Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Osaka EXPO-2025” çərçivəsində Yaponiya ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

“Osaka EXPO-2025” çərçivəsində Yaponiya ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Bu barədə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə “TET International Development Co. Ltd.” şirkətinin prezidenti Taro Savada məlumat verib. Qeyd edib ki, görüşdə Osaka Konqreslər və Turizm Bürosunun sədri Hiroşi Mizohata, “Osaka EXPO-2025”-in icraiyyə komitəsinin baş meneceri Yoşikazu Tanaka, Yaponiyanın tanınmış “JTB” turizm şirkətinin baş meneceri Takaşi Kavazava və digər rəsmi şəxslər iştirak ediblər.

Azərbaycanda əsasən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “TET International Development Co.Ltd.” şirkətinin rəhbəri T.Savada Azərbaycanla Yaponiya arasında sıx dostluq əlaqələrinin formalaşdığını, turizm sahəsində də əməkdaşlığın inkişaf etdiyini qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyevin güclü liderliyi ilə ölkəmizin böyük uğurlar qazanması barədə məlumat verib. Bildirib ki, rəhbərlik etdiyi şirkət Yaponiyada, həmçinin Azərbaycanın orqanik məhsullarının satışı, bu məqsədlə təşkil edilən sərgilər, iki ölkə arasında mədəniyyət və təhsil sahəsində layihələrdə də fəal iştirak edir. Bununla yanaşı, şirkətin yapon investorlarının Azərbaycan iqtisadiyyatına sərmayələr yatırması ilə bağlı təqdimatlar keçirdiyi, xüsusən işğaldan azad edilən Qarabağ regionuna investisiyalar yatırılması məqsədilə iki ölkə arasında işgüzar əlaqələrin inkişafına çalışdığını qeyd edib.

Azərbaycanın “Osaka EXPO-2025” sərgisində iştirakı ilə bağlı qarşı tərəfə aşağıdakı bəndlərdən ibarət təkliflər paketi - iki ölkə arasında turizm sahəsində əməkdaşlığın inkişafı məqsədilə 2022-ci ilin oktyabrında xüsusi müqavilənin imzalanması, mədəniyyət sahəsində mübadilənin təşkili üçün 2023-cü ildə Osakada Azərbaycan rəssamlarının fərdi sərgisinin təşkili və Osaka şəhərinin mədəniyyətinin Azərbaycanda təşviqi, turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə 2023-cü ildə Bakı marafonunda 1000 yapon idmançının iştirakının təmin olunması, 2024-cü ildə Osaka şəhərində Azərbaycan məhsullarının təqdim edildiyi mağazanın və restoranın açılışı, təhsil sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədilə iki ölkənin universitetləri arasında mübadilənin təşkilinə dəstək göstərilməsi, kənd təsərrüfatının inkişafına dəstək məqsədilə Yaponiyanın yüksək texnologiyalarının Azərbaycanda tətbiqinə dəstək verilməsi, idman sahəsində əməkdaşlıq, xüsusən cüdo, güləş və futbol üzrə təlim-məşq toplantılarının və yarışların təşkili, Yaponiya animasiya sənətinin Azərbaycanda təbliği, Azərbaycanın emal olunmuş ərzaq məhsullarının Kansay regionunda yayılmasına dəstək, Azərbaycandan və digər islam ölkələrindən gələn turistlər üçün mövcud sistemin təkmilləşdirilməsi, 2025-ci ilədək iki ölkə arasında birbaşa sərnişin aviareyslərinin təşkilinə nail olunması - təqdim edilib

Osaka Konqreslər və Turizm Bürosunun sədri Hiroşi Mizohata “Osaka EXPO-2025” sərgisinə göstərilən böyük marağa görə Azərbaycana minnətdarlığını bildirib və qarşılıqlı işgüzar və mədəni əlaqələrin hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib. O, bu əməkdaşlığın inkişafı məqsədilə 2022-ci ilin oktyabrında Azərbaycana səfərə hazırlaşdığını qeyd edib.

“Osaka EXPO-2025”-in icraiyyə komitəsinin baş meneceri Yoşikazu Tanaka Azərbaycana sərgiyə göstərdiyi böyük marağa görə minnətdar olduğunu deyib. Qeyd edib ki, Yaponiya tərəfi Azərbaycandan gələcək ziyarətçilərin sayının artmasını səbirsizliklə gözləyir və bu, iki ölkə arasında dostluq münasibətlərinin inkişafına öz töhfəsini verəcək.

Yaponiyanın ən böyük turizm agentliyi olan “JTB” şirkətinin baş meneceri Takaşi Kavazava isə qeyd edib ki, Qafqaz regionunun ən cəlbedici ölkəsi olan Azərbaycana səyahət edənlərin sayının artması biznes trafikinin təşviqini tələb edir. Bundan sonra yaponlar Azərbaycana böyük maraq göstərəcək və bu ölkəyə qrup turu kimi səfər etməyi seçəcəklər. Bu, o qədər də uzaqda deyil.

Görüşdə 2025-ci ilə qədər iki ölkə arasında turizmi inkişaf etdirmək məqsədilə müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub.

 
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

4 İyul 2022 09:16 - SİYASƏT
SİYASƏT
17 Avqust 2022 | 00:58
Lider qətiyyəti

Köhnə versiyamızdan xəbərləri izlə