdə hava limanının inşa edildiyini, Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisinin aparıldığını da diqqətə çatdırıb. Dövlətimizin başçısı, həmçinin erməni faşizminin yer üzündən sildiyi bir sıra şəhərlərin Baş planlarının artıq hazır olduğunu, Şuşanın Baş planının isə bu mədəniyyət pay­taxtımızın möhtəşəm tarixi irsinin qorunması üzərində qurulduğunu vurğulayıb. Ölkə rəhbəri daha sonra deyib: “Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda biz on minlərlə sakin üçün nəzərdə tutul­muş tamamilə yeni şəhər inşa edirik. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır”.

Xatırladaq ki, Ağdam Sənaye Parkı Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdı­rılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda xidmət sahələrinin, soyuducu kamera­ların və s. təşkili müəyyənləşdirilən və 190 hektar ərazini əhatə edən sənaye parkında quruculuq işləri indiyədək mərhələli şəkildə həyata keçirilib.

Burada ilk olaraq parkın ərazisinin minalardan və hərbi sursatlardan təmizlənməsi işlərinə başlanılıb və 70 hektardan çox ərazi mina və hərbi sursatlardan təmizlənib. İşçilərin rahatlığının təmin edilməsi məqsədilə artıq mobil tipli şəhərcik salınıb, rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağa­za, aptek və yeməkxana yaradılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri aparılıb. Sənaye Parkının ərazisində tikinti aparılacaq sahənin su ilə təmin edilməsi məqsədilə 350 metr dərinliyində subartezian quyusu qazılıb. Eyni zamanda, əraziyə 10 kV-luq elektrik xətti çəkilib və 630 kV-luq komplekt transformator məntəqəsi quraşdırılıb. Yeri gəlmişkən, işğal­dan azad olunduqdan sonra Ağdam şəhərində ilk elektrik enerjisi və su təchizatı sistemi məhz Ağdam Sənaye Parkının ərazisində quraşdırılıb. Parkın işıqlandırılmasında Günəş enerjisindən qidalanan “Made in Azer­baijan” brendli panellərdən istifadə edilməsi qərara alınıb.

Dövlətimizin başçısı çıxışında düşməndən təmizlənən torpaqla­rın yenidənqurulması prosesində əsas məqsədin keyfiyyət və sürəti birləşdirmək olduğunu, bu zaman ətraf mühitin qorunmasına prioritet istiqamət kimi yanaşıldığını, bir sözlə, Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun inklüziv, təhlükəsiz, dözümlü və da­yanıqlı yaşayış sahələrinin inşasının mühüm vəzifə kimi qarşıya qoyuldu­ğunu bildirib.

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin yenicə yekunlaşan Şuşa konfransında da bu barədə ətraflı danışılıb. Natiqlər tərəfindən Qarabağ­da aparılan nəhəng quruculuq işləri Azərbaycan dövlətinin siyasi iradəsinin və xalqın ruh yüksəkliyinin göstəricisi kimi dəyərləndirilib, respublikamızın cəmi bir neçə ayda miqyası çox böyük olan işlər gördüyü diqqətə çatdırılıb.

Konfransdakı çıxışlarda işğaldan azad olunmuş ərazilərdə həyatın yenidən dirçəldilməsinin və insanların doğma torpaqlarına qaytarılmasının Azərbaycan dövlətinin qarşıya qoy­duğu əsas vəzifələrdən biri, həmçinin ölkəmizin bütün bu işləri öz gücünə görməyə qadir olan güclü dövlət oldu­ğu vurğulanıb.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 

5 İyul 2022 09:00 - SİYASƏT
SİYASƏT
10 Avqust 2022 | 07:00
Heç kəs yaddan çıxmır

Köhnə versiyamızdan xəbərləri izlə