Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zamanın çağırışı belədir: Zəngəzur dəhlizi açılmalıdır!

2020-ci ilin payızında Azərbaycan xalqının işğalçı Ermənistan üzərində parlaq qələbəsindən sonra Cənubi Qafqazda yeni reallıqlar yarandı. Məhz bu reallıqlar nəzərə alınaraq, Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri Üçtərəfli Bəyanat imzaladılar. Bugünkü mövzumuz bu mühüm sənədin 9-cu maddəsi ilə bağlıdır. Belə ki, həmin bəyanata uyğun olaraq, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunmalıdır.

Bu nəqliyyat layihələri arasında region üçün ən böyük əhəmiyyət kəsb edəni Zəngəzur dəhlizidir. Bu dəhliz Naxçıvan Muxtar Respublika­sı ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat layihəsidir. Bu layihənin həyata keçirilməsi bölgəyə sülh, sabitlik, inkişaf və tərəqqi gətirəcək. Sivil dünya da bunun fərqindədir və Zəngəzur dəhlizinin mümkün qədər tez açılaraq fəaliyyət göstərməsi üçün dəstəyini əsirgəmir.

Hər birimiz yaxşı xatırlayı­rıq ki, 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə respub­likalarının prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Şuşa Bəyannaməsi”nin im­zalanma mərasimindən sonra mətbuata birgə bəyanatlarla çıxış ediblər. Dövlətimizin başçısı deyib: “Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra ya­ranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomo­bil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz bəyanatında Azərbaycanın Zəngəzur dəhlizi layihəsini çox əhəmiyyətli hesab edərək, onu dəstəkləyib. Qar­daş ölkənin rəhbəri sözügedən layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq dəhliz açılacağını, bunun çox böyük əhəmiyyət kəsb edəcəyini bil­dirib. “Şuşa Bəyannaməsi”ndə Zəngəzur dəhlizinin davamı kimi Naxçıvan–Qars dəmir yolunun tikintisinin də Azərbaycanla Türkiyə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyi öz ifadəsini tapıb.

Ümumiyyətlə, Zəngəzur dəhlizi layihəsi təkcə Naxçıvan­la Azərbaycanın digər bölgələri arasında nəqliyyat imkanlarının açılmasına deyil, bütövlükdə Xəzər və Aralıq dənizi hövzələrinin, daha geniş mənada isə Cənub-Şərqi və Mərkəzi Asiya ilə Avropanın əlaqələndirilməsinə müsbət təsir göstərəcək.

Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazdan keçən marşrut­lar sisteminin fəaliyyətini daha da canlandıracaq. Dəhliz, həmçinin Azərbaycan və İran Culfası arasında dəmiryol xəttinin açılışına və İranın dəmir yollarına çıxış əldə etməyə imkan verəcək. Bununla bərabər, Zəngəzur dəhlizi təkcə dəmir yol­ları deyil, həm də avtomobil yolları sisteminə malik olacaq. Deməli, bu dəhlizin yaradılması həm də avto­mobil əlaqəsinin açılmasına imkan yaradacaq.

Hazırda Türkiyədən yüklər Azərbaycana Gürcüstan və İran vasitəsilə tranzit yolu ilə çatdırılır. Bu maşrutun yaradılması Türkiyədən Azərbaycana və əks istiqamətdə malların birbaşa tədarükünü asanlaşdıracaq. Beləliklə, daha bir kommunikasiya xətti türk dünyası coğrafiyasında, eləcə də Asiya və Avropa arasında əlaqələrin daha sürətli və asan olmasına şərait yaradacaq.

Göründüyü kimi, artıq bölgədə yeni nəqliyyat və infrastruktur xəritəsi formalaşmasına başlanı­lıb. Təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən indiyədək Asiya və Avropanı birləşdirən yüksək əhəmiyyətli nəqliyyat dəhlizləri yaradıb. Məhz ölkəmizin təşəbbüsü ilə reallaşdırılan Şimal-Cənub, Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizləri qitələrarası daşınmaların həyata keçirilməsini gerçəkləşdirib. Bu nəqliyyat dəhlizləri istifadəyə verildiyi vaxt­dan tarixi İpək yolunun bərpasında mühüm önəm daşıyıb.

Bütün bunlar onu deməyə əsas verir ki, Zəngəzur dəhlizinin real­laşması və ölkəmizin təqdim etdiyi digər tranzit nəqliyyat dəhlizləri dün­yanın nəqliyyat xəritəsini yenidən formalaşdıracaq. Başqa sözlə, yeni yaranacaq nəqliyyat infrastrukturu beynəlxalq status qazanmaqla, Asiya və Sakit okean hövzəsi ölkələrinin də istifadə edə biləcəyi marşuruta çevriləcək.

Milli Məclisin deputatı Vüqar İskəndərov hesab edir ki, Zəngəzur dəhlizinin açılması ölkəmiz üçün yeni fürsətlər ortaya çıxaracaq. Eyni zamanda, Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də dəmir yolu ilə birləşəcək. Bundan baş­qa, Azərbaycan tələb edir ki, Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzur ərazisində, Meh­ri bölgəsində avtomobil yolu da çəkilsin. Çünki Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm də avtomobil yolu olmalıdır.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Vasif Hüseynov isə vurğuladı ki, Zəngəzur dəhlizi digər region ölkələri, Ermənistan, Rusiya və İran üçün də əlavə imkanlar yaradır. O bu barədə fikirlərinin inkişaf etdirərək sonra bunları dedi: “Ermənistan Azərbaycan ərazisi vasitəsilə həm Rusiyaya, həm də İrana daha stabil çıxış imkanı əldə edir. Bu şəraitin yaradılması bölgədə ölkələr arasın­da əlaqələrin intensivləşməsinə və əməkdaşlıq mühitinin yaradılmasına imkan verir. Bunun nəticəsidir ki, müharibədən sonra təklif olu­nan “3+3” formatında regional əməkdaşlıq platformasının potensi­alı yüksək qiymətləndirilir. Zəngəzur dəhlizi bu format üçün nüvə rolunu oynayır. Bölgədəki ölkələri coğrafi olaraq birləşdirən bu dəhliz onlar arasında siyasi yaxınlaşma üçün yeni imkan pəncərəsi açır”.

Zəngəzur dəhlizinin açılmasında maraqlı tərəflərdən biri də Avropa İttifaqıdır. Məlumdur ki, bu il ma­yın 22-də Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında görüş keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il mayın 23-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək bu görüş barədə ona məlumat verib.

Prezident İlham Əliyev görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazır­lanması, bu xüsusda Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan beş prinsipin təqdim olunması, iki ölkə arasında münasibətlərin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılma­sı, sərhədlərin delimitasiyası ilə bağlı müzakirə olunan məsələlərə toxunub. Azərbaycan Prezidenti üçtərəfli görüşün nəticəsini müsbət qiymətləndirdiyini bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçtərəfli görüş barədə verilən məlumata görə minnətdarlığını ifadə edib və bu görüşdə əldə olunan müsbət nəticələri yüksək qiymətləndirib. Azərbaycan və Türkiyə prezidentləri bölgədə sülhün tezliklə əldə edilməsinin önəmini vurğulayıblar.

Rusiya hökuməti də Üçtərəfli Bəyanatın bütün müddəalarının, o cümlədən 9-cu maddənin icra olunmasının lehinə çıxış edir. Bu günlərdə bu ölkənin nüfuzlu “İzves­tiya” qəzetində Zəngəzur dəhlizinin açılmasının əhəmiyyəti barədə analitik məqalə dərc edilib. Yazıda qeyd olunur ki, Rusiya hökuməti Ermənistan və Azərbaycana Zəngəzur magistral yolunun razılaş­dırılmasına kömək edib. Nəşr bunu yüksək vəzifəli mənbəyə istinadən yayımlayıb.

“Azərbaycan və Ermənistan hələ ötən ilin payızında Naxçıvana dəmir yolu dəhlizi barədə razı­lığa gəliblər. İrəvanda magistral yolda uzun fasilə verdik. Lakin baş nazir müavinlərinin iyunun 3-də keçirilən son iclasında 6 kilometrlik çatışmayan hissə istisna olmaqla, gələcək yolun marşrutunu razı­laşdıra bildilər. Orada dağlar var və Rusiyanın “Avtodor” şirkəti ora mütəxəssislər göndərir ki, sadə mühəndis həllini tapsınlar”, – deyə mənbə izah edib.

Təssüf ki, Ermənistandakı bir çox revanşist qüvvələr Zəngəzur dəhlizinin reallaşması əleyhinə çıxış edirlər. Onlar qəsdən, bilərəkdən yenidən ölkəni uçuru­ma, məhvə sürükləmək istəyirlər. Revanşist qüvvələrin niyyətləri bəllidir. Onlar nəyin bahasına olursa-olsun, yenidən hakimiyyətə gələrək ölkəni və xalqı talan etmək arzusundadırlar.

Burada təəssüf doğuran həm də hazırkı Ermənistan iqtidarının bu məsələ ilə bağlı tez-tez mövqeyini dəyişməsi, heç bir əsası olmayan populist fikirlər səsləndirməsi, bütövlükdə, sülhün və sabitliyin bərqərar olunmasına zərər vurması­dır. Bütün bunlar isə bir daha rəsmi İrəvanın səbatsız, prinsipsiz siyasət yürütdüyünü nümayiş etdirir.

Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Ermənistan istəsə də, istəməsə də, biz Zəngəzur dəhlizini açacağıq, yəni Naxçıvan­la Azərbaycan arasında nəqliyyat əlaqəsi mütləq qurulacaq. Bəli, Zəngəzur dəhlizi açılmalıdır, Bu, əlahəzrət Zamanın çağırışı və tələbidir!

Məsaim ABDULLAYEV,

“Xalq qəzeti”

 

3 İyul 2022 02:18 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə