Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

SİMA ilə əmək müqaviləsi bildirişlərini və pensiya təminatını izləmək mümkün oldu

Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində yaradılan “e-sosial” portalında əmək müqaviləsi bildirişlərini və pensiya təminatını SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə artıq daha rahat izləyə biləcəklər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən "Xalq qəzeti”nə verilən məlumata görə, portalda hər bir vətəndaş haqqında Mərkəzləşdirilmiş elektron informasiya sistemindən götürülən məlumatlar yerləşdirilir. Sosial müdafiə hüquqları barədə bütün məlumatları buradan əldə etmək mümkündür.

SİMA-nın “ASAN Login” Vahid Giriş Sisteminə inteqrasiyası vətəndaşlara “e-sosial” portalına daxil olaraq öz əmək müqaviləsi bildirişlərini, ərizə və müraciətlər, pensiya təminatı, müavinət, ünvanlı sosial yardım, fərdi kapital, avtomobil, mənzil növbəsi və s. haqqında məlumatları izləmək imkanı verir.

Ümumiyyətlə, SİMA vasitəsilə imza tələb olunan bütün elektron xidmətlərdən yararlanmaq mümkündür. SİMA-nın tətbiqi ilə elektron imza əldə etmək üçün xidmət ofislərindən asılılığa son qoyulur. Bununla da ölkənin istənilən nöqtəsində yaşayan və internetə çıxış imkanı olan hər bir şəxs olduğu yerdən elektron dövlət xidmətlərindən yararlana biləcək. Bu imkan vətəndaş məmnuniyyətinin yüksəldilməsinə, fərdlərin rəqəmsal hökumət konseptindəki rolunun daha da aktivləşməsinə səbəb olacaq.

Tamamilə ödənişsiz olan rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Mobil tətbiqlə işləyən imzanın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda sənəd imzalama imkanı qazandırır.

Rəqəmsal xidmətlərə əlçatanlığı artıran SİMA-nın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir. SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı sima.az saytından və “157” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.

4 İyul 2022 17:52 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə